Modern.az

Diaspor Komitəsinin işindən GÖZLƏNTİLƏR - Nikbinlik nəyə əsaslanır...

Diaspor Komitəsinin işindən GÖZLƏNTİLƏR - Nikbinlik nəyə əsaslanır...

5 İyul 2018, 18:01

2002-ci il iyulun 5-də Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi.


Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 16 il ötür.
 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, eks-deputat Sabir Rüstəmxanlı Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin ötən 16 ilini dəyərləndirib:


“Azərbaycan diasporunu sovet dövrüylə müqayisə etmək istəyirəm. O vaxt xaricdən ayrı-ayrı azərbaycanlıların gəlib-getməsinin hər biri böyük hadisə idi. Onlar çox böyük çətinliklərdən keçirdi. Bu gün azərbaycanlılar dünyanın hər yerindən Azərbaycana çox rahat gəlib-gedirlərsə, burada heç şübhəsiz Diasporla iş üzrə Dövlət Komitəsinin də rolu var. Komitənin təşəbbüsü ilə azərbaycanlılaın qurultaylarının çağırılması, Azərbaycan və Türkiyə diasporları arasındakı əlaqə həm dövlətin siyasətinin, həm də Komitənin fəaliyyətinin nəticəsidir.

Qüsurlar, çatışmazlıqlar var, amma bunu tək Komitənin üzərinə atmaq doğru olmaz. Çünki diasporumuz dünyada kifayət qədər təşkilatlanmayıb. Yalnız imkansız adamlar bir araya gəlirlər. İmkanlılar milli maraqlara xidmət etmirlər, onların öz maraqları var. Xaricdə yaşayan azərbaycanlılar ölkəmizlə kifayət qədər maraqlana, Azərbaycanın mövqelərini layiqincə müdafiə edə bilmirlərsə, bunun hamısının günahı Komitədə deyil. Bu, ümumi diasporumuzun bəlasıdır. Şübhəsiz təşkilatlanma işinə Komitənin mənfilikləri, qüsurları, bu işə düzgün yanaşmamaq meylləri də ciddi təsir göstərib. Biz Dünya Azərbaycanlıları Konqresi kimi fəaliyyət göstərirdik, buna alternativlər yaradıldı. Avropa Konqresi, başqa konqreslər və s. Bunlar da nəzərə alınmalıdır. Küll halında Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması böyük hadisədir, onun əməkdaşlarının hər birini təbrik edirəm”.
 

S.Rüstəmxanlı Fuad Muradovun rəhbərliyilə Komitənin daha böyük uğurlara imza atacağına inandığını bildirib:

“Fuad Muradovu Milli Məclisdən tanıyıram. Gənc, perspektivli, enerjili millət vəkili olub. O yaşda deputat seçilməsi ciddi hadisə idi. Parlamentdə də hamımız ona o cür qayğı və simpatiya ilə yanaşırdıq. Sədr seçildikdən sonra bir neçə dəfə Fuad Muradovla görüşmüşəm. Onun ilk addımlarından hiss edirəm ki, öz yerində olan adamdır və bir çox təşəbbüsləri var. İşə çox böyük həvəslə başlayıb, böyük layihələri var. Daha çox təhsilli gənclərlə işləməyə üstünlük verir. Onlarla birlikdə hər bir məsələyə obyektiv yanaşsa, yanaşdığını da hiss edirəm, şübhəsiz, Diasporla İş üzrə Dövlət Komitəsinin işində ciddi nəaliyyətlərə səbəb ola bilər”.



Milli Məclisin deputatı Tahir Mirkişili
də Komitənin fəaliyyətə başlamasının 16 illiyilə bağlı fikirlərini Modern.az-la bölüşüb:

 

“2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. O zaman əsas məqsəd müxtəlif yerlərdə yaşayan və yaratdığı təşkilatlarla Azərbaycan hökumətinin və dövlətinin əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda dövlət maraqlarının xaricdə qorunmasında soydaşlarımızın və diaspor təşkilatlarımızın aktiv rol oynaması idi. Bunun nəticəsi olaraq, 2002-ci ilin bu günündə Heydər Əliyev tərəfindən belə bir komitə yaradıldı. Ümumilikdə ötən 16 ildə Azərbaycan dövləti daha da möhkəmləndi. Ölkəmizin möhkəmlənməsi  xaricdəki diaspor təşkilatlarının möhkəmlənməsinə, digər xalqların da diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi üçün xeyli cəhdlər oldu. Düşünürəm ki, o cəhdlərdən uğurluları da qeydə alındı. Bu günə baxsaq, düşünürəm ki, Azərbaycan qarşısında duran bir çox çağırışlarda həm siyasi, həm iqtisadi, həm sosial məsələlərin həlli bir çox hallarda sərhədləri keçir, xarici dövlətlərin ərazilərində yaşayan soydaşlarımızın maraqları ilə üst-üstə düşür”.


T.Mirkişili xaricdə yaşayan azərbaycanlıların dəstəyinə böyük ehtiyacın olduğunu vurğulayıb:

“Azərbaycan az sayda ölkələrdəndir ki, onun xaricdə yaşayan insanları respublikada yaşayanlardan dəfələrlə çoxdur. Bu baxımdan Azərbaycan dövlətinin qarşısında duran məsələlərin həllində soydaşlarımızın dəstəyi mütləqdir. Azərbaycanın Qarabağ kimi problemi var, torpaqlarımız işğal altındadır. Bu gün ölkə haqqında dezinformasiya yaymaq istəyənlər-internetdə, xaricdə, beynəlxalq təşkilatlarda və s. çoxdur. Bu baxımdan diaspor təşkiatlarının qarşısında çox böyük vəzifələr durur.
Komitədə baş vermiş yenilənmə, yəni bizim həmkarımız Fuad Muradovun sədr təyinatı böyük etimaddır. Nəzərə alsaq ki, Fuad Muradov kifayət qədər uzun müddət dövlətçilik üçün çalışan bir kadrdır, bu baxmdan Diasporla İş üzrə Dövlət Komitəsinin daha da aktiv işləməsinin şahidi olacağıq. Son görüşlər də bunu göstərdi. Düşünürəm ki, Komitənin öz fəaliyyətində innovativ yenilikləri tətbiq etməsi, sədrin görüşləri birbaşa xaricdən başlaması, Azərbaycan xalqının və dövlətinin marağında olan təşkilatların gücləndirilməsi və yeni səviyyəyə çatdırılması üçün gələcək uğurların başlanğıcıdır və biz bunun şahidi olacağıq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər