Modern.az

Türkiyədəki qatar qəzasında ölü sayı artdı - 24 nəfər - YENİLƏNİB - FOTOLAR

Türkiyədəki qatar qəzasında ölü sayı artdı - 24 nəfər - YENİLƏNİB - FOTOLAR

9 İyul 2018, 08:34

Türkiyənin Tekirdağ əyaləti yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.

Onun sözlərinə görə, qəza baş verən yerdə xilasetmə və təxliyə işləri başa çatıb.

Hazırda xəstəxanalarda 124 nəfər yaralı da müalicə alır.

***

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində daha  73 nəfər xəsarət alıb. Amma ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.

 

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar.

İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.

 

Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb.

 

21:27

 

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Tekirdağ əyalətində baş verib.

 

Məlumata görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın beş vaqonu relsdən çıxaraq aşıb.

 

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir