Modern.az

ABŞ-da yaşayan azərbaycanlı: “Los-Ancelesdəki “Qarabağ” restoranı məni dəhşətə gətirdi” - MÜSAHİBƏ  

ABŞ-da yaşayan azərbaycanlı: “Los-Ancelesdəki “Qarabağ” restoranı məni dəhşətə gətirdi” - MÜSAHİBƏ    

2 İyul 2018, 09:28

“Fuad Muradovun Diaspor Komitəsinə sədr təyin olunmasına ümidlə baxıram”


Amerikanın Los-Anceles şəhərində  yaşayan və fəaliyyət göstərən azərbaycanlı yazar-rejissor,  “Beynəlxalq Mədəniyyət Evi”nin rəhbəri  Sevinc Səfərova Modern.az saytına müsahibə verib.

-  Sevinc xanım, bir neçə ildir ki, Azərbaycandan çox uzaqda,  okeanın o tayında məskunlaşmısız. Çətin deyil ki?

- O mənada çətindir ki, vətəndən, doğmalarından yaxınlarından uzaqdasan. Amma nə etmək olar?! İnsan planlarını həyata keçirmək üçün bir yerlərdən başlamalıdır. İnsan qürbət eldə özünü vətəndəki kimi hiss etmir. Amma getdiyimiz məkanlarda mütləq yeni nələrsə öyrənirik. Həm də uzaqlarda olanda vətən daha doğma, daha isti görünür. İnanın, Bakıya gələndə dərindən nəfəs alıram. “Nə yaxşı ki, ölkəmə gələ bildim” deyirəm.

-  Uzaq məmləkətdə bir qadın olaraq Beynəlxalq bir qurum yaratmaq  o qədər də asan deyil. Bu işlərin öhdəsindən necə gəlirsiz?

- Bir qadın olaraq təbii ki, çətindir. Los-Ancelesdə  uşaqlarım həyat yoldaşım yanımdadır. Onlar da mənə dəstək olurlar. Çünki yad məmləkətdə baş çıxartmaq asan deyil. İki qızım və bir oğlum var. Hər ikisi orada ali təhsil alır.

- Los-Anceles həm də ermənilərin sıx məskunlaşdığı şəhərlərdən biridir. Azərbaycanlıları görəndə hansı reaksiyanı verirlər?

- Deməli, Kaliforniyada məskunlaşmağa başlayanda ilk işim Azərbaycan restoranlarının, mağazalarının olub-olmamasını axtarmaqla məşğul olub. Bilirsiniz ki, vətəndən uzaqda olanda adamın gözü xalqına, dövlətinə xas olan dəyərləri axtarmağa başlayır. Çünki uzaqlarda məmləkət üçün adam darıxır, kövrəlir. Mən də Azərbaycana aid bir çox şeyləri axtara-axtara “Qarabağ plaza” adlanan restoran tapdım. İnanın,  o qədər sevinmişdim ki!. Los-Ancelesdə Qarabağ... İçəri daxil olanda Qarabağ çörəyi, Qarabağ əti, Qarabağ kababını görəndə çox sevindim.  Daha doğrusu, bizə aid olanların bu cür təqdimatına çox sevindim. Amma bir az da irəli gedəndən sonra gördüm ki, içəridəkilərin hamısı erməni dilində danışır. Həmin anda yaşadığım gərginliyi təsəvvür edə bilmərəm. Hardan gəldiyimi soruşanda “Azərbaycandanam” dedim. Mənə çox qəzəbli formada baxdılar. Dərhal üz mimikaları dəyişdi. Mən də hər şeyi sifariş  etmişəm. Dedim yox, oturub gedişatı izləməliyəm. Təsəvvür edirsiz, xidməti rus xanım etdi. Düzü, mənim mətbəximi ermənilərin təqdim etməsi və onların öz adlarına çıxarması  mənə çox pis təsir etdi.

-Nə yaxşı Los-Ancelesdə yaşayan azərbaycanlılar həmin restotarnı bağlatdırmır, ya da Qarabağ adını onlardan geri almır?

-Bilirsiz, ermənilər 25 ildən çoxdur ki, o restoranı Los-Ancelesdə  işlədir. Amma heç bir azərbaycanlı etiraz da etmir. Qarabağ çörəyinin üzərinə qaraçörək otu da səpməklə müştərilərə bəh-bəhlə təqdim edirlər. Ümumiyyətlə, bizim mətbəximizi o dərəcədə mənimsəyiblər ki, dəhşətə gəlməmək qeyri-mümkündür. 


- Hazırda Los-Ancelesdə hansı işləri görürsüz?

- İlk vaxtlarda planlarım başqa idi. Amma “Qarabağ plaza”ya gedib həqiqəti görəndən sonra fikrimi dəyişdim. Vəkil tapdım və sənədlərimi qaydasına salmasını rica etdim. “Beynəlxalq Mədəniyyət Evi”ni açdım. Los-Ancelesdə Azərbaycan mətbəxini nümayiş etdirməyə başladım. “Qarabağ plaza”dan çıxandan sonra evimdə Azərbaycan mətbəxinin ən dadlı və məşhur yemək, şirniyyat növlərini özüm bişirməyə başladım. Hətta, Azərbaycandan Los-Ancelesə sac, oxlov, dördayaq, nənəmin aş qazanlarını,  samovar aparmışam.  O gündən “Beynəlxalq Mədəniyyət Evi”də bu işləri görürəm.

- Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradov sədr təyin olunub. Komitənin bundan sonrakı fəaliyyəti barədə gözləntiləriniz nədir?

- İndiki rəhbərlikdən gözləntilərim çoxdur. Zamanında Diaspor Komitəsinə o qədər müraciətlər etdim ki! Heç səsimə səs verən də olmadı. Xaricdə diaspor işini özbaşına qurmaq çox çətindir. Çünki dövlətin bu işə dəstək olmursa, istədiyini edə bilmirsən. Bu gün Los-Ancelesdə “Beynəlxalq Mədəniyyət Evi”ninin rəhbəri olaraq bu işləri təkbaşına edirəm. Amma Fuad Muradovun komitəyə sədr təyin olunmasına ümidlə baxıram. İnanıram ki, bu işə can yandıracaq. Azərbaycan mədəniyyətini təbliğ etmək üçün mütləq maddi dəstək olmalıdır. Gücüm çatdığı qədər ildə bir neçə dəfə tədbirlər etməyə çalışıram. Amma bütün tədbirləri ürəyim istəyən formada edə bilmirəm.


-Dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar erməni lobbisinin güclü olduğunu deyirlər. Sizcə, dünyada yaşayan azərbaycanlılar niyə lobbi fəaliyyətini geniş formada qura bilmir?

- Ermənilər məskunlaşdıqları yerlərin sakinlərini ələ almağı bacarırlar. Hətta, düşdükləri yerdə özlərinə aid nə varsa ora daşıyırlar. Məsələn, Los-Ancelesdə də özlərini tanıda biliblər. 31 mart dünya azərbaycanlılarını soyqırımı günündə böyük yürüş etdilər. Qondarma 24 aprel günündə eyni  formada yürüş etdilər. Özü də yürüşə 5-10 nəfər deyil, 100-lə erməni toplaşmışdı. Los-Ancelesdə bir yer var. Gözəl mənzərəsi, havası  var. Ora gedəndə bir növ elə bilirsən ki, Qarabağdasan. Ermənilərin çoxu da orada məskunlaşıb. Orada erməni ab-havası yaradıblar. Bu da onu göstərir ki, erməni lobbisi çox güclüdür. Təəssüf ki, azərbaycanlı olaraq biz bunları etmirik. Keçirdiyimiz tədbirlərə 15-20 adam güclə  qatılır. Halbuki, 15-20 nəfərlə lobbi fəaliyyətini istədiyimiz formada qura bilmərik. Hamılıqla bu işə can yandırmalıyıq. Tək əldən səs çıxmır.

- Dediniz ki, Azərbaycan mətbəxini təbliğ edirsiniz. Amerikalılar bizim mətbəxi sevirmi?

- Əlbəttə, sevir. Onları  şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarımızla tanış edirik. Amerikalılar ən çox bizim plovumuzu, kababımızı, dolmamızı sevirlər. Onları tez-tez mətbəximizə qonaq edirik. 



Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?