Modern.az

Kondisionerlərə tələbat artıb - Diqqət: malı alarkən bunları unutmayın!  

Kondisionerlərə tələbat artıb - Diqqət: malı alarkən bunları unutmayın!   

İqtisadiyyat

30 İyun 2018, 16:08

Yay mövsümü  ilə bağlı insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb.  Artıq hər evdə, o cümlədən iş yerlərində kondisioner görmək mümkündür.

Maraqlıdır, hazırda kondisioner bazarında vəziyyət necədir? İstehlakçılar  kondisioner alan zaman nələrə diqqət etməlidir?

Modern.az saytının məlumatına görə, kondisioner alarkən alıcılar ilk növbədə otağın kvadratmetrinə diqqət etməlidirlər. Kvadratmetrə diqqət edilməyəndə, tələb edilən effekt əldə olunmur. Çox vaxt alıcılar kvadratmetrə diqqət etsələr də, unudurlar ki,  hər bir otağı kondisioner eyni cür soyutmur.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına deyib ki, adətən kondisionerin normal soyudub-isitməsi ilə bağlı yanlış məlumatlar verilir:


“Məsələn, kondisionerlərin sənədlərində “60 kvadrat metrlik evi soyuda bilər”  yazılır. İstehlakçının evi 40 kvadrat metrdirsə, fikirləşir ki, bu kondisioner mənim evimi normal soyudacaq. Lakin satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər”.

Kondisioner alıcıları bilməlidir ki, onun filtrlərinin təmizliyinə mütləq diqqət etmək lazımdır. Filtrləri təmiz saxlanılan kondisioner, otağa daha təmiz və təravətli hava verir ki, bu da insanın tənəffüs sisteminə çox xeyirdir. Həmçinin, filtrin təmiz olmağı kondisionerin öz ömrünü də uzadır. Digər tərəfdən, kondisioner alarkən alıcılar onun barəsində satış nümayəndəsindən ətraflı məlumat əldə etməlidirlər.

Tanınmış həkim Adil Qeybulla saytımıza açıqlamasında deyib ki,  kondisioner  havasının insan orqanizminə ziyanı ola bilər:


“Kondisionerin hava yollarında inkişaf edən mikroblar tənəffüs yolları vasitəsilə insan orqanizminə təsir edir. Bu mikroblar kifayət qədər təhlükəli olduqda ağ ciyərlərin, nəfəs yollarının iltihabını törədə bilər. Adətən kondisionerin içərisi hər ildə bir dəfə təmizlənməlidir. Amma insanlar bunu etmirlər. Nəticədə cihazın hava yollarında olan mikroorqanizmlər hava ilə bayıra ötürülür. Bununla nəfəs alan insanların səhhətində problemlər yaranır. Ona görə, kondisionerlərdən istifadə zamanı gigiyenik qaydalara riayət etmək lazımdır.

Ən əsası insanlar kondisionerdən fasiləli istifadə etməlidir. Çünki uzun müddət soyuma baş verirsə, bu, müəyyən adamlarda yuxarı tənəffüs yollarındakı infeksiyaların fəallaşmasına gətirib çıxara bilər. Bu da qripə bənzər əlamətlər yaradır. “Kondisioner xəstəliyi” deyilən bir xəstəlik var. Bu, legionellozdur. Legionella  adlı bakteriya kondisionerin sularında olur. Bəzən insanlar bundan xəstələnir”.

A.Qeybulla bildirib ki,  kondisioner aktiv olarkən davamlı onun qarşısında oturmaq məsləhət deyil:


"Hətta kondisionerin qarşısında yatan insanlar var. Həmin şəxslərin orqanizmində ciyərlərə su yığılması kimi fəsadlar yarana bilər. Ağır əməliyyat keçirən, ciddi tibbi problemləri olan şəxslər ümumiyyətlə, kondisionerdən uzaq olmalıdır. Buna baxmayaraq isti havalarda kondisionerin soyuq havalarda olduğu qədər təhlükəsi yoxdur.

Ümumiyyətlə, kondisionerin normal nəmlilik dərəcəsi 30-60 dərəcə, temperatur dərəcəsi 22-27  dərəcə olmalıdır. Əgər çöldə temperatur çoxdursa, məsələn, 30 və daha yüksək dərəcədirsə, kondisioneri 16-18 dərəcə qoymaq mənasızdır. Əvvəla, kondisioner bu temperaturu ala bilmir. Bunun üçün çoxlu enerji sərf edir və bu da elektrik sərfiyyatıdır.  
Digər tərəfdən də  optimal temperatur olmalıdır, bu da 5 dərəcədir. 10 dərəcədən fərq olarsa, üz sinirinin iflicinə  kimi yarana bilər. Ona görə də bunu tənzimləmək lazımdır”.

“Baku Electronics”in marketinq meneceri  Vüsal Hüseynov  saytımızabildirib ki, yay ayları ilə əlaqəli kondisionerlərin satışında artım hiss olunur:


“Kiçik kvadratlı otaqlar üçün nəzərdə tutulmuş modellərə tələbat daha çoxdur. Hazırda bizdə kondisionerlərin qiymətləri 399 manatadan başlayır, kvadratına, BTU göstəricisinə və funksiyalarına görə dəyişir.

Satış güzəştlərinə gəldikdə isə, hazırda Xirdalan və Gəncə mağazalarımızda xüsusi kampaniya var - 12 aya faizsiz və ilkin ödənişsiz almaq mümkündür. Əlavə olaraq bütün mağazalarımızda hiss-hissə ödənişlə, həmçinin taksit kartlarla da faizsiz almaq olar. Məlumat üçün qeyd edim ki, ən çox maraq LG, Samsung, Siemens, Bosch, Electrolux, Midea, Timberk kimi modellərədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!