Modern.az

London Putin-Tramp görüşündən narahatdır - NATO parçalana bilər

London Putin-Tramp görüşündən narahatdır - NATO parçalana bilər

Dünya

28 İyun 2018, 12:31

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin qarşıdakı görüşü Britaniya hakimiyyətini qorxuya salıb.

 

Modern.az “Times” nəşrinə istinadən xəbər verir ki, Britaniya hakimiyyəti görüşdə əldə olunacaq razılaşmanın alyans daxilində parçalanmaya səbəb ola biləcəyindən ehtiyat edir.

Əsas təhlükə Rusiya tərəfinin görüşdə Trampı Krım məsələsi ilə bağlı razı sala bilməsi ilə bağlıdır. Yəni ABŞ prezidenti Krımı Rusiyanın ərazisi kimi tanıya və ona qarşı tətbiq etdiyi sanksiyaları yumşalda bilər.

 

ABŞ prezidenti Doland Trampın ölkələrin ərazi məsələlərində etinasızlığı hər kəsə məlumdur. Buna misal olaraq bu yaxınlarda Qüds böhranını göstərmək olar. Bütün dövlətlərin Qüdsü hər iki ölkənin (İsrail və Fələstin) birgə paytaxtı kimi görməsi ilə bağlı bəyanatından sonra ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etdi.

 

Ardınca o, Krımın ilhaqından sonra Rusiyanın yekdilliklə çıxarıldığı G7 (Böyük yeddilik) sammitinə yenidən qayıtmalı olduğunu bəyan etdi. Tramp həmçinin, Rusiyanın sammitdən çıxarılmasında digər üzvləri ittiham edərək, bunu ədalətsizlik adlandırıb.

 

Bütün bunları nəzərə alaraq, Britaniya hakimiyyətinin qorxularını əsaslı saymaq olar. Amma onu da qeyd etmək lazımdır ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton ABŞ-ın sanksiyalar üzrə siyasətinin dəyişməyəcəyini söyləyib.


Bunlardan əlavə, Britaniya nazirlər kabineti görüşdə Rusiya tərəfinin ABŞ prezidentini Avropa ilə müdafiə məsələsində xərclərini azaltmağa inandıra bilməsindən ehtiyatlanır.

 

Nəşrin məlumatına görə, danışıqlardan sonra ABŞ tərəfi NATO ilə payıza planlaşdırılmış hərbi təlimləri təxirə sala və ya ümumiyyətlə ləğv edə bilər. Onun bu addımı isə alyans daxilində böhrana gətirib çıxaracaq.

 

Bununla bərabər ABŞ-ın Polşada yeritdiyi siyasət də alyans üzvlərinin ürəyincə deyil. Belə ki, ABŞ tərəfi NATO şərtləri ilə deyil, iki ölkə arasında (ABŞ və Polşa) razılıqla hərbi baza yaratmaq niyyətindədir. Həmçinin yeni şərtlərə görə bu bazanın təminatı da tamamilə Polşa tərəfinin üzərinə qoyulub.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür