Modern.az

Cabir Novruzun sonuncu yadigarı - Müşfiq Cabiroğlunun xatirəsinə

Cabir Novruzun sonuncu yadigarı - Müşfiq Cabiroğlunun xatirəsinə

Ədəbi̇yyat

27 İyun 2018, 12:46

Qəfil bir zəng... xəbərin var? Müşfiq dünyasını dəyişib. İmanın bu təşviş hüzn dolu səsindən şoka düşdüm Axı, necə ola bilər, dünən Müşfiq mənə zəng vurmuşdu. Onunla danışmışdım. İnanmaq istəmədim.Dərhal Müşfiqin telefonuna zəng vurdum. Çox təəssüf olsun ki, telefonda Müşfiqin keçindiyini söylədilər. Elə bildim başıma qaynar su tökdülər. Göz yaşlarımla heyf səndən Müşfiq, dedim...


Hələ uşaq ikən efirlərdə, radio dalğalarında Xalq şairi Cabir Novruzun övladlarına həsr olunmuş şeiri, misraları maraqla dinləyərdim.


Xoş gəlmisiz bu dünyaya, balalarım,

Sevinclərim, əzablarım, bəlalarım.

Siz gəldiniz bilirsiniz neylədiniz?

Oğul idim məni ata eylədiniz .

Salam mənim Mirzələrim, Vüqarlarım, Müşfiqlərim,

Evimizin çiraqları- işiqlarım.               


Bir atanın övladlarına olan dərin, ülvi məhəbbətinin təcəssümü idi bu sətirlər. Cabir Novruz bu misraları yazanda heç xəyalına belə gətirə bilməzdi ki, bu üç qardaş bir birinin ardınca hələ gənc ikən həyatlarının ən gözəl çağlarında 48,52,53 yaşlarında bu dünyaya vaxtsız vida edəcəklər.


Tale elə gətirdi ki, mən bu ailənin üzvləri ilə həm Mirzə, həm Vüqar, həm də Müşfiqlə tanış oldum, ömürlərinin sonuna qədər onlarla ünsiyyətdə oldum.

        
Lakin  Müşfiqlə daha çox dostluq etməyə başladım. Onunla tez-tez ədəbi- bədii görüşlərdə məclislərdə rastlaşardıq. Xüsusilə də, ölməz klassik şair Mikayıl Müşfiqə həsr olunmuş bütün tədbirlərində bir arada olardıq.Tam səmimiyyətlə deyə bilərəm ki, Müşfiq çox diqqətcil, qaynayıb-qarışan, səmimi bir dost idi. Paklıq, təmizlik, sadəlik onu səciyyələndirən ən yüksək insani keyfiyyətləri idi. Kimsənin qəlbinə dəyməz, könül qırmazdı. Onu tanıyanların xeyir və hüzr məclislərindən qalmazdı.

        
Müşfiqdə bir doğmalıq vardı. İstənilən məsələ ilə bağlı  ona müraciət edərdinsə hökmən qabağa düşər, onu çözməyə çalışardı. Tez-tez zəngləşərdik. Qəribə bir xasiyyəti vardı. Zəng vurarkən: “Müşfiq Cabiroğludur”, deyərdi. Deyərdim, ay Müşfiq, bilirəm sənsən ad çəkməyə nə hacət?! Səsi indiyə kimi qulağımdadır. Toy məclislərində ailəvi olaraq bir masada əyləşərdik. Çox kampanyon birisi idi. Onunla ünsiyyətdən yorulmazdım. Onunla tək dost deyildim, həm də həmkar idim. Müşfiqlə birgə işlərimiz də olurdu. Müxtəlif tədbirlərin, televerlişlərin ssenarisini bir yerdə yazardıq. İlk işimiz tanınmış jurnalist, ədliyyə polkovniki Eldar Eyvazovun xatirəsinə həsr olunmuş film oldu. Sonralar görkəmli rabitə ustası Sabir Yusifova həsr olunmuş “Əqidə adamı” adlı filmin həmmüəllifi kimi Bakıda, Qəbələdə, bütün çəkilişlərdə, montaj işlərində bir yerdə olduq. Müşfiqin təklifi ilə Sabir müəllimin məktəbli obrazını isə oğlu Rəsul canlandırırdı. Sonra Müşfiqlə Sabir Yusifova həsr olunmuş “Ömür Yollarında” adlı kitabı ərsəyə gətirdik. Çox gözəl , məhsuldar iş birliyimiz oldu. Xatirimdədir, 50 illik yubileyimlə bağlı filmin ərsəyə gəlməsində Müşfiqin əvəzsiz xidməti olub. Nədəndirsə, bu yazdıqlarımı keçmiş zamanda işlədirəm. Əslində isə bunlara keçmiş kimi yanaşmaq mənim üçün çox ağırdır, inanılmazdır. Ömrünün son illərində Müşfiq həmişə şən, şux görünməyə çalışsa da, əslində dərdlərini ürəyində çəkirdi, üzdə biruzə verməsə belə. O, məsum baxışların dərinliklərində  bu dərdlərini, ağrı-acısını görməmək, duymamaq, hiss etməmək mümkün deyildi. Sərt taleyin amanında ömürçün, həyatçün təkbaşına çırpındı. Anasının vaxtsız ölümü, dağ boyda atası Cabir Novruzun şam kimi gözü qarşısında  əriyərək dünyadan köçməsi, igid, nər qardaşları ata əvəzləri Mirzənin faciəvi şəkildə qəfil həlak olması, Vüqarın qəflətən həyatdan köçməsi Müşfiqin ürəyində bir-birinin ardınca dərin çatlar buraxdı. Bu dərdi təkbaşına ürəyində çəkdi. İşsizlik də bir tərəfdən ona böyük dərd oldu. Çox çətinliklərlə, bəzən, haqsızlıqlarla üzləşdi. lakin sınmadı. Həyatda mərdi-mərdanə ayaqda durmağı bacardı. Yazdı, yaratdı. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü oldu.


Müşfiqin təkidilə mən ssenarilərimi, yazılarımı, əlyazmalarımı toplamağa başladım. Ona qədər dərc olunan kimi onları tullayardım. Müşfiqdə məsuliyyət hissi çox güclü idi. Ona həvalə olunan işi məsuliyyətlə, zamanında görərdi. Bu işdə onunçün zaman anlayışı yox idi. Səhər, gecə, bazar və bayram günləri fərq eyləməzdi. Dəfələrlə iş yerimə gələr orada sənət işlərini müzakirə edər, yazıb ərsəyə gətirərdik. Tez-tez Cavid prospektində görüşərdik.

        
Müşfiq atasının xatirəsinin əbədiləşdirilməsi sahəsində də böyük işlər görüb. Yubiley tədbirlərinin keçirilməsi, kitablarının işıq üzü görməsində Müşfiqin xidmətləri böyükdür. Cabir Novruz Mədəniyyət Fondunun işlək bir quruma çevrilməsində onun da əməyi vardır.

        
Müşfiq küsməyi bacarmırdı. Tez inciyərdi, amma kin saxlamazdı, tez də barışardı.  Kövrək qəlbli bir insan idi. Həyatsevər, riyakarlıqdan uzaq, əsl kişi oğlu kişi idi.

        
Təəssüflər olsun ki, ömrü boyu yaşadığı dərdlər, haqsızlıqlar üstə köklənən şair, jurnalist ömrü nəhayət ki, o dərdlərdən doydu, yumruq boyda qəlbi bir yolluq dayandı, dünyaya vida etdi. Müşfiq az yaşadı. Cəmi 53 il. Lakin çox şərəfli , mənalı ömür sürdü. Xoşbəxt sevincli günlər də, qəmgin anlar da yaşadı. Bu bir həyatdır. Allahtəalanın yazdığı ömür. Nə qədər çətin olsa da, Müşfiq aramızda cismani yoxdur.Lakin əməlləri, xoş xatirələri, nurlu, zarafatcıl siması, mehriban, doğma baxışları daim qəlbimizdə yaşayır. Onun şeirləri, publisistik və s. yazıları gələcək nəsillərə miras qalacaq. Onlar hər zaman oxunduqca Müşfiq də xatırlanacaq.

        
Müşfiqin 2 gözəl ciyərparəsi Səfurə və Rəsul Müşfiqi yaşadacaqlar. Onun işığını yandıracaqlar. Mənim qəlbimdə Mikayıl Müşfiqlə yanaşı, Müşfiq Cabiroğlu da qoşa yaşayacaq, xatırlanacaq.


Dəfn mərasimində insanlar həqiqətən də Müşfiq üçün ağlayırdı. O an fikrimdən vaxtsız oğul itkisi acısını yaşamış Xalq şairi Hüseyn Arifin bu misraları keçdi:


Bu nə sitəm, bu nə təlaş

Görməyəydim bu günü kaş.

Qəm gölündə qohum-qardaş

Üzər ağlaya-ağlaya.

               
Əziz dostum, Müşfiq. Sən hər zaman bizimləsən. Ölüm sənə yaddır. Xalq şairi Cabir Novruz “Sağlığında qiymət verin insanlara” şeirində deyirdi.


Bu nədəndir ölən kimi, qəlbimizdə

Adamlara sevgi, hörmət aşıb-daşır

Ölən kimi yaxşılar da yaxşılaşır, yamanlar da yaxşılaşır...


Müşfiq, tam məsuliyyətlə deyirəm ki, sən məhz yaxşıların-yaxşısı idin . Odur ki, xoş xatirələri, xoş sözləri sən bir şəxsiyyət olaraq özün qazanmısan. Rahat yat, qəbrin nurla dolsun.

        
Yazımı bu fikirlərlə bitirmək istəyirəm. Bu parlaq simalar əbədiyyətə qovuşduqları üçün təəssüf hissi ilə deyirəm: “Cabir Novruz bir daha deməyəcək: Mirzələrim, Vüqarlarım , Müşfiqlərim”... Nəsil davam edir.

               
Ruhunuz şad olsun.

Xatirələrini daim  əziz tutan, 


Qafar Əsgərzadə
 
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür