Modern.az

“Sovetski”də yaşayan ZİNGER maşınlı bıçaqitiləyən Həsən kişi   

“Sovetski”də yaşayan ZİNGER maşınlı bıçaqitiləyən Həsən kişi    

Ədəbi̇yyat

27 İyun 2018, 12:37

Nazim Nəsrəddinov


Təsadüfən maraqlı bir insanla ünsiyyət qurdum. 1938-ci ildəndir. Amma 80 yaşlı qocaya oxşamırdı.
... Bakının Təbriz küçəsindəki doqquzmərtəbəli beton evimizin  həyətində ağacların kölgəsində oturmuşdum.  Kinolarda gördüyümüz qayçı, bıçaq itiləyənin səsi eşidildi: "Bıçaq itiləyirəm, qayçı itiləyirəm".

Məni uzaqdan görüb, müştəri çağırışlarına son qoydu. Tanıdığı bir nəfər kimi  yaxınlaşdı, salam verdi, əl-ələ görüşdü, hal-əhval da tutdu. Dedim yəqin ki, kiminləsə dəyişik salıb. Təəccübümü görüb,izahat verməli oldu:

"İki il bundan əvvəl də bu həyətə gəlmişdim. Burada yaşı 70-i keçmiş şamaxılı bir akademik yaşayır, onunla xeyli söhbət də elədim".

Köhnə tanışlar kimi söhbətə başladı. Hafizəsi yaxşı idi.

Dedim ki, “qardaş, burada şamaxılı akademik yaşamır. Səhvin var”. Sonra məlum oldu ki, aşıq Alqayıtın Özbəkistandan köçüb Bakıya yaşamağa gəlmiş xalası oğlunu - İsmayıl kişini deyirmiş. Boylandım.İsmayıl kişi həyətdə görünmürdü.

Dedim ki, “İsmayıl kişi göyçəlidir. Özbəkistanda ali texniki təhsil alıb. Uzun müddət də orada rəhbər vəzifələrdə işləyib. Amma akademik deyil. Öz sahəsinin bilicisidir. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin fəallarından biridir. Sənə niyə şamaxılı olduğunu deyib, başa düşmürəm. O, həmişə Göyçədən danışır, bəlkə də heç hələ Şamaxıda olmayıb”.


Müsahibim gülümsədi. Məlum oldu ki, ən çox dostluq etdiyi şamaxılılardır. Bəlkə də elə buna görə yaxşı adamların hamısını şamaxılı hesab edir. Dedim mən də əslən Şamaxılıyam, ancaq Şamaxıdakı evimizi  ara-sıra ziyarət edirəm. Dedi “bax, şamaxılılarla söhbətim tutur”.


...Müsahibimin adı Həsən imiş. Təqaüdə qədər şəhərin qaz təsərrüfatında işləyirmiş. Ən yaxşı qazçılardan biri imiş. İndi isə ZİNGER tikiş maşınının taxta oturacağının üstünə itiləyici qurğu qoyub, biri 50 qəpiyə bıçaq, qayşçı itiləyir. Sovetskidən “Nərimanov” metrostansiyasının yanına ağır əl arabasına oxşar ARABASINI sürə-sürə, itələyə-itələyə gəlir.

Həsən kişi deyir ki, “məni telejurnalistlər yaxşı tanıyırlar. Bir-iki dəfə məni hamıya güstəriblər”. Bir neçə televiziyanın da adını çəkdi.

Dilim dinc durmadı. Soruşdum ki, bundan sonra, bu çəkilişlərdən sonra  səni vergiyə cəlb etməyiblər ki? Gülə-gülə dedi ki, 81 manat cərimə verməli olub: “Amma bıçaqlarını itiləmişdim ha...”.



Həsən kişi ilə 5-10 dəqiqəlik söhbət zamanı o mənə yaxşı tanıdığı şamaxılılardan biri haqqında söz açdı. Cəmo bəy Cəbrayılbəyli haqqında.

Dedim Cəmo Cəbrayılbəyli atamın müəllimi olub, oğlu Adil isə atamın ən yaxın həkim dostlarından biri idi. Bülbül prospektindəki Respublika Dəri-Zöhrəvi Xəstəxanasının baş həkimi idi. 1919-cu ildən idi. 1991-ci ildə vəfat edib. Şamaxıda bizim nəslin  ailə qəbirstanlığında atasının məzarı yanında dəfn olunub....

Dedi Adili də, onun oğlu Azəri də tanıyır... “Qızları... bacım olsunlar..”.

Dilarənin adını çəkdi. Akademiyada kitabxanada işləyir,- dedi....

Şamaxı söhbətimiz çox maraqlı alındı. Xatirələr yada düşdü, çözələndi, dəqiqləşdirildi.

İçərişəhərli Həsən kişi sağollaşıb, ZİNGER maşınını sürə-sürə “SOVETSKİ” tərəfə getdi.

O, yaşına yaraşmayan cəldliklə piyada uzun yoluna üz tutdu.  Gedə-gedə dedi “evə qayıdanda bəzən ZİNGERİmi  JİQULİLƏRDƏN birinin belinə yükləyirəm. “Nərimanov”dan “Sovetski”yə 5-6 manata aparırrlar”.

... Evə çıxdım. İnternetdə poçtuma baxmaq istədim. sSaytların birində Cəmo bəy Cəbrayılbəylinin nəvəsi Azər Mustafayevlə müsahibəyə rast gəldim.

Mən Azəri tanımırdım. Birinci dəfə idi ki, görürdüm. İlk dəfə idi ki, Cəbrayılbəylilərdən biri himnimizin mətni ətrafındakı müzakirələrdə iştirak edirdi. Azər bəy bəzi alimlərin bu mövzu ətrafındakı söhbətlərinə etiraz edirdi. Himnimizin müəllifinin onun babası Cəmo bəy Cəbrayılbəyli olduğunu qürurla bəyan edirdi.

***

Deyəsən bu gün  də yuxum düz çıxmışdı... Cəmo Cəbrayılbəylini görən adamla  rastlaşmışdım... “Sovetski”də yaşayan İşərişəhərli  ZİNGER maşınlı Həsən kişi ilə...


Bakı.
27.06.2018

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!