Modern.az

Gənc Tamaşaçılar Teatrında yeni direktor - Kişi rəhbəri xanım əvəzlədi - DOSYE  

Gənc Tamaşaçılar Teatrında yeni direktor - Kişi rəhbəri xanım əvəzlədi - DOSYE   

29 İyun 2018, 12:15

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub.

O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981–ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib.

1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006 -2018– ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N.İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri kimi vəzifələri icra etmişdir. N.İsmayılzadə 2018-ci il iyun  ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. N.İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına əsasən respublikada keçirilən bir çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, Cırtdan Beynəlxalq Kukla Teatrları Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, “Teatr və Teatr fəaliyyəti haqqında” Qanunun, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəlliflərindən biridir. “Yaddan çıxmaz Qarabağ”, “Deyilən söz yadigardır”, “Bakıda teatr görüşləri” layihələrinin rəhbəridir.

N.İsmayılzadə bədii tərcümə ilə də məşğul olur. Onun türk dilindən tərcümə etdiyi  T.Cücenoğlunun “Qadıncıqlar”,  T.Özakmanın  “Ocaq”, S.Şendilin “Yeddi ərli  Hürmüz ”, rus dilindən tərcümə etdiyi E.Filipponun “Vinçenso de Pretori”, A.Ekzüperinin “Balaca şahzadə”, B.Şounun “Piqmalion”, A.Saqarelinin “Xanuma” əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında , Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrnda, İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulub.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Prezidentin sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov isə yeni vəzifəyə təyinat alacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?