Modern.az

İctimai xadim, yaradıcı insan - Leyla Əliyeva:Gedim bir az ağlayım - AD GÜNÜ  

İctimai xadim, yaradıcı insan - Leyla Əliyeva: “Gedim bir az ağlayım” - AD GÜNÜ  

3 İyul 2018, 03:10

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. 

Modern.az-ın məlumatına görə, Leyla Əliyeva 1985-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

O, Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib. 2015-ci ildə isə cütlüyün özü qarşılıqlı anlaşma şəraitində ailə münasibətlərinə son verdiklərini, ancaq dost olaraq qaldıqlarını bəyan ediblər.

Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub. 

O, bu gün ictimai xadim olaraq bir sıra sahələrdə aktiv fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə ildir gerçəkləşdirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı həqiqətləri bəşəriyyətin diqqətinə çatdırılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. 
Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Qeyd edək ki, Leyla Əliyeva həm də yaradıcılıq fəaliyyətilə də məşğuldur, o şeir yazır, rəsm əsərləri çəkir.

Leyla Əliyevanın rus dilində yazdığı bəzi şeirlər ilk dəfə yazıçı-publisist Mahir Qabiloğlunun tərcüməsində Modern.az saytında dərc olunub. Onun 56 şeiri Azərbaycan dilində Modern.az-da işıq üzü görüb.

Leyla Əliyevanın Azərbaycan dilinə tərcümə olunmuş həmin şeirlərindən birini təqdim edirik:

Gedim bir az ağlayım 

Gedim bir az ağlayım, 
Elə-belə... astaca. 
Ürəyimi gizlədim yastığımın altında. 
Pəncərəni açaraq 
Kövrəlmiş ürəyimi 
Bəlkə həyətə atım?! 
Həyatın ağuşuna?! 
Yox, yaxşısı budur ki, 
Gedim bir az ağlayım, 
Elə-belə... astaca. 

Kimsə duyuq düşməsin 
Kədərimdən, qəmimdən, 
Durub yol alım bağa 
Astaca ağlamağa... 
Götürüm ürəyimi 
Atım çoşan ümmana – 
Dalğaların qoynuna. 
Heç dinə də bilməsin - 
“Niyə sığmır sinəmə?” 
Gah tufan, gah da rüzgar 
Apardıqca uzağa... 

Yox! Yaxşısı budur ki, 
Qoy dirrikdə basdırım, 
Dirilib çiçək olsun. 
Ya da ki, bala tutum, 
Acısın unutdurum. 
Özümü aldatsam da, 
Qoy ruhu ovundurum, 
Acısın unutdurum. 

Ya dostları çağırım 
Axşam vaxtı mən şama - 
Şərab içək doyunca. 
Könlümü də versinlər, 
Büllur qabda ortaya, 
Dostlar ondan dadsınlar, 
Dadıb, gəlsinlər cana. 

Budur, orda uşaqlar 
Atılırlar-düşürlər, 
Bəlkə topları yoxdu? 
Qoy verim ürəyimi 
Qovsunlar yorulunca... 

Yox! 
Artıq kədərlənmək yox! 
Ürəyin dediyiylə 
Oturmaq yox, durmaq yox! 
Atım onu bazarda, 
Ya da sizə verəcəm, 
Elə-belə, bədava. 

Gecənin sükutunda 
Ürəyimlə tənhayam. 
Yağış yağır, islanır 
Çətir tutmuram ona 
Qoy incisin... 
Nə qədər 
oyun açıb başıma... 

Hərdən üsyana qalxıb 
Həm Günəşə, həm Aya 
Hayqırıram: “Götürün, 
Verdim onu Allaha!” 
Amma qərar vermədim, 
Neyçin qərar vermədim, 
Bu geniş ürəyimi 
Sənə bağışlamağa?!  

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər