Modern.az

İlin gənc müəllimləri Milli Məclisdə mükafatlandırıldı - AzEdu.az-ın ortaq müsabiqəsi 

“İlin gənc müəllimləri” Milli Məclisdə mükafatlandırıldı - AzEdu.az-ın ortaq müsabiqəsi 

Təhsil

25 İyun 2018, 19:45

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin dəstəyi, Gənc müəllimlərin sosial media səhifəsi  “Gənc müəllim”  və  AzEdu.az təhsil portalının  təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsi yekunlaşıb.

 

Müsabiqə iki mərhələdə keçirilib. I mərhələdə  ən çox dəstəklənən 10 müəllimin çəkdiyi video seçilərək, növbəti mərhələyə keçib.

 

İkinci mərhələdə isə səs vermədən sonra  həmin 10 müəllim arasında  birinci yeri Laçın rayonu Taxtakörpü kənd məktəbinin müəllimi Şəbnəm Cəbrayıl  tutub.

 

İkinci və üçüncü yerləri isə İsmayıllı rayon İstisu kənd orta məktəbinin müəllimi Şahid Muradlı və Bakı şəhər 255 saylı tam orta məktəbin müəllimi İradə Zülfüqarova bölüşüblər.

 

 Müəllimlərin mükafatlandırılması  25  iyunda  Milli  Məclisdə baş tutub.

Təqdim etdikləri  videolarla müsabiqənin sonuncu  mərhələsinə  adlayan 10 müəllim,  əvvəlcə Milli  Məclisin iclas zalı və Heydər  Əliyevin Xatirə Muzeyi  ilə tanış olublar.  Onlara xatirə muzeyi və iclas zalı barədə ətraflı məlumat verilib.

Mükafatlandırmada  gənc müəllimlərlə yanaşı, layihə rəhbərləri - Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və “Gənc müəllim” səhifəsinin koordinatoru Həbib Əlizadə,  Milli Məclisin Gənclər və İdman Komitəsinin  sədri Ülvi Quliyev, deputatlar  Mahir Abbaszadə, Sevinc  Hüseynova, Şahin İsmayılov, Eldəniz Səlimov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri  Ülvi Quliyev iştirakçıları təbrik edib:

“Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il " Azərbaycan Xalq Cümhuriyyət"i  ili elan olunub.  Biz hazırda  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməkdəyik. AXC bütün çətinliklərə baxmayaraq, 2 ilə yaxın bir vaxtda mövcud olub. Bu müddət ərzində dövlətçiliyin əsası qoyulub və 20 dövlət tərəfindən Azərbaycan  Xalq Cümhuriyyətinin müstəqilliyi tanınıb. Məhz bunlar  zəmin yaratdı ki, 1991-ci ildə biz yenidən müstəqilliyimizi əldə edək. Beləcə, müstəqillik qazanandan sonra gənclərin inkişafına töhfə verən bir sıra islahatlara imza atıldı. İlk dəfə Ulu öndər Heydər Əliyev məhz parlamentdə gənclər nümayəndələri ilə görüşdü. Heydər Əliyevin gənclər siyasətini indi də varisi İlham Əliyev uğurla davam etdirir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun, Milli Məcslisin Gənclər və İdman Komitəsinin yaradılması, 2016-cı ildə isə referendum aktlarındakı dəyişikliklərlə yaş məhdudiyyətinin götürülməsini və s. buna nümunə gətirmək olar.  Son dövrdə də “Təhsil haqqında” Qanuna olunan 62 dəyişiklik, ümumi qanunvericilik aktları, gənclərin və təhsilin inkişafına töhfə verəcək. I, II, III yerə sahiblənmək şərt deyil, əsas olan iştirakdır. Vətənə, dövlətə bu qədər bağlı olmaq, gənclər siyasətini dəstəkləmək özü bir qabiliyyətdir”.

Ülvi Quliyevin çıxışından sonra “İlin gənc müəllimi” müsabiqəsinin qalibləri: Şəbnəm Cəbrayıl, Şahid Muradlı, İradə  Zülfüqarovanın təqdim etdiyi videolara baxılıb.

Videolara baxdıqdan sonra layihənin ideya müəllifi, gənc müəllim Həbib Əlizadə çıxış edərək, layihə  və iştirakçılar, o cümlədən, “Gənc müəllim” səhifəsi  barədə maraqlı məlumatları bölüşüb: 

“Gənc müəllimlərin hər birinin adından başda Elşad müəllim olmaqla, Milli Məclis rəhbərliyinə bizə göstərdiyi dəstəyə görə öz minnətdarlığımızı bildiririk. Təhsil Nazirliyinin məlumatına görə, hazırda Respublikada 42 mindən çox gənc müəllim var. “Gənc müəllim” şəbəkəsində isə təxminən 6 min müəllim izləyicisi var. Biz ümid edir və inanırıq ki, dövlətin bizə göstərdiyi etimadı doğruldacağıq”.

Ardınca Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxış edib. O, AzEdu.az-ın fəaliyyətindən danışıb:

“AzEdu.az təhsil portalı üç aydır,  fəaliyyət göstərir. Düşünürəm ki, Azərbaycanda təhsil sahəsində kifayət qədər uğur əldə edə bilib. Əsas məqsədimiz təhsillə bağlı dövlət proqramı ilə aparılan işlərdə düzgün ictimai rəy formalaşdırmaqdır. Xüsusilə də təhsil sahəsində çalışan gənclərlə bağlı maarifləndirmə işi aparmaq da əsas məqsədlərimizdən biridir. Həmçinin,   portalın ucqar kəndlərlə bağlı layihəsindən söz açaraq, gənclərin son illərdə bölgə məktəblərinə maraqlarının artdığını qeyd edib.

E. Eyvazlı, eyni zamandan, bu kimi məsələlərdə portalın həmişə gənclərin yanında olacağını, təhsillə bağlı hər bir layihəyə dəstək verməyə əlindən gələni edəcəyini bildirib. Layihədə iştirak edən müəllimlərlə bağlı  isə gələcəkdə geniş layihələrin  davam edəcəyini vurğulayıb.

O, sevindirici  hallardan biri kimi müsabiqədə iştirak edən müəllimlərin ölkənin  dörd bir tərəfindəki ucqar məktəbləri təmsil etdiyini xatırladıb. 

Qeyd edək ki, müsabiqədə Laçın, Quba, Ağstafa, Yardımlı, Lerik və s. kimi ucqarların müəllimləri iştirak ediblər. 

Tədbirin sonunda gənc müəllimlərə mükafatlar təqdim olunub və müəllimlərlə xatirə şəkli çəkilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!