Modern.az

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...  

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...   

25 İyun 2018, 16:27

Sabah - iyunun 26-da  Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıdakı Azadlıq meydanında hərbi parad keçiriləcək. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir.

Maraqlıdır, siyasi partiyaların nümayəndələri hərbi parada baxmağa gedənlər arasında olacaqmı?

Modern.az saytı bu sualla bir neçə siyasi təşkilatlara müraciət edib.

Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu:


“Hərbi paradda iştirak azad deyil, dövlətin dəvətnaməsi olmalıdır. Amma bizə hələ dəvətnamə gəlməyib.  Digər tərəfdən, hərbi paradın mənim üçün önəmi var. Belə ki, sabahkı paradda həm də türk qoşunları iştirak edəcək. Bu da onu göstərir ki, Azərbaycanla Türkiyə arasında artıq konfederativ əlaqələr faktiki olaraq həyata keçirilir. Yəni əgər Türkiyə  ordusunun bir hissəsi gəlib Azərbaycanda Ali Baş Komandanın təşkil etdiyi paradda iştirak edirsə, bu o deməkdir ki, ordumuz ortaqdır. Bunu sadəcə  hüquqi olaraq diktə etmək lazımdır. Türkiyə ordusu ilə Azərbaycan ordusu vahid olmalıdır”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri  Gülağa Aslanlı:

“Builki hərbi parad AXC-nin 100 illiyi ilə bağlı 28 mayda olmalı idi. Bunu etmədilər. Hər halda hərbi parad ölkənin hərbi gücünün bir göstəricisidir.  Lakin əsas göstərici torpaqlarımızın işğaldan azad olunmasıdır. Təəssüf ki, hələ də Azərbaycan əraziləri işğal altındadır. Hərbi parad keçirmək hərbi qüvvələrin həvəsini, gücünü və  əzmini yüksəltməyə xidmət etməlidir. Bizim sabahkı paradda iştirak etməyimiz isə mümkün deyil. Çünki hakimiyyətin  təşkil etdiyi tədbirlərə müxalifət qüvvələri dəvət olunmur”.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü  Əli Orucov:

“Təbii, sabahkı möhtəşəm paradı izləməyi mən də arzulayıram. Hərbi parad qabağı ordumuzun müəyyən hazırlıq tədbirlərini də qürurla izləyirdik. Bu həm ordumuzun gücünün təcəssümü olacaq, həm də daxilə, xaricə, dostlara, düşmənlərə bir çox mesajlar verəcək. Bu baxımdan hərbi parad çox önəmlidir və dövlət səviyyəsində buna ciddi hazırlıq işləri gedir. İnsanlar da paradı çox maraqla gözləyirlər. Azərbaycan ordusu son dövrlər  çox inkişaf edib, döyüş qabiliyyəti daha da artıb, qısa müddət ərzində bir neçə uğurlara imza atıb. Hesab edirəm ki, Azərbaycan ordusu qarşıya qoyulan tapşırıqları  yüksək səviyyədə yerinə yetirmək gücünə malikdir. Xalqımız da ordumuza güvənir”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu:

“Azərbaycan dövlətinin, ümumiyyətlə dövlətçiliyin əsas atributlarından biri onun  güclü ordusunun olmağındadır. Azərbaycan ordusunun, Azərbaycan əsgərinin hər bir addımı, varlığı belə  xalqa şərəf gətirən  məsələlərdən biridir. Ordu günü münasibətilə  biz də ölkə vətəndaşları olaraq təbriklərə qoşuluruq. Həm də arzulayırıq ki, ordumuzun zəfəri, həmçinin bu cür parad  Şuşada, Laçın dərəsində keçirilsin.  Ordumuzun gücü  Qarabağın azadlığını təmin etsin. Bu belə də olacaq. Sadəcə regionda siyasi vəziyyətin dəyişməsindən asılı olan məsələdir. Əlbəttə, sabahkı hərbi paradda iştirak etmək hər bir vətəndaşın arzusudur”.

Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev:

“Hərbi paradın keçirilməsi təbii ki, təqdirəlayiq haldır. Ümumiyyətlə, ordumuzun 100 illiyi Azərbaycan tarixinin ən şanlı səhifələrindən olacaq. Bu, dövlətimizin, Ali Baş Komandanımızın  gördüyü işlərin nəticəsidir. Yəni Azərbaycanın güclü ordusu var, istənilən zamanda bu ordu ilə Dağlıq Qarabağı ala biləcəyik. Yaxın vaxtlarda bu məsələyə başlamaq lazımdır. Ordumuzun indiki səviyyəyə çatmasını  birbaşa ölkə prezidentinin ən böyük uğuru kimi dəyərləndirmək olar. Bu baxımdan sabahkı hərbi paradda biz də iştirak edəcəyik”.

AĞ Partiyanın sədri Tural Abbaslı:

“Əvvala onu qeyd edim ki, AĞ partiya olaraq bizim üçün bütün siyasi ambisiya və hədəflərimizdən öndə bəzi ümummilli məsələlər mövcuddur. Bir hər zaman qeyd etmişik ki, bizim üçün ümummilli məsələlər başladığı yerdə siyasət bitər. Təbiidir ki, Azərbaycanımızın Milli Ordusu və bu orduyla bağlı istənilən məsələ bu qəbildən olan məsələlərdəndir. Ordu iqtidarlı-müxalifətli bütün xalqımızındır. Həm nəzərə alsaq ki, torpaqlarımızın 20%-ə yaxını işğal altındadır, o zaman Milli Ordumuza və onunla bağlı digər məsələlərə ikiqat həssas yanaşmaq bizim mənəvi borcumuzdur. Belə bir atmosferdə Azərbaycan Milli Ordusunun hərbi parad keçirməsi çox önəmlidir. Həm ordumuzun yaranmasının 100-cü ilində ordu öz gücünü bütün dünyaya, dosta da, düşmənə də nümayiş etdirməlidir.

Biz AĞ partiya olaraq bu hərbi paradı yüksək qiymətləndiririk və alqışlarıyırq.  Mən istər bir siyasətçi, istərsə də sadə vətəndaş kimi paradı qürur hissiylə izləyəcəm. Əgər hərbi parad xalqa açıq şəkildə olsa, birbaşa meydanda canlı şəkildə, qismən qapalı keçirilsə isə televiziya vasitəsiylə izləyəcəm. Həmçinin,  mənim yaşadığım mənzil paradın keçiriləcəyi məkana nisbətən yaxın olduğu üçün demək olar ki, artıq bir neçə gündür ki, Azərbaycan Milli Ordusunun Hərbi Hava Qüvvələrinin qırıcılarının və helikopterlərinin hazırlıq uçuşlarını izləyə bilirəm, bu çox qürurvericidir. Allah ordumuzu  hifz etsin və tezliklə qalib etsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub