Modern.az

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

24 İyun 2018, 14:50

Tehrandan Bakıya  dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə  lazımdır?

 

İranın İslam Respublikasının “Təsnim” agentliyi Azərbaycanla bağlı hesabat yayıb. “Bakı: anti-İran millətçiliyinin qızışdırılmasından Pəhləvi səltənətinin qalıqları ilə qucaqlaşmaya qədər” adlanan hesabatın hazırlanmasına formal səbəb ölkəmizin ABŞ-dakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vaşinqtonda təşkil etdiyi təntənəli ziyafətə keçmiş İran şahının hazırda Amerikada yaşayan oğlu Rza Pəhləvinin dəvət edilməsi olub.

 

Bildirilir ki, rəsmi Tehran hələ də İran taxt-tacına iddialı olan şəxsin Azərbaycan səfirliyinin tədbirinə dəvət almasına etiraz etməyib və bir növ, onu görməzlikdən gəlib. Lakin hesabatda iddia olunur ki, bu məsələni əhəmiyyətsiz saymaq İran tərəfinin növbəti dəfə Bakının hərəkətlərinə yanlış yanaşmasından xəbər verir.

Bu xüsusda qeyd edilir ki, sabiq vəliəhdin ziyafətə çağırılması İrana qarşı düşünülmüş addımdır və həmin addım sadəcə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun səhvi və ya şıltaqlığının nəticəsi deyil.

 

Daha sonra hesabatda Elin Süleymanov “ABŞ-dakı yəhudi təşkilatlarının aləti, sionist rejimin itaətkar nökəri” adlandırılır və bildirilir ki, onun işi-gücü Amerikadakı müxtəlif yəhudi təşkilatlarının Bakıya səfərlərini təşkil etmək və bu yolla “Azərbaycanda şiə kimliyini sıxışdırmaq, sionistlərə sərf edən multikulturalizm və tolerantlıq siyasətini həyata keçirməkdir”. Buna görə yazıda belə bir “şəksiz” nəticəyə gəlinir ki, Rza Pəhləvinin tədbirə dəvət olunması sionistlərin ABŞ-dakı Azərbaycan səfirinə birbaşa göstərişi əsasında baş tutub və İrana qarşı nümayişkaranə düşmənçilik siyasətinə xidmət edir.

Yazıda daha sonra iddia edilir ki, bu dəvətlə Bakı “sionist müşavirlərinin məsləhəti əsasında” həm İrana, həm də onun düşmənləri olan İsrail və ABŞ-a müəyyən mesaj vermək istəyib. Guya Azərbaycan özünün bu addımı ilə demək istəyir ki, İranda islam quruluşunun düşməni ilə açıq əməkdaşlıq edə bilmək həddində qüdrətə malikdir; həmçinin, ABŞ və İsrailin İrana qarşı addımlarında onlarla müttəfiq olacağını çatdırmaq niyyəti güdür. Bu isə, yazıda iddia edildiyinə görə, son illər İran hökumətinin qonşu dövlətin anti-İran addımlarına hədsiz dözüm nümayiş etdirməsinin nəticəsidir.

“Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycan Prezidenti Administrasiyasının sözçüsü Əli Həsənovun qeyri-rəsmi orqanı olan “Yeni Müsavat” qəzeti çəkinmədən yazıb: Bakının İrana hörmət qoyması dövrü keçib”, – deyə hesabatda bildirilir. Bu üzdən yazıda İran hökumətinin də Azərbaycana qarşı adekvat və nümayişkaranə addım atmasının zəruriliyi vurğulanır.

Hesabatda son dövrdə Azərbaycanın “anti-İran hərəkətlərinin qeyd olunan dəvətlə məhdudlaşmadığı” da bildirilir və daha bir neçə məsələyə diqqət çəkilir. Bunlarda birincisi Azərbaycan Yazıçılar Birliyinin Neftçala Rayon İcra Hakimiyyəti ilə birlikdə həmin rayonda təşkil etdiyi “Cənubi Azərbaycana salam” adlı ədəbi tədbirdir. Tədbir haqqında geniş məlumatla yanaşı, hesabatda o da vurğulanır ki, Azərbaycanda prezident seçkiləri ərəfəsində məhz bu rayonda müştərək avtomobil zavodunu işə salmaqla, İran hökuməti Azərbaycana jest edib, rəsmi Bakı isə bunun müqabilində zavodda istehsal olunan avtomobilə yəhudi bir xalqın adını – “Xəzər” adını verib.

 

 

İrandan gələn qəzetçilər “Yeni Müsavat”da

Digər bir “anti-İran addım” kimi hesabatda “GünAz TV”-nin rəhbəri Əhməd Obalının Bakıya səfəri və onun “Yeni Müsavat” qəzetinə geniş müsahibəsi barədə danışılır. Qeyd olunur ki, İran əleyhinə fəaliyyət göstərən bu televiziyanın Bakıda studiyası da var. Nəhayət, yazıda bu kimi “təxribat xarakterli” addımlarla yanaşı, İranın sayıqlığının zəifləməsi nəticəsində Azərbaycanın öz qonşusuna əsaslı təhlükəsizlik problemləri yaratdığından bəhs olunur. “Azərbaycan Respublikası əslində sionist rejimin hərbi bazasına və silah anbarına çevrilib, lakin siyasi səhlənkarlıq İranın təhlükəsizliyi üçün bu böyük təhlükəyə diqqət yetirilməsinə mane olub”, – deyə yazıda iddia olunur. Əlavə olunur ki, Azərbaycan “İsraildən aldığı bu silahlara baxmaq və onları tərifləmək üçün” İran müdafiə nazirini hərbi parada dəvət edib. Üstəlik, razılaşdırılmış plan əsasında “Azərbaycanın dostu” kimi tanınan İsrailin müdafiə naziri Aviqdor Liberman iyunun 26-da keçiriləcək həmin paradda iştirak üçün Bakıya gəlməyəcəyini bildirib, Azərbaycan hakimiyyəti və mediası isə bu xəbəri yaymaqla İran müdafiə nazirini həmin tədbirə qatılmağa təşviq etmək istəyib.

Hesabatın sonunda bildirilir ki, “əgər İran hakimiyyəti Azərbaycana münasibətdə ifrat dözümlü və səhlənkar davranışını davam etdirərsə, günlərin birində Bakıda məskən salmış sionistlər İrana gözlənilməz və ağır zərbələr vura bilərlər, bunun qarşısını almaq isə çətin və ya qeyri-mümkün olar”.

 

*****


Minval.info bildirir ki, haqqında danışılan və açıq-aşkar təxribat xarakterli daşıyan, iki qonşu ölkə və xalq arasına etimadsızlıq toxumu səpməyə xidmət edən bu yazı indiyəcən bir neçə (10-a yaxın!) İran saytında dərc olunub. Göründüyü kimi, hesabat formasında təqdim olunan həmin yazıda Azərbaycan dövləti və onun aparıcı media orqanı kimi “Yeni Müsavat” əleyhinə xeyli əsassız ittihamlar yer alıb.

 

 

Maraqlıdır ki, bu ittihamlar məhz Azərbaycanla İran arasında iqtisadi-siyasi əməkdaşlığın uğurla inkişaf elədiyi hazırkı dönəmə və xüsusən də bu yay Moskvada Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilməsi nəzərdə tutulan zirvə görüşü ərəfəsinə təsadüf edir. Bu üzdən bir neçə ciddi sual yaranır.

Azərbaycana qarşı ittihamlara gəlincə, ondan başlayaq ki, Azərbaycan normal qonşuluq münasibətlərinə həmişə sadiqdir. Elə cəmi bir neçə ay öncə İranda Qərbin (ABŞ-ın və İsrailin) də marağında olan daxili kütləvi etirazlar zamanı Azərbaycan və Türkiyə İran dövlətinin yanında oldu. Halbuki Bakı istəsəydi, “Güney amili” vasitəsilə orada daxili vəziyyəti daha da tündləşdirə bilərdi.

Ümumiyyətlə, rəsmi Bakı Güney “qılıncı”nı heç vaxt öz “qını”ndan çıxarmayıb. Cənub qonşumuzun suverenliyi və ərazi bütövlüyünə sayğı göstərib. “Yeni Müsavat” qəzeti də iki qonşu xalqın ortaq maraqlarını əsas götürərək, bu xətti müdafiə və təqdir edib. Mətbuatdan və sosial şəbəkədən də izlədiyimizə görə, bu qəzetin İranın Azərbaycandakı səfirliyi ilə isti münasibətləri var. Hətta, bildiyimiz üzrə, “Yeni Müsavat” islamın şiə təriqətinə dair müntəzəm maarifləndirici yazılar verən yeganə sekulyar qəzetdir. İndi hesabatın məntiqindən belə çıxır ki, “Yeni Müsavat” qəzeti bu cür yazılar verəndə, yaxud da İranın xeyrinə nəsə yazanda (belə yazılar da çoxdur) dərhal olur Tehran rejiminin qəzeti?

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir