Modern.az

Milli Ordunun qurulmasında iştirak etmiş döyüşçü: “Hələ ki namusumuz yad əllərdədir...”  

Milli Ordunun qurulmasında iştirak etmiş döyüşçü: “Hələ ki namusumuz yad əllərdədir...”   

21 İyun 2018, 14:26

Bir neçə gündən sonra  Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq.

1918-ci ildə yaradılan Azərbaycan Ordusu ikinci dəfə 1991-ci ildə qurulub.

Modern.az saytı ordu gününə qədər silsilə yazılara davam edir.

1991-ci ildə qurulan Milli Ordu üzvləri arasında keçmiş döyüşçü Kamil Şirinov da olub. Hazırda o, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin birinci müavini vəzifəsində çalışır.

Kamil Şirinov Milli Ordu qurulan vaxt tələbə olubr.

“Hərbi formamız yox idi”

“1991-ci ilin 9 oktyabrında Ali Sovet Ordunun yaradılması ilə bağlı qərar verdi. O vaxta qədər isə Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında özünümüdafiə dəstələri vardı. İnsanlar bir-birinə dəstək olurdular. Müstəqilliyimizi əldə edən vaxtlarda tələbə idim. İstehsalatda çalışırdım.  O vaxta qədər xalqımız  böyük siyasi hadisələrin şahidi olmuşdu. Biz gənclər həmin vaxtlar hərbi komissarlığa gedib dedik ki, “Ordu yaranır, bizi də qəbul edin”. 1991-ci ilin 11 noyabrında Şıxova getdik. Orada çoxlu igid oğullarımız vardı. Biz orada cəmləşəndə hərbi formamız, silah-sursatımız yox idi”.

“Elə hisslər var ki, onu ifadə etmək çətindir”

Kamil Şirinov  bugünkü Ordunun uğurlarından danışıb:

“Amma bu gün Ordumuz öz sözünü Ermənistanla sərhəddə deyir. Biz Ordunu yaradanda çox sevincli idik. Milli Ordunu qurmağın məsuliyyətini düşünürdük. Nəhayət, bunu etdik. Bu sevinci sözlə ifadə etmək çətindir. Elə hisslər var ki, onu yaşamadan danışmaq çətindir. Biz Milli Ordunu quranda ömürlük xoşbəxt olacağımızı bilirdik. Şükürlər olsun ki, 27 ildir müstəqilik. Amma 1918-ci ildə qurulan AXC cəmi 23 ay yaşadı. O dövrdə insanlar ağıllı olsa da, dövlətçiliyin nə demək olduğu onlara çatmırdı. Bu gün isə düşüncə və yanaşma fərqlidir”.

“Həmin insanlara orden verilməliydi”

Keçmiş döyüşçü Ordunun 100 illiyi ərəfəsində təltiflərlə bağlı təkliflərdən də danışıb:

“İşğal altında olan torpaqlarımızı azad edəndən sonra qəhrəmanlıqdan daha geniş formada danışa bilərik. Təbii, bu gün igidlik göstərən, şəhid olan qəhrəmanlarımız var. Onların qarşısında baş əyirik. Hələ ki namusumuz yad əllərdədir. Nə vaxt ki, namusumuzu düşmən tapdağından xilas edərik, o zaman kimə nə ad verərlər, artıq öz işləridir. İnsan üçün ən şərəfli ad onun torpağının azad olunması, müstəqil yaşaması, sərhədinin müəyyən olunmasıdır. Mən belə düşünürəm. Bəzən deyirlər ki, Ordumuzun 100 illiyi ilə bağlı medal verilməlidir. Bir məqamı qeyd edim:  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan ilk hərbi birləşmə - 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində keçmiş sovet ordusuna məxsus 18110 saylı hərbi hissənin əsasında yaradılıb və Qarabağda döyüşlərə başlayıb. Sonralar müdafiə nazirinin əmri ilə 18110 saylı hərbi hissə 701 saylı briqada adlandırılıb.

Həmin briqadaların şəhidləri, qəhrəmanları, əsirlikdə olanları var. Bu gün dövlət həmin şəhid olmuş oğulların övladlarına orden verməlidir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?