Modern.az

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Ölkə

21 İyun 2018, 23:06

Bu gün “Yeni Müsavat” qəzetinin Facebook səhifəsi üzərindən gerçəkləşdirdiyi canlı yayımın qonağı millət vəkili Çingiz Qənizadə olub. Modern.az Musavat.com-a istinadən xəbər verir ki, İmişlidən millət vəkili seçilən Ç.Qənizadə sözügedən bölgədəki pambıq zəhərlənməsi ilə bir neçə gün sözügedən rayonda, seçicilərinin yanında olub və apardığı araşdırmalar barədə məlumatlar verib.

 

Ç.Qənizadə öncə bildirib ki, hadisə təəssüf və acı doğurur. Amma bu hadisələr zamanı ölüm hallarının baş verməməsi şükr edəcəyimiz məqamlardandır: “Hər dörd rayonda artıq ümumi zəhərlənmələrə görə müraciət edənlərin sayı 200 nəfərə yaxındır. İmişli xəstəxanasında olarkən ora Azərbaycan hökuməti tərəfindən dərhal reaksiya verilməsinin şahidi oldum. Fövqəladə Hallar, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri, baş prokurorun birinci müavini Rüstəm Uusbov xəstəxanada idi. İnsanlardan izahat alınırdı, torpaq və bitkilərdən nümumələr götürüldü. Çox böyük qruplar çalışırdı. Reanimasiyada olan xəstələrlə söhbət zamanı bəzi məqamları aydınlaşdırmağa çalışdım. Ümid edirəm ki, yaxın bir neçə gündə əkin sahəsindən götürülən nümunələrin rəsmi cavabları olacaq. Baş prokurorluq tərəfindən yaxın günlərdə açıqlama olacaq. İstintaq və laboratoriya işinin nəticələrinə təsir göstərməmək üçün detalları deməyə ehtiyac görmürəm”.

 

Millət vəkili bildirdi ki, ilkin versiya əkin sahəsində ziyanvericilərə qarşı istifadə olunan kimyəvi preparatlardan insanların zəhərlənməsi ilə bağlıdır. Amma o, bununla paralel ortada iki iddia olduğunu da dedi: “Birinci iddia odur ki, əkin sahələrində bu preparatlardan istifadə olunub, insanlar bu sahələrə giriblər. O preparatların üzərində yazılıb ki, onların istifadəsindən sonrakı 24 saat ərzində həmin əraziyə canlıların girişi qadağandır. Bunu tətbiq edən MTK deyilən qurum iddia edir ki, bunu həmin əraziyə yox, qonşu əraziyə tətbiq etmişik. Hətta qonşu sahədən belə zəhərlənmə varsa, bu preparatın özünün  şübhə altına alınması məsələsini gündəmə gətirməliyik. Mən hüquqşünas olaraq, soruşuram: ola bilərmi ki, bu preparatları Azərbaycana gətirən inhisarçı təşkilatlar tenderlərdə qalib gəlmək üçün istehsal müəssisələri ilə cinayət əlaqəsinə girərək, onun maya dəyərini aşağı salınması üçün ora başqa tərkibli maddələrin vurulmasını təmin etsinlər? Bu, mümkündürmü? Yəqin ki, zavodun nümayəndələri Azərbaycana dəvət olunacaq. Bu dərmanların onlara aid olub-olmaması, patent və ya üçüncü şəxslərə aid olması məsələsi aydınlıq qazanmalıdır”.

 

Müsahibimiz dedi ki, gözü ilə gördüyü hər iki briqadanın işi ona bu məsələlərlə bağlı ilkin açıqlamanın yaxın günlərdə veriləcəyi ilə bağlı danışmağa əsas verir: “Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının həyatı təhlükə altında qalıb, insanlar zəhərlənməyə məruz qalıblar. Bu, hətta ölümlə nəticələnməsə də, insanların qanında nə dərəcədə, hansı müddətdə qalacağı şübhə doğurur. Bunların böyük əksəriyyəti ürəkbulanma və qusma ilə xəstəxanaya daxil olublar. Rəsmi qurumlar obyektiv istintaq və təhqiqat işləri aparmalıdır. Növbəti məkanda belə bir hadisənin baş verməməsi üçün opeartiv işlər aparılmalıdır. Mən orda olanda dedim ki, biz daha nəyi gözləyirik? Artıq dördüncü rayondur ki, belə hadisə baş verib. İnsanların sayı 100-200-300-ə çatacaq. Bunun qarşısını almaq üçün maarifləndirici işlər aparılmalıdır. Teleməkanlarda da, dövlət səviyyəsində də”.

 

Ç.Qənizadə, həmçinin, pambıq tarlasında uşaq əməyinin istismarı məsələsinə də toxundu. Xəstəxanada olarkən reanimasiyada 15 yaşlı uşaq gördüyünü deyən millət vəkili eyni zamanda Yevlaxda zəhərlənənlər arasında da bir neçə uşaq olduğunu vurğuladı: “Bu, uşaq əməyinin istismarıdır. Mən xahiş etdim ki, bu uşaqları ayrıca qeydiyyata alsınlar. İmişlidəki uşağın anası müdafiə etməyə çalışdı. Mən ona dedim ki, ay ana, mən sizin tərəfinizdəyəm, sizin deputatınızam. Amma sizin 15 yaşlı uşağınız tarlada işləyir. Bəlkə ehtiyacınız var? Nə qədər ehtiyacınız olsa da, bu uşaq təhsildə olmalıdır, istirahət müddətində istirahət etməlidir. Onu o tarlaya buraxanlar da təkcə zərərli maddələrin yayılmasına görə yox, eyni zamanda o uşaqların əməyinin istismarına görə cavab verməlidir”.

 

Millət vəkili söhbət zamanı yaşanmış pambıq zəhərlənməsi situasiyasından sui-istifadə hallarına cəhd edənlərin də olduğunu vurğuladı. Onun sözlərinə görə, zəhərlənən insanlara kompensasiya verilməsi ilə bağlı yayılan informasiyalar xoşagəlməz halların yaşanmasına səbəb olur: “Bunu eşidənlərin bəziləri öz ailə üzvlərini götürüb, gəlirlər. Məcbur edirlər ki, qeydiyyata alınsınlar. Burda başqa çalarlar var. Hiss edirəm ki, onlar gələcəkdə nəsə əldə etmək üçün bu durumdan sui-istifadə etməyə çalışırlar. Kompensasiya verilib-verilməyəcəyi məsələsi barədə heç nə deyə bilmərəm. Onlarla əmək müqaviləsi bağlanıb, müqavilənin şərtləri ilə tanış deyiləm. Hər zaman tərəfdarı olmuşam, hər zaman bu sahədə bağlanan müqavilə notarial qaydada təsdiqlənməlidir. Prokurorluq tərəfindən araşdırılacaq ki, bu müqavilələr hansı formada, necə bağlanıb”.

 

Dərman maddələrini ölkəyə müəyyən şirkətlərin gətirdiyini deyən Ç.Qənizadə onların eks nazir Heydər Əsədovun, yoxsa yeni nazir İnam Kərimovun vaxtında gətirilməsi barədə məlumatsız olduğunu vurğuladı: “Amma bütün hallarda tender vasitəsilə ölkəyə gətirilib. Tenderdə də ən aşağı qiyməti təklif edən qalib gəlir. Ola bilər ki, gələcəkdə o maddələrin tərkibinin dəyişdirilməsi ilə bağlı məqamlar ortaya çıxacaq. Hansısa cinayətkar anlaşma ilə onun tərkibi dəyişdirilə bilər. Bu, bir ehtimaldır, yoxlanılmalıdır. Mən uşaq vaxtı xatırlayıram ki, pambıq yığılandan sonra insanlar mal-qarasını o sahəyə buraxırdı ki, qozaları yesin. İndi isə söhbət etdiyim aqronomlar deyirlər ki, son illərdəki dərmanlardan sonra mal-heyvanı da ora salanda yeməkdən imtina edirlər. Bu preparatlar bəlkə bizim torpağın münbitliyini də məhv edir? Çox məhsul yığılması ilə kimsə öyünə bilər. Amma bəlkə bu, torpağın keyfiyyətinə mənfi təsir göstərir? Uşaq vaxtı xatırlayıram ki, o sahələr dərmanlanırdı, hətta evlərin üstünə bəzən dəyirdi o dərman. Amma zəhərlənmə olayı yox idi”.

 

Ç.Qənizadə araşdırmanın nəticələrindən asılı olmayaraq, insan faktorunun hər zaman ön planda olmasına diqqət çəkdi: “Azərbaycan vətəndaşları qul deyil. Onu qul kimi işlədib, dərmanlı sahələrə buraxıb, ordan gəlir əldə etmək ən azı Allahsızlıqdır. Məsuliyyət yaradan hallardır”.

 

İmişli dövlət xəstəxanası müdirinin işdən çıxarılması, Pambıq Zavodu rəhbərliyinin istintaqa cəlb olunması ilə bağlı mövqeyini açıqlayan millət vəkilinə görə, bəzən belə hallarda tələm-tələsik qərarlar olur, cəmiyyət də bunu qəbul etmir: “Xəstəxana işçilərinin bu hadisə ilə bağlılığını görmədim. Mən orda olduğum müddətdə də heç bir seçicim mənə xəstəxana ilə bağlı şikayət bildirmədi. Amma Pambıq Zavodunun direktoru fiziki şəxsdir. O, bilməli idi, hansı sahələr dərmanlana bilər, insanlar hansı ərazilərə, nə zaman buraxıla bilər. Məsuliyyətə cəlb oluna bilər”.

 

Müsahibimiz hesab edir ki, kimyəvi preparatların tərkibi tam müəyyənləşənə qədər onun istifadəsi tam yasaqlanmalıdır: “Onun istifadəsi mümkündürsə, istifadəsi zamanı təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilmə aparılmalıdır. Hansı dərmanlardan istifadə olunursa, bunu həmin rayonun kənd təsərrüfatı idarəsi bilməlidir. O əraziyə insanların buraxılmasının qarşısı alınmalıdır. Bu sahədə dərmanlanma, təhlıükəsizlik qaydalarına riayət olunması məsələsində narazılıq var. Eyni zamanda suvarmada da narazılıq var. Aqrar siyasətdə hansısa boşluqlar var. Bu boşluqlar tənzimlənməlidir”.

 

Ç.Qənizadə yaşanan son pambıq zəhərlənməsi olaylarının yeni kənd təsərrüfatı naziri İnam Kərimova qarşı kampaniya və təxribat olması ilə bağlı versiyanı qəbul etmədi: “Köhnə komanda öz hayındadır. Onların kifayət qədər neqativ məqamları üzə çıxır və araşdırmalar davam edir. Amma versiya kimi bunu da nəzarətdə saxlamaq olar. Burda savadsızlıq, məsuliyyətsizlik və cəzadan uzaq olacaqlarını zənn edib, belə addım atanlar var. İlk növbədə maddiyyat əldə etmək üçün insanlardan sui-istifadə etmək, onları lazımsız yerlərə salmaq, onlardan qul kimi istifadə etməkdən uzaq olmalıyıq. Çünki ən dəyərli varlıq insandır”.

 

Müsahibimiz sonda Azərbaycanda əkin sahələrinin durumunu da təhlil etdi, onun pambıq üçün nə dərəcədə yararlı olmasına toxundu: “Azərbaycanda əkin sahələrinin müəyyən hissəsi əkin üçün yararsız vəziyyətdədir. İkincisi, Azərbaycanda suvarma sistemi əkinə hazırlıqlı vəziyyətdə deyil. İnsanlar müəyyən yerlərdə əkin edirlər, suvara bilmirlər və ya məhsul çıxır, biçə bilmirlər. O baxımdan aqrar sahədə uğurlar əldə etmək üçün kompleks şəkildə yanaşma olmalıdır. Hansısa rayonda bu sahədə problemlər həll olunubsa, orda əkinçilik və pambıqçılıqla məşğul olmaq olar. Amma bütün rayonlarda bunu başlayıb, onu yarımçıq-yarımçıq etmək düzgün deyil. Mən Azərbaycanda pambıqçılığın inkişafında, onun Azərbaycan iqtisadiyyatına hansısa gəlir gətirəcəyində elə bir məqamlar görmürəm. Sovet dövründəki torpaqlar indi yoxdur. Şoranlaşıb, əkinə yararlı deyil. Belə olan halda əkməyə nə ehtiyac var? Torpağı münbitləşdirməliyik, onu əkinə yararlı etməli, daha sonrakı mərhələlərdəki problemləri həll etmək lazımdır. Bu gün əkirik, amma yığa bilmirik. Əkirik, sulaya bilmirik, əkirik, bitmir. İyun ayında pambıq əkilməsi doğru deyil. Tapşırıqları müticəsinə yerinə yetirmək cəhdi var. Amma demək lazımdır ki, filan yerdə alınmayacaq, xəbərdarlıq olunmalıdır. Ora qoyulan xərcin maya dəyəri yığılan məhsulun maya dəyərindən çox olur. Kor təbii yox, planlı şəkildə olmalıdır. Su, texnika, münbit şərait - bunlar hamısı həll olunandan sonra bu sahə ilə məşğul olmaq lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...