Modern.az

QHT-lər qrant layihələri barədə Ədliyyə Nazirliyinə məlumat vermirlər

QHT-lər qrant layihələri barədə Ədliyyə Nazirliyinə məlumat vermirlər

Qarabağ

3 Dekabr 2009, 15:57

Dekabrın 3-də “Avropa” hotelinin böyük zalında

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda  konfrans keçirib.

Konfransı giriş sözü ilə Şura üzvü, tədbirə təşkilatçılıq dəstəyi vermiş Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev açaraq, tədbirdə müzakirə ediləcək məsələlər və onların əhəmiyyəti barədə danışıb. Müzakirəsi nəzərdə tutulmuş məruzələrin təqdimatından öncə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun icraçı direktoru Fərda Əsədov çıxış ediblər. Qeyd olunub ki, konfrans ölkənin QHT sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyan şəffaflıq və hesabatlılıq məsələlərini müzakirə etməklə QHT-lərin gələcək fəaliyyəti üçün demokratik qanunvericilik bazasının daha da genişləndirilməsi, QHT-donor, QHT-hökumət münasibətləri və əlaqələrinin yeni müstəvidə qurulması işinə start vermiş olur. Həmçinin, hesabatlılıq və şəffaflıq üzrə Azərbaycan QHT-lərinin Xartiyası layihəsinin müzakirəsi və onun ictimaiyyətə çatdırılmasının vacibliyi vurğulanıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirb ki,  vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər var: “Qanunun tələbi olmasına baxmayaraq hazırda çox az sayda QHT Ədliyyə Nazirliyinə, cəmiyyətə maliyyə fəaliyyəti ilə bağlı məlumat verir. Biz QHT-lərin siyahısını, onlar haqda məlumat kitabçası hazırlayırıq. Ədliyyə Nazirliyində 2447 QHT qeydiyyatdan keçib. Lakin onların 1308-i haqda heç bir məlumat yoxdur. Bilinmir harada, necə fəaliyyət göstərirlər”.

Şura sədri deyib ki, başqa bir problem QHT-lər qrant layihələri barədə Ədliyyə Nazirliyinə məlumat verməmələridir: “Qanun bu məlumatın vaxtında Ədliyyə Nazirliyinə verilməsini tələb edir. Bizim araşdırmamız zamanı məlum olub ki, 2005-ci ildə 300-dən çox QHT qrant alıb. Onlardan yalnız 35-i Ədliyyə Nazirliyinə müvafiq məlumat verib”.

A.Quliyevin sözlərinə görə, QHT-lərin bir çoxunda nizamnaməyə uyğun olaraq ildə bir dəfə ümumi yığıncaqlar keçirilmir: “Çox az sayda QHT-lər vaxtında ümumi yığıncaqlarını keçirib rəhbər orqanlarını seçirlər. Sanki QHT-lər bir şəxsin mülkiyyətinə çevrilib, rəhbərləri ömürlük həmin vəzifədə qalmaq istəyir. Bu problem həll olunmalıdır”.

Şura sədri “QHT-lərin Məsuliyyət Xartiyası” hazırladıqlarını bildirib. Sənəd QHT-lərin fəaliyyətini tənzimləyəcək: “QHT sektorunda rüşvət və korrupsiya da aktual məsələlərdir. Buna dair etik kodeks olmalıdır”.

A.Quliyev deyib ki, QHT-lərin fəaliyyətinin səmərəliliyinin artırılması üçün ən vacib şərtlərdən biri onların sosial sığortadan azad olunmasıdır. “Milli Məclisin dekabrın 4-də keçiriləcək iclasında “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı layihə müzakirə olunacaq. Mən iclasda QHT-lərin 22 faiz sosial sığorta ödəməkdən azad olunması məsələsini qaldıracam”.

Konfransda Şura üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədovun “Qeyri-hökumət təşkilatlarının şəffaflığının və hesabatlılığının hüquqi aspektləri: milli və beynəlxalq təcrübə”, Gənc Mühasiblər İctimai birliyinin sədri Solmaz Əliyevanın “Qeyri-hökumət təşkilatlarında şəffaflığın maliyyə aspektləri”, İqtisadi Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Qubad İbadoğlunun “Qeyri-hökumət təşkilatlarının şəffaflığının iqtisadi aspektləri” mövzusunda məruzələri, habelə Sahibkarlığın İnkişafına və Bazar İqtisadiyyatına Yardım Fondunun sədri Sabit Bağırovun Azərbaycan QHT-lərinin hesabatlılıq və şəffaflıq üzrə Xartiyasının layihəsi haqda müfəssəl məlumatı dinlənilib.

Tədbirdə səsləndiriən fikirlər QHT fəaliyyətinin effektivliyinin və ictimai statusunun qaldırılması baxımından mühüm əhəmiyyəti qeyd edilib. Eləcə də çıxışlar əsasında  Xartiya layihəsinə ediləcək dəyişiklik və əlavələrdən sonra sənədin mətbuat vasitəsilə geniş ictimai müzakirəyə çıxarılması haqda razılıq  əldə edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər