Modern.az

 “Ərdoğan prezident seçilməyə bilər” – Azərbaycandakı partiyalardan PROQNOZ

 “Ərdoğan prezident seçilməyə bilər” – Azərbaycandakı partiyalardan PROQNOZ

Aktual

23 İyun 2018, 16:01

Sabah Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq. Bu baxımdan  24 iyun  seçkiləri, o cümlədən namizədlərlə bağlı müxtəlif fikirlər səsləndirilir.

Maraqlıdır, Azərbaycandakı siyasi partiyaların sabahkı seçkilərdən gözləntiləri nələrdir?

 

Modern.az saytı bununla bağlı bir neçə partiyanın fikrini öyrənib.

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə:

 

“İlk növbədə türk xalqına özünün dövlətçilik tarixində növbəti dəfə uğurlar arzulayıram. Türk xalqı həmişə öz seçimini düzgün edib, hər zaman dünyada güclü, nüfuzlu Türkiyə uğrunda yolu seçib. Bu dəfə də elə olacaq. Və Türkiyə cəmiyyətində bu gün Azərbaycanla dostluğa çox güclü istək var. İstənilən hakimiyyət ilk növbədə cəmiyyətin, seçicinin bu istəyini nəzərə almalıdır və alır.

Sabahkı seçkilərlə bağlı ikinci turun olub-olmayacağını demək çətindir. Amma hesab edirəm ki, seçkilərdə indiki prezident Rəcəp Tayyip Ərdoğanın qalib gəlmə şansı çox yüksəkdir”.

 

Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu:

 

“Açığı, seçkini müşahidə etdikdən sonra ikinci tur təhlükəsinin olduğunu düşünürəm. Belə olan halda müxalifət  bir araya gəlsə, yəqin ki,  Türkiyədəki seçkilərin nəticələri fərqli olacaq. Amma AKP hakimiyyətdən getsə, Türkiyə yeni bir xaosa düşəcək.  Ümid edək ki, birinci turda Rəcəp Tayyip Ərdoğan  seçicilərin böyük əksəriyyətinin səsini qazansın və qalib gəlsin. Lakin Ərdoğanın prezident seçilməmək ehtimalı da var”.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

 

“Türkiyədəki seçki kampaniyasında namizədlərə geniş imkanlar yaradılır. Eyni zamanda  bu seçki kampaniyası dövründə Türkiyədə yeni bir siyasətçinin – Muharrem  İncənin  ortaya çıxması faktını gördük. O, əvvəllər Cümhuriyyət Xalq Partiyasında (CHP) önəmli yerlər tutsa da,  Türkiyə siyasətində onun bu qədər tanındığını bilmirdim. Amma  İncənin apardığı seçki kampaniyası həm praktiki, həm də cəlbedicilik baxımından Ərdoğanı üstələyib. Ona görə də seçki nəticələri haqqında yüzdə yüz proqnoz vermək xeyli çətindir. Amma Türkiyə  cəmiyyətinin dəyişiklik istədiyi  bəllidir. Seçkilər birinci turda yekunlaşa da bilər, ikinci tur da ola bilər. Bu seçki komissiyalarının işindən də asılıdır.

Mən Türkiyədə olan seçkilərə kölgə salmaq fikrindən uzaq olsam da, ötən referendumda  sonuncu gün Mərkəzi Seçki Komissiyasının verdiyi bəzi qərarların düzgün olmadığını düşünürəm. Nəticələrə təsir göstərə bilən hal oldu. Belə olmayacağı təqdirdə ikinci turun olması qaçınılmazdır”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov:

 

“Türkiyədəki seçkilər çox gərgin mübarizə şəraitində keçir. Hər halda istərdik ki, bu seçkilərdə  Türkiyə xalqının iradəsi öz əksini tapsın və  onların istədiyi namizəd qalib olsun. Türkiyə cəmiyyəti daha fəaldır, demokratik dəyərlərə hörmət edirlər. Lakin prezidentliyə seçkilər Ərdoğanla Muharrem İncənin rəqabəti şəraitində keçəcək. Onlar arasındakı fərq o qədər də çox deyildi.

Gözləntilər müxtəlifdir. İkinci turun olmasını proqnozlaşdıranlar, ilk turdan məsələnin yekunlaşacağını düşünənlər var. Mən hesab edirəm ki, Ərdoğan böyük fərqlə olmasa da, birinci turda öz qələbəsini təmin edə biləcək. Lakin parlament məsələsində bu, bir qədər fərqlidir. AKP-nin yerini itirəcəyini fikirləşirəm. Çünki artıq onun siyasətini bəyənməyən insanların sayı getdikcə çoxalır”.

 

Ümid Partiyasının sədri  İqbal Ağazadə:

 

“Muharrem İncənin ən azı ikinci tura keçməsini gözləyirəm. Hesab edirəm ki, ikinci tur çox açıq görünür. Amma birinci turda da Muharrem İncənin qalib gəlmək şansları böyükdür. Proqnozum belədir ki, seçkidə saxtakarlıq olmasa, Türkiyədə Ərdoğan erası bitməlidir. Parlament seçkilərində bu gün AKP favorit ola bilər. Amma  millət ittifaqı ilə cümhuriyyət ittifaqı arasındakı yarışmada səslər sonda  qruplar olaraq bərabər bölünə bilər. Seçkilərdə MHP-nin barajı aşmayacağını düşünürəm. Onun əvəzinə İyi Partiya, CHP, Xalqların Demokratik Partiyası ( HDP) parlament müxalifəti olacaq və  faktiki olaraq parlamentdə Hakim Ədalət və İnkişaf Partiyası (AKP)  müttəfiqsiz qalacaq”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri  Mirmahmud Mirəlioğlu:

 

“Türkiyədə sabahkı seçkilərdə qeyri-adi bir şey olmayacaq. Seçkilər son 10-12 ildə yürüdülən siyasətin nəticəsinə uyğun olacaq. Və hazırkı iqtidar hakimiyyətdə qalacaq. Düşünürəm ki, böyük ehtimalla ikinci tur olmaya bilər. Təbii ki, parlamentdə müxalifətin yeri olacaq. Cümhuriyyət ittifaqının birinci yerdə olması gözləniləndir. Ərdoğanın siyasətini o qədər də dəstəkləyən və bəyənən deyiləm. Düzdür, mənim dəstəkləməyimin bu məsələyə mənfi və ya müsbət təsiri yoxdur. Lakin Türkiyədə dövlətçilik hər zaman birinci yerdə olub. Bu gün dövlətçiliyi təmsil edən cümhuriyyət ittifaqıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır