Modern.az

Məktəbliləri pambıq tarlalarında işlətmək doğrudur? – Zəhərlənməyə daha bir REAKSİYA

Məktəbliləri pambıq tarlalarında işlətmək doğrudur? – Zəhərlənməyə daha bir REAKSİYA

21 İyun 2018, 11:30

Yevlax rayonunda yerləşən pambıq sahələrində zəhərlənənlər arasında uşaqlar da var. Belə ki, uşaqlardan 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedib.

 

Hazırda zərərçəkmiş uşaqlar valideynləri ilə birgə həkim nəzarəti altındadır. Uşaqların ad və soyadları da bəllidir:

 

Qasımov Zəlimxan (2000)

Həziyev Rəşad (2001)

Allahverdiyev Amil (2005)

Sarıyev Ayxan (2002)

Hüseynli Ayxan (2004)

Vəliyev Hüseyn (2002)

Qasımov Samir (2003)

Hüseynli Munis (2003)

Əlizadə Ülvi (2001)

Ağakişiyeva Aysel (2004)

Maraqlıdır, məktəb yaşlı uşaqların əməyə cəlb edilməsi qanunla necə tənzimlənir?

 

Bu cür hallarda məsuliyyəti kim daşıyır?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında deyib ki, məktəblilərin pambıq əməyinə cəlb edilməsi halları dərs prosesinin bitmədiyi vaxtda da olub.

“Hazırda pambıq mövsümü deyil. Sadəcə, pambığın əkilməsi üçün tarlada işçilər çalışır. Bu proses tədris ili davam edəndə də vardı. Deməli o uşaqlar məktəbdə deyil, pambıq sahələrində işləməyə gediblər. Onu da qeyd edim ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşından aşağı heç kim əmək prosesinə cəlb oluna bilməz”

 

Ekspert bildirib ki, bu cür halların qarşısının alınması üçün müəyyən yollar olmalıdır.

 

““Təhsil haqqında” qanunun tələblərinə görə tətil müddətində şagirdlərin asudə vaxtlarının səmərəli istifadə edilməsi üçün məktəb şərait yaratmalıdır. Sinif rəhbəri, məktəb direktoru daima şagirdin yay aylarında harda və nə işlə məşğul olması ilə bağlı mütəmadi monitorinq aparmalı, məktəbdə oxuyan  şagirdləri nəzarətdə saxlamalıdır.

Bu gün şagirdin təhsil müəssisələrindən ayrıldıqdan sonra fəaliyyətini izləmək təcrübəsi demək olar ki, yaddan çıxıb”.

 

Təhsil Nazirliyindən isə məsələyə hər hansı cavab verilməyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?