Modern.az

“Seyidağa rahat işini cəbhəyə dəyişdi” - Keçmiş döyüş yoldaşının XATİRƏLƏRİ

“Seyidağa rahat işini cəbhəyə dəyişdi” - Keçmiş döyüş yoldaşının XATİRƏLƏRİ

Media

27 İyun 2018, 11:45

Tanınmış teleoperator, Qarabağ müharibəsi veteranı Seyidağa Mövsümlü 64 yaşında vəfat edib.

Mətbuat Şurası da Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq imzalayıb.

 
Vaxtilə Seyidağa Mövsümlü ilə döyüş yoldaşı olmuş Füzuli Rzaquliyev Modern.az-a açıqlamasında onunla bağlı xatirələrini bölüşüb:

“Seyidağa Mövsümlü ilə  operator kimi yox,  xüsusi komandir kimi döyüşə başlamışdıq. Ölkədə yaradılan ilk batalyonun əsgəri olmuşdu. Xocalı faciəsini də ilk dəfə lentə alan operator olub. O dəhşətli mənzərəni çəkdiyini sonralar ağlaya-ağlaya danışırdı. Vətənpərvər, millətçi oğul idi. Haqqı nahaqqa verməzdi. O vaxtlar döyüşə könüllü gedənlərin hər biri qəhrəman sayılırdı. Şükürlər olsun ki, indi güclü ordumuz var. O vaxtlar isə ordusuz döyüşürdük”.

Füzuli Rzaquliyev deyir ki, Seyidağa Mövsümlü kameranı mundirə dəyişən kişi olub:

“Seydiağa sonrakı döyüşlərdə   yaralandı. Səhhətində yaranan problemə görə Müdafiə Nazirliyində  işə başladı. Buna baxmayaraq, yenə də döyüş bölgələrində oldu. Seyidağanın xidmətləri göz önündə idi. Vətən sağ olsun. O cür qeyrətli oğullar vətənin sipəridir.

Seyidağa Mövsümlü çılğın olsa da, çox kövrək adam idi. Danışdıqca, o illərə qayıdıram. Seyidağa rahat işini, kamerasını,  silaha, cəbhəyə dəyişdi. O vaxtlar nə silah vardı, nə də yemək. Çətin vəziyyət idi. Seyidağa müharibə əlili statusunda olan insan idi. Şərəfəli döyüş yolu keçib. Müharibə əlili olaraq polkovnik-leytenant rütbəsinə kimi yüksəlmiş insan idi. Son nəfəsinə qədər vətən, torpaq deyirdi. Onun  itkisi hamımız üçün ağırdır. Allah rəhmət eləsin!”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır