Modern.az

Gənclər “Euronews” telekanalına etiraz bəyanatı ünvanlayıb

Gənclər “Euronews” telekanalına etiraz bəyanatı ünvanlayıb

3 Dekabr 2009, 14:25

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Euronews” telekanalında Dağlıq Qarabağla bağlı yayımlanan “Winds of change in Nagorno Karabakh” adlı reportajla bağlə etiraz bəyanatı yayıb.Bu barədə Modern.az-a Milli Şuranın mətbuat xirmətindən məlumat verilib.

66 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) bu bəyanatla son günlərdə “Euronews” telekanalında yayımlanan Dağlıq Qarabağla bağlı reportaja öz sərt etirazını bildirib. 

“Biz, Azərbaycan gəncləri bir daha bəyan edirik ki, Qarabağ Azərbaycanlıların qədim tarixi yaşayış məskənidir və Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.

    Biz, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət dəyişikliklərin əldə edilməməsi, bu istiqamətdə ciddi səylərin olmaması, dünya ictimaiyyətinin bu ədalətsizliyə hələ də göz yumması və beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşmasından narahatçılığımızı ifadə edərək bildiririk ki, belə yanaşmaların nəticəsində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir.

    Biz, dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində qəbul olunmuş qətnamələr, qərarlar və bəyanatlar vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyan beynəlxalq ictimaiyyətin mövqeyini yüksək dəyərləndiririk. BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, ATƏT, AŞPA, İKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamə və sənədlərin tələbləri Ermənistan tərəfindən  yerinə yetirilməmiş qalır. Biz, dünya ictimaiyyətinin münaqişənin ədalətli həllinə mövqeyini kağız üzərində  və sözdə bəyan etmələri ilə yanaşı konkret real səylər göstərməyə çağırırıq.

    Təəssüf ki, “Euronews” telekanalında yayımlanan Dağlıq Qarabağla bağlı reportajda Qarabağın tarixi, münaqişənin səbələri haqda məlumatlar tamamilə təhrif edilmiş, mövcud reallıqlar qərəzli təqdim edilmişdir. Hesab edirik ki, bu kimi ədalətsiz və qərəzli yanaşma Azərbaycanla Avropa ölkələri arasında mövcud münasibətlərin xarakterinə ziddir və etimadın güclənməsinə xidmət etmir.

    Bu reportaj “Euronews” telekanalının ikili standartlarla yanaşdığını sübut edir və bu ikili yanaşma insan hüquqları, demokratiya kimi təməl dəyərlərin təmin edilməsinə ciddi maneələr yaradır.

    Erməni diasporası və erməni terror təşkilatlarının maliyyə dəstəyi əsasında ərsəyə gələn bu və bu kimi reportajlar, məlumatlar bilavasitə terrorçuluq və təcavüzkar siyasəti dəstəkləyir, ermənilərin xəyanətkar niyyətinin reallaşdırmaları üçün bir vasitədir.

    Həmçinin yayımlanan reportajda Qarabağda 2002-ci ildən etibarən qızıl və misin çıxarıldığı xüsusi vurğulanır ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz fəaliyyətindən birini – təbii və maddi sərvətlərin talan edilməsi və qanunsuz istismarını bir daha sübüt edir. Biz, beynəlxalq ictimaiyyəti Qarabağda Ermənistanın və separatçıların qanunsuz fəaliyyətlərinə münasibət bildirməyə və bu qanunsuz fəaliyyətdən irəli gələn qlobal təhlükəni dəyərləndirməyə çağırırıq.

    Bu reportaj Dağlıq Qarabağ münaqişəsinin həlli, diplomatik danışıqlarda irəliləyişin əldə edilməsi və ümumiyyətlə, regionda sabitlik, sülh və təhlükəsziliyin qorunmasına  sual altına qoyur.

    Bir daha erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-inin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkün həyatı sürməsini, 20.000 insanın həlak olduğunu, 50.000 insanın əlil olduğunu və dağıntıların 60 milyard ABŞ dollarından çox olmasını “Euronews”  televiziya kanalının diqqətinə çatdırmaqla, 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Euronews” telekanalından  reportajı təkzib etməyinizi, reportajı efirdən və internet səhifəsindən çıxarmağı və Azərbaycan tərəfinin mövqeyini əks etdirməyinizi tələb edirik”.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!