Modern.az

Deputatlardan “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə yüksək QİYMƏT: “Proseslərin çoxu mətbuata sızmır”

Deputatlardan “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə yüksək QİYMƏT: “Proseslərin çoxu mətbuata sızmır”

23 İyun 2018, 12:38

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası təşkil edib.

Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmələri üçün qeydiyyata alınıblar.

“Dövlətqaçqınkom”un ilk dəfə gerçəkləşdirdiyi bu təşəbbüsə Milli Məclisin deputatları da münasibət bildiriblər. Bu haqda Modern.az-a danışan millət vəkilləri bildiriblər:


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli:

“Əhalinin sosial rifahının daha da yüksəldilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasət  formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Sosial müdafiənin baş prinsipi isə məşğulluqdur. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim dövlət siyasətinin əsasında dayanıb. Bu gün qaçqın və məcburi köçkünlər üçün iş yerlərinin yaradılması daim sosial müdafiə siyasətində  prioritet olub. Ulu öndər Heydər Əliyev də bu siyasəti hər zaman ardıcıl həyata keçirib. O cümlədən cənab prezident İlham Əliyev bu qrup insanların işlə təmin olunmasına diqqət yetirib.

Son vaxtlar ölkəmizdə 2016-cı ilin 7 aprel tarixli prezident sərəncamı ilə Azərbaycanda özünüməşğulluq sistemi fəaliyyətə başlayıb, bunun üçün xüsusi vəsaitlər ayrılıb. Təbii ki, bu, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına, onların özünüməşğulluğunun təmin olunmasına mühüm dəstəkdir. Ona görə də məcburi köçkünlərin  işlə təmin olunması məsələsi önəmli haldır. Bu baxımdan “Dövlətqaçqınkom”un keçirdiyi əmək yarmarkasını yüksək qiymətləndirirəm”.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev:

“Ümumiyyətlə, “Dövlətqaçqınkom”un sədri, bizim çox dəyərli dostumuz Rövşən Rzayev yeni təyinat alandan sonra sanki bu quruma nəfəs  gəlib. Düzdür,  mən keçmiş rəhbərliyin fəaliyyətini neqativ qiymətləndirmək istəməzdim. Çünki Əli Həsənov da Azərbaycanın ziyalılarından biridir və böyük xidmətləri olub. Amma Rövşən Rzayev məhz Milli Məclisin yetirməsi olduğu üçün bizdə daha böyük bir fəxarət hissi yaranır ki, qurumda yeni islahatlar gedir, yeni mərhələ başlayır.

Bilirsiniz, məcburi köçkünlər və qaçqınlar  məsələsi Azərbaycanın ən yaralı, həssas yerlərindəndir. Əmək yarmarkası da yeni mərhələnin başlanğıc addımlarından biridir.  Bu baxımdan təşəbbüsü çox müsbət qarşılayıram.  Əslində “Dövlətqaçqınkom”da təkcə əmək yarmarkası deyil, həm də Rövşən Rzayevin rəhbərliyi ilə digər böyük işlər aparılır. İnanın, Rövşən müəllim o qədər təvazökardır ki, proseslərin çoxu mətbuata sızmır. Mən sizə bir fakt deyim: bu yaxınlarda mənə özəl kanalla video göndərdilər. Sonradan bildim ki, videodakı hadisə qaçqınlıq həyatı yaşanan bir evdə baş verib. Videoda evdə qaynana və gəlin arasında kəskin mübahisənin olduğu, hətta polisin belə məsələyə müdaxilə etdiyi görülür. İntihara cəhd videosu idi. Mən bir vətəndaş kimi pis oldum. Sonradan videonu göndərən özəl kanal məlumat verdi ki, Rövşən Rzayev dərhal bu məsələyə əl qoyub və gənc ailəyə komitənin birbaşa təşəbbüsü ilə ev verilib ki, ailə mübahisəsinə son qoyulsun. Təsəvvür edin, mediada yayımlanmayan bu cür xırda detallar var. Mən bu fəaliyyəti çox yüksək qiymətləndirirəm. Rövşən müəllimə uğurlar arzulayıram. Hesab edirəm ki, bu  proseslərin davamı da olacaq.

Amma arzumuz da bundan ibarətdir ki, torpaqlarımız geri qayıtsın, gələcəkdə  komitəyə ehtiyac olmasın. Məncə Rövşən müəllim elə bir insandır ki, Qarabağın qaytarılması münasibətilə hətta işsiz belə qalmağa razı olar. Yetər ki, Azərbaycan əraziləri işğal altında olmasın”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli:

“Mən bu təşəbbüsü yüksək qiymətləndirirəm və sevinirəm. Çünki mən “Dövlətqaçqınkom”un yeni sədrinə gənc, dünyanın ən yaxşı universitetini bitirmiş, Milli Məclisdə hüquqi savadı kifayət qədər olan, çox perspektivli şəxs kimi baxırdım. Bu baxımdan mühüm vəzifəyə gedib, bu cür təşəbbüskarlıqla məşğul olması sevindirici haldır. Yəqin ki, bu, tədbirlərin, təşəbbüslərin ilklərindəndir, davamı da olacaqə. Rəhbərin şəxsiyyəti də mühüm əhəmiyyət kəsb edir.

Digər tərəfdən, “Dövlətqaçqınkom”un keçirdiyi əmək yarmarkası qaçqınların, köçkünlərin həyatının yüngülləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, əmək bazarında özlərinə yer tapmaqları üçün  çox önəmlidir. Düşünürəm ki, bu yarmarkanın davamı gələcək. Minlərlə insan öz taleyini tapa biləcək, işlə təmin ediləcək, Azərbaycan cəmiyyətinə daha çox inteqrasiya olunacaqlar. Bu yolla ailə problemlərini, Qarabağ məsələsindən gələn iztirablarını azalda biləcəklər. Ona görə də yarmarkanın keçirilməsi təqdirəlayiq haldır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir