Modern.az

Aqrar Universitetin professoru: “Elmar Vəliyev Nizami yurdunu dünyaya yenidən  tanıtdı” – MÜSAHİBƏ

Aqrar Universitetin professoru: “Elmar Vəliyev Nizami yurdunu dünyaya yenidən  tanıtdı” – MÜSAHİBƏ

8 İyul 2018, 10:55

“Kənd təsərrüfatından dərs deyən müəllim müasir kombaynları, texnikaları, traxtorları istifadə edə bilmirsə, ona necə mütəxəssis demək olar?”

“Bəzi yaşlı müəllimlərə müasir kombaynları idarə etməyi tapşırsaq, qorxub texnikaya yaxın gəlməyəcəklər”


Yuxarıdakı sitatlar AzEdu.az-ın növbəti müsahibinin  -  2003-cü ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan Aqromexanika və Elmi-Tədqiqat İnstitunun direktoru, professor Kamil Fətəliyevə məxsusdur.

O, müsahibəsində öz sahəsi ilə bağlı bir çox maraqlı məsələlərə toxunub.

DOSYE: O, 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti-red.) “Mühəndislik” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1968-70-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu “Mühəndislik” fakültəsində laboratoriya müdiri və assistent vəzifələrində çalışıb. 1970-76-cı illərdə Azərbaycan  Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun əyani  aspirantı olub, sonra isə elmi işçi vəzifəsində çalışıb. 1977-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

2010-cu ildə ona Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru adı verilib. 230 elmi əsərin, o cümlədən,  6 dərs vəsaiti, 15 tövsiyə və 22 ixtiraya alınmış patentin müəllifidir.

Modern.az saytı AzEdu.az-a istinadən Kamil Fətəliyevlə müsahibəni təqdim edir:

- Kamil müəllim, Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud ali təhsil sistemini necə qiymətləndirirsiniz?

- Azərbaycan Dövlət Aqrar Universitetində 17 il kafedra müdürü,14 il dosent və digər vəzifələrdə çalışmışam. 1970-80-ci illərin sonlarına qədər bu ali məktəbdə əsaslı kadrlar hazırlanırdı. Məlum hadisələrdən sonra bütün respublika təhsil sisteminə o cümlədən indiki Aqrar Universitetinin verdiyi təhsilə böyük zərbə vuruldu. O zaman ali məktəbin maddi-texniki bazası yox səviyyəsində idi. Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra universitetdə çiçəklənmə dövrü yenidən başladı. Aqrar sahədə olan tam yararsız texnikalar, müasirləri ilə əvəzləndi. Lakin dərs deyən müəllimlər yeni texnikaları görməmişdilər. Müəllim müasir kombaynları, texnikaları, traktorları istifadə edə bilmirsə, ona necə mütəxəssis demək olar?

- Yəni,  tələbinin ixtisaslı kadr kimi yetişməsi üçün mütəxəssis əsas şərtlərdən biridir..

- Tələbənin ixtisaslı kadr kimi yetişməsi üçün ilk növbədə ona maddi-texniki baza lazımdır. 2003 ildən Aqrar Universitet maddi-texniki baza cəhətdən yüksək səviyyədə təmin olunub. 5000-ə qədər tələbənin  hər cür şəraiti olan yataqxanada qalmaq imkanı var. Respublikada heç bir ali məktəbdə  bu qədər gözəl şərait yoxdur. Hazırda xarici dövlətlərlə də tələbə mübadiləsi aparılır. Rusiyadan gələn mütəxəssislər bu qədər qısa zamanda aqrar sahədə bu cür təhsil verən müəssisənin qurulmasına heyrət edirlər.

- Kamil bəy, uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz. Tələbələrin aqrar sahəyə olan marağı sizi qane edibmi?

- Kadrların hazırlanma səviyyəsi məni qane etmir. Tələbələrə mühazirələr deyib bundan zövq alırdım. Ancaq onların arasında bu sahəyə maraq göstərən çox az idi. Gələcək iş imkanlarının, aylıq gəlirin azlığı və ya digər əlavə səbəblərdən tələbələr aqrar sahədə ixtisaslaşmaq istəmirlər. Universitet artıq qocalıb. Ali məktəbin orta yaş həddi 55, burada dərs deyən alimlərimizin orta yaş həddi isə 65-dir. Reallıq budur ki, biz qocalırıq və yaradılan bu cür şəraitdə təhsil almamaq günahdır. Tələbə olanda amalımız oxumaq və işləmək idi. İndi tələbələrdə o istəyi, o həvəsi görmürəm. Hazırda kompüterdə yaxşı çertyoj çəkən mütəxəssis axtarıram. Ancaq əfsus ki, kadr çatışmazlığı bizə çox əziyyət verir. Bizi gələcəkdə kimlər əvəz edəcək,  elmi mövzuları kim aparacaq, bilmirəm. Bu, məndə böyük narazılıq doğurur. Halbuki, savadlı, bilikli minlərlə gəncimiz var.

- Dövlət İmtahan Mərkəzinin keçirdiyi  qəbul imtahanlarında Aqrar Universitetə keçid balı olduqca aşağıdır. Hətta 150 balla da bu ali məktəbə daxil olmaq mümkündür. Çox güman ki, abituriyentlərin “ortada qalmamaq” üçün buranı seçməsi onların gələcəkdə bu ixtisasdan uzaqlaşmalarına səbəb olur..

-Gənclərin bu sahəyə marağını artırmaq üçün nələr edə biləcəyimiz barədə çox düşünmüşük. Cənab prezidentin xüsusi tapşırığı ilə Aqrar Universitetə 500 baldan yuxarı nəticə ilə daxil olan hər bir tələbəyə əlavə olaraq ayda 200 Azn təqaüd ödənir. Belə şəraitdə tələbə niyə oxumasın?!  İş və maaş faktorunun burada böyük rolu var. Tələbə gələcəkdə “harada işləyəcəm?” düşüncəsi ilə yaşayır. Bizim Elmi-Tədqiqat İnstitutunun maaşı da aşağı səviyyədədir. Elmə ayrılan vəsait ümumdaxili məhsulla götürəndə 0,2 faiz aşağıdır. Təbii ki, 150 balla qəbul olunan tələbənin biliyi demək olar ki, sıfıra bərabərdir. Bu il nəvəm Bakı Dövlət Universitetinin Hüquq fakültəsini kəsirsiz bitirib. Çünki belə universitetlərdə təhsil alan tələbələrin əksəriyyəti yüksək balla qəbul olan abituriyentlərdir. Keçid balı aşağı olmayanda plan yeri dolmur deyə, məcbur qalıb  balı aşağı endirirlər. Plan yeri dolmasa mütəxəssisi  necə və kimlərdən hazırlayacaqsan?!  Hesab edirəm ki, gələcəkdə savadlı kadrların Aqrar Universitetə axını artacaq. Bunun üçün əsas şərt onların işlə, lazımi maaşla təmin olunmasıdır. Belə olanda tələbələrin də bu sahəyə marağı yaranar. Nəyə görə xarici ölkədən gətirilən aqronoma, zootexnikə yüksək maaş verib, öz işçilərimizi kənarda qoyaq?!

- Hazırda Aqrar Universitetdə dərs deyən müəllimlərin əksəriyyəti yaşlı kadrlardır. Sizcə, bu amil ali məktəbdəki təhsilin keyfiyyətinə necə təsir göstərir?

 - Yaşlı müəllimin  müasir hesablama texnikalarını mənimsəmə bacarığı cavan kadrla eyni ola bilməz. Bəzi yaşlı müəllimlərə müasir kombaynları idarə etməyi tapşırsaq, qorxub texnikaya yaxın gəlməyəcəklər. Çox təəssüf ki, texnikalar lazimi səviyyədə tələbələrə çatdırıla bilmir. Yenə də qeyd edirəm ki, cavan kadrların cəlb oluna bilməməsində əsas səbəb maddiyatdır. Bir gün mağazaların birində tələbəmlə  rastlaşdım. Satıcı işlədiyini gördükdən sonra aspiranturaya daxil olmasını söylədim. Çox savadlı, bilikli oğlan idi. Aspiranturada alacağı məbləği eşidəndən sonra təklifimi qəbul etməkdən imtina etdi.

- Kamil müəllim,  hazırda ölkəmizdə aqrar sahədə kiçik təsərrüfatla fəaliyyət  üstünlük təşkil edir. Bu gün fermerlər və ya sahibkarların ixtisaslı mütəxəssisə nə dərəcədə ehtiyacı var?

- Bu gün fermer özü də kənar qüvvə çalışdırmağa maraqlı deyil. Ölkədə 1,8 milyonun 250 min hektarı 3 hektar əraziyə malik sahələrdən ibarətdir.  Kiçik sahələrə də təbii  ki, mütəxəssisə bir o qədər də  ehtiyac  yoxdu. 3,5 milyon nəfər əhaliyə kiçik torpaq payı verildi. Bu torpaqların hər birinin böyüklüyü 50 hektar olsa, insanlar həm aqronom, həm də digər mütəxəssisləri axtarmağa başlayacaq. Eləcə də heyvandarlıq sahəsində 90% insan 5-10 başdan artıq mal-qara saxlamır. Azsaylı mal-qaranı saxlamaq üçün zootexnikə nə dərəcədə ehtiyac var?

Kombaynlar da 60-70  manata  2-3 hektar ərazini biçməyə razı olmur.  Hər gün gecikdikcə, 1-2  faiz taxıl  itkiyə  gedir. Azərbaycanda məhsuldarlıq nəyə görə aşağı olmalıdır? Torpaqdan yetərincə istifadə etmək, ixrac potensialımızı, brend məhsul istehsalımızı artırmaq lazımdır. Kiçik təsərrüfatla da bunları əldə etmək mümkün deyil.

- İllərdir, Gəncədə yaşayıb, Gəncədə çalışmısınız. Ümumiyyətlə, son günlərdə Gəncədə baş verən hadisəyə, icra başçısı Elmar Vəliyevin güllələnməsi bir alim kimi  sizə necə təsir etdi?

- Elmar müəllimlə bağlı baş verən hadisə məni çox sarsıtdı. Onu 40 ilə yaxındır, tanıyıram. Yevlaxın deputatı İlham Məmmədov deyirdi ki, Elmar Vəliyevlə pambıq yığmağa gedəndə 100 kq pambığı tərəziyə qoymasaydı, sahədən çıxmazdı. Bu adamın işgüzarlığına söz ola bilməz. Onun güllələnməsi haqda sosial şəbəkələrdə, virtual məkanda yazılanları oxuyur və onunla razılaşmıram!  

Bu adam gələn gündən aktiv iş rejimində çalışır. Heç bir icra başçısı müxtəlif sahələrə onun kimi ayrı-ayrılıqda diqqət göstərmir. 60 ilə yaxındır, Gəncədə yaşayıram. Bir gün belə görməmişəm ki, icra hakimiyyətinin işıqları axşam 10-11-dən tez söndürülsün.

-  Bəs, elmə, təhsilə  münasibəti sizi nə dərəcədə razı salıb? 

- Onun ilk məqsədi Gəncəni özünə qaytarmaq olub. Çünki Elmar Vəliyev Gəncəyə vurğundur. Onun gəlişindən sonra Gəncənin  Qala qapısından içəri girən  kimi sanki başqa mühitə düşdüyünü anlayırsan. Farslar və digər millətlər daim Nizamini özünküləşdirməyə çalışıblar. Elmar Vəliyev Nizamini bütün dünyaya tanıtdı. O, eyni zamanda bugünə qədər çoxsaylı muzeylər tikdirib, parklar saldırıb.

 

Elmar Vəliyev İslam dünyasına hörməti artırdı. Dini radikallara qarşı mübarizə aparıb, dövlətin mənafeyini güdürdü.  Onlarla bağlı bəzi səhnələri görəndə ətim ürpəşirdi. Bütün bunların qarşısını alması ona qarşı düşmənçiliyin yaranmasına səbəb oldu. Eyni zamanda, Gəncənin abadlaşdırılması, çiçəklənməsinə görə yararsız, uçqun vəziyyətdə olan evlərin plana salınması da narazılığa səbəb ola bilər. Keçən il Moskvadan gələn alim yoldaşımla bərabər Heydər Əliyev Park Kompleksini ziyarət etdik. Məndən bu kompleksin neçə ilə tikildiyini soruşdu. Bir il yarıma tikildiyini və şəxsən icra başçımızın öz əməyi hesabına ərsəyə gəldiyini dedim. Alim cavabında “həmin adam düşmənim də olsa, qucaqlayardım”, deyə cavab verdi.


Nəzrin Rüstəmova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub