Modern.az

Prezident “Azərenerji” rəhbərinə HİDDƏTLƏNDİ: “Siz xalq qarşısında utanmalısınız!” - VİDEO

Prezident “Azərenerji” rəhbərinə HİDDƏTLƏNDİ: “Siz xalq qarşısında utanmalısınız!” - VİDEO

4 İyul 2018, 22:07

“İsti hava qəzanın səbəbi ola bilməz. Bizdən də isti ölkələr var, onlarda belə hadisələr baş vermir. Verəndə də bütün ölkənin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər, bu istisna deyil. Ancaq bir qəzaya görə böyük bir ölkənin enerji sisteminin çökməsi çox ciddi səhvdir”.

Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirib.

 
Müşavirədə çıxış edən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyev Azərbaycan enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar ölkə başçısından və eyni zamanda respublikadakı enerji istehlakçılarından üzr istəyib.


“Həmçinin İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı vəziyyəti təcili olaraq nəzarətə götürdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk” söyləyən Etibar Pirverdiyev “son 15 ildə energetika sektorunda Sizin rəhbərliyiniz ilə...” deyə fikrinə davam edərkən prezident İlham Əliyev onun sözünü kəsib.

Prezident İlham Əliyev: “Onu bilirik, son 15 il ərzində nələr görülüb. Sən de görək qəzanın səbəbləri nədir və nə üçün ölkəni qaranlıq bürümüşdü? Səbəblər nədir?".

Etibar Pirverdiyev: “İyulun 3-də və ondan əvvəlki vəziyyətlə bağlı məlumatı təqdim etmək istərdim. İyun ayının gündəlik elektrik istehsalını götürdükdə, ayın əvvəlində biz görürük ki, gündəlik istehlaka 50-55 milyon kVt/saat arasında enerji verilmişdir. Son bir həftə ərzində isə bu rəqəm 70-75 milyona qalxmışdır. Təxminən 40 faiz birdən-birə...”.

Prezident İlham Əliyev: “Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən. Əyləşin.

Bir daha deyirəm, Yaqub Eyyubov, məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidirlər. Qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında mənə məruzə edilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?