Modern.az

Əkbər Bayramov: Azərbaycan psixologiyasının korifey - fenomenal şəxsiyyəti...

Əkbər Bayramov: Azərbaycan psixologiyasının korifey - fenomenal şəxsiyyəti...

Ədəbi̇yyat

10 İyul 2018, 09:05

Xatirə-oçerk

Neçə müddətdir, haqqında söz açmaq istədiyim şəxsiyyət barəsində yazmaq istəyirdim. Beynimdə onun haqqında xoş fikirlər dolaşırdı. Gözəl insan, dəyərli ziyalı, hörmətli pedaqoq, tanınmış alim, mehriban ailə başçısı, qayğıkeş əmi və s. bu fikirlərin içərisində şaxələnirdi. Nədən, necə başlayacağımı götür-qoy edirdim. İstəyirdim onu olduğu kimi, trafaretdən kənar bir şəkildə təsvir edim... Həm ictimai, elmi, həm də dəyərli bir insan kimi fenomenal şəxsiyyəti barəsində mümkün qədər təsəvvür yaradım...

Əkbər Bayramov Azərbaycan maarifinin, humanitar elminin, psixologiya sahəsinin tanınmış elm xadimi, istedadlı pedaqoq, elmlər doktoru, professoru idi... O, kövrək qəlbli müəllim, geniş erudisiyalı alim olmuşdur. O, 60 illik pedaqoji fəaliyyətində minlərlə gəncin təlim-tərbiyəsinin təkmilləşməsinə, ziyalılar nəslinin püxtələşməsinə, xeyirxah bir ömür həsr etmişdir. Onun yetirib ərsəyə çatdırdığı gənclər, mütəxəssislər, hazırda Azərbaycanın mədəni, iqtisadi yüksəlişində hünər, rəşadət göstərməkdədir. O 250-dən çox, elmi, metodik, nəzəri, sosial, psixoloji problemlərə aid məqalə çap etdirib, xeyli elmi monoqrafiyasını, dərsliyini, eksperimental tədqiqatlarını elmi ictimaiyyətin, tələbələrin, oxucuların istifadəsinə təqdim edib... Əkbər müəllimin elmi-sosial yaradıcılığı davamlı olaraq hələ də bəhrə verməkdədir və şübhəsiz on illər boyu bu missiyanı davam etdirəcəkdir. Onun qələminin məhsulu olan sosial və eksperimental psixologiya sahəsinə, milli psixologiyanın formalaşma və təşəkkülü tarixinə həsr olunmuş əsərləri, məqalələri, tarixi-ədəbi-psixoloji araşdırmaları elm xəzinəmizi zənginləşdirmişdir...

Psixoloiya elminin müxtəlif sahələrinə həsr etdiyi – “Kitabi-Dədə Qorqud» dastanında etnik-psixoloji xüsusiyyətlərin inikası”. Bakı, 2000; “Psixologiya” (Ensiklopediya üçün). Bakı, 2007; “Pedaqoji psixologiya”, 19.00.07-Pedaqoji psixologiya ixtisası üzrə namizədlik minimumunun proqramı. Bakı, 2005; “Azərbaycan Milli Ensiklopediyası: psixologiya elmində işlənilən anlayışların şərhi”. Bakı, 2006; “Psixologiya haqqında adı həqiqətlər. “Anfas” elmi- kütləvi, ədəbi – bədii jurnal, Bakı, 2008, № 3, s. 16-18-24-26; “Psixologiya”. Ali məktəblər üçün dərslik. Bakı, 1989 - 2009; “İnsan və cəmiyyət”, I hissə, Bakı, Təhsil Nəşriyyatı, 2003; “Sosial psixologiya”. Bakı, 2003 (dərslik); “Hüquq psixologiyası. Dərslik. Bakı, 2009; “Etnik Psixologiya”. Bakı, 1989; “Etnik psixologiya məsələləri”. Bakı, 1996; “Etnik Psixologiya, Şəxsiyyət”. Bakı, 2001 və s. bu qəbildən yazdığı mükəmməl dərslikləri, monoqrafiyaları diqqətəlayiq səviyyədə, yüksək erudik intellektlə yazıldığı üçün bakalavr-psixoloqlar, magistrlər, psixoloq və pedaqoq – aspirantlar, məktəb rəhbərləri, müəllimlər və tərbiyyəçilər, praktik psixoloqlar, hüquq sahəsinin əməkdaşları, eləcə də geniş oxucu kütləsi üçün xüsusi qiymət, fayda və maraq kəsb edir...

Elmi yaradıcılığa 1955-ci illərdə başlamış Ə.S.Bayramov həyatının son illərinə qədər 46 monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 250-dan artıq elmi-nəzəri məqalə, məruzə və tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlrinə dair 270-dən çox qəzet, jurnal məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.

Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə haqlı olaraq yazır: “Elmin zirvəsinə yol fədakarlıqdan və istedaddan keçir. Ancaq ağır zəhmətə qatlaşanlar, bütün həyatının mənasını elmə həsr etməkdə görən istedadlı şəxslər bu zirvəyə yüksələ bilərlər. Bu gün həmin zirvədə duranlardan biri ömrünün müdriklik çağını yaşayan görkəmli psixoloq, əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovdur. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər müəllimin xidməti əvəzsizdir”.

Haşiyə - həyatından fraqmentlər: Azərbaycanın görkəmli alimi, psixologiya elmləri doktoru, Azərbaycan Respublikası Əməkdar elm xadimi, professor, həmçinin BDU-nun fəxri professoru Bayramov Əkbər Salman oğlu 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədədli kəndində (o dövrdə Şıxavənd sovetliyi adlanırdı) ziyalı ailəsində anadan olmuşdur. Atası Bayramov Salman bəy Qurban oğlu öz dövrünün seminariya təhsili görmüş, ərəb, fars, rus, Osmanlı türkcəsini və erməni dillərini mükəmməl bilmiş, Müsavat partiyasının Qarabağ mahalı üzrə idarə heyətinin üzvü kimi nüfuzlu bir şəxsiyyət olmuş, Tərtərbasar adlanan bölgədə Yuxarısı Kəlbəcər, aşağısı Bərdə) Qəza İcraiyyə Komitəsinin sədri ( el arasında Dağbəyi adlanan) vəzifəsində çalışmış, Salman bəy olaraq tanınmışdır... Kolanı ellərinin ağsaqqalı olan Salman bəy Sovet hakimiyyətinin ilk on illiyində də məsul vəzifələr icra etsə də, repressiyadan yaxa qurtara bilməmiş, qonşu erməni bəylərinin qarayaxma böhtanları ilə iki dəfə həbs edilib Şuşa qalası və Bakıdakı Bayıl türmələrində yatsa da, azad edilmiş, üçüncü dəfə 1938-ci ildə həbs edilərək, əvvəl Şuşa qala türməsində, sonra Bakıdakı Bayıl türməsinə yatab edilmiş, 1938-ci il, mart ayının 06-da Nargin adasında vəhşicəsinə güllələnmişdir...

Haşiyəyə əlavə:O dövrdən sağ qalan, hadisənin iştirakçısı olan qocalar (Qaçaq Gəncim baba, Bezavatlı oymağından olan Qələndər oğlu Behbud baba, Salman babamın milis-yavəri işləmiş Bəşirov Qulu baba və s.) danışırdılar ki, Salman bəyi M.C.Bağırov yaxşı tanıyırdı, hətta Ağdama, Kolanı ellərinə ayağı düşəndə Salman bəyin ağ daşdan tikilmiş ağban otaqlı, geniş eyvanlı evinin əziz qonağı olardı... Qocalar söylərdilər ki, bir dəfə Mir Cəfər Salman bəyin qonağıymış, səhər-səhər geniş eyvanda əyləşib çay içə-içə söhbət edirmişlər, özü də rusca danışırmışlar.. Bu məqamda evin üst tərəfindən keçən el yolundan Salman bəyin sırf Qarabağ cinsindən olan ilxısı gəlib keçir... Mir Cəfər hədsiz dərəcədə at həvəskarı imiş... İlxını görən kimi ayağa qalxır, eynəyinin altından parlayan gözlərinə daha da parlaqlıq gəlir, həvəslə ilxını seyr edir, təriflər yağdırır, ilxının içində oynağa qalxan boz köhlənə xüsusi diqqət yetirir, maşallah deyir... Salman bəy, təşəkkürünü bildirir, üzə vurmadan, kasıbın olanından deyərək gülümsəyir...

Yenidən süfrə arxasında əyləşib söhbətlərini davam etdirirlər. Hər ikisi popiros çəkərmişlər. Stolun üstündə portsiqarlar yanaşı qoyulmuşumuş. Mir Cəfərin gümüş portsiqarı xüsusi olaraq hazırlanıbmış. Salman bəy vaxtaşırı bu gümüş portsiqara nəzər yetirir, alıb əlində fırladıb, baxıb, qaytarıb yerinə qoyarmış...

O vaxtlar Hüsü Hacıyev Ağdam rayonunda nəçənnik (naçalnik) NKVD işləyirmiş. Mir Cəfər başının dəstəsiylə Ağdama qayıdır... Elə kənddən bir az aralaşandan sonra, Salman bəy geriyə qayıdır, buyruqçularına deyir ki, ilxıdakı bu nəmdə, bu nişanda olan boz köhləni kəməndləyib boğsunlar, sakitləşdirsinlər, ingilis yəhəri-yüyəni ilə bir yerdə Ağdama aparıb Hüsü Hacıyevə versinlər ki, bu atı Salman bəy Mir Cəfərə pay göndəribdir. Belə də edirlər... Mir Cəfər bu hadisədən olduqca təsirlənir, Salman bəyin diqqətçilliyindən, mərdliyindən, qonaqpərvərliyindən xoşhal olur və yadına düşür ki, Salman bəy də söhbət boyu onun gümüş portsiqarına nəzər yetirib... Hüsü Hacıyevi çağırır, Gümüş portsiqarı ona verərək tapşırır ki, “Mir Cəfər Bağırovdan Salman bəy Bayramova hədiyyə!” sözlərini portsiqarın iç qapağına yazdırıb, xüsusi bir ehtiramla, özü də içi popirosla (əlbəttə, Mir Cəfərin çəkdiyi) dolu Salman bəyə göndərsin! Belə ki, onların bu dərəcədə münasibətləri varımış... Salman bəyin başının dəstəsi ilə əvvəlki həbsdən buraxılmasını da, xüsusi şövqlə danışıardılar...

Danışardılar ki, Salman bəyi 1936-cı ilə, Orucluq (Ramazan) ayında 25-nəfər qohum-qardaşı ilə birgə həbs edib, Bakıdakı Bayıl türməsinə yatab etmişdilər. Mir Cəfər bundan xəbər tutur, Bayıl türməsindəki kabinetində xüsusi süfrə hazırladır. Qələndər oğlu Behbud baba dnışardı ki, mən cavan oğlan idim... Hamımız yerdən döşənmiş süfrə arxasında bardaşqurma əyləşmişdik, Salman bəylə Mir Cəfər stolda... Süfrədə şirin şeylər, qalet peçeynələr, xurma, halva, müxtəlif yeməklər var idi... İftar vaxtı deyildi. Türmədə yatan adam, süfrədəki nemətləri heç yuxudada görməmişik, amma əlimizi uzatmırıq... Çay gətirib payladılar, yenə də qımıldanan olmadı... Hamımız oruclu idik... Birdən Mir Cəfər gülümsəyərək dedi: - Hə, ay kolanılar, yadıma düşdü, axı siz orucsunuz. Amma qaydanı bilmirsiniz. Siz dustaqsınız, evlərinizdən uzaqsınız, səfərdə hesab olunursunuz. Ona görə də, sizə bu müddətdə oric saxlamaq düşmür, günaha batmayın. Çayınızı için, çörəyinizi yeyin.. Mən seyidəm, günahdırsa, qoy babalı mənim boynuma olsun... Bu sözdən sonra hamı “Bismillah!” – deyib, əlini süfrəyə uzatdı... Və bizi elə buradanca buraxdılar, yatab maşınlarına mindirib Biləcəridən qatarla Yevlağa yola saldılar... Mir Cəfər belə Mir Cəfər idi... Hətta, Salman bəyə bir dost kimi söyləmişdi ki, Kolanıdan çıx, gəl Bakıya, get Gəncəyə, Tiflisə... Sənə şərait yaradaram işlərsən... Təki, Kolanıdan çıx, bir tərəfdən səni gözü götürməyən paxılların, bir yandan da ermənilər səndən hey danos yazırlar... İki dəfə siyahıda gördüm, üstünə düşdüm... Birdən elə olar ki, heç görmərəm, qolluyaram, bədfənaya gedərsən... Harayına çatan olmaz... Deyir, “Qəza bəd gətirəndə, quymaq diş çıxardar!” Elə də, olur və Salman babam güdaza gedir, ailəsi, uşaqları 1957-cı ilə qədər xalq düşməninin uşaqları təhnizi altında qıvrıla-qıvrıla yaşayır, appelasiyadan sonra qırışıqları açılır... Əkbər müəllimin bəy atası belə kişilərdən olubdur...

Haşiyənin davamı: Əkbər Bayramov Salman Bayramovun böyük ailəsinin sonbeşik övladıdır. Özündən böyük qardaşları Fərman, Bayram, Kamran, Soltan Bayramovlar da xalq düşməninin övladları kimi basqı altında yaşasalar da, xalqa, millətə xidmətdə olmuş, Qarabağın Kolanı əşirətinin ağsaqqallarından olan babaları Məşədi Qurbanın, ataları Salman bəy Bayramovun ailə ənənlərini qorumuş, ləyaqətlə yaşamışlar... Onu da, qeyd edim ki, Əkbər müəllimin ulu babaları Əlimədəd və Bayram kişilər (neçənçi Əlimədəd, neçənci Bayram – bilinmir) Qərbi Azərbaycanın Vedibasar kolanılarındandır. Abbasqulu bəy Şadlinskinin qohumlarındandırlar... Onlar Vedibasara Şahbuzun Kolanı kəndindən gəlmişimişlər... Ümumiyyətlə, qədimlərdə Kolanı elatı (digər türk elatları kimi) irəıi-geri, eldən-elə, yurddan-yurda köçmələr etmişlər... Əkbər əmimin anası, ata-baba Xaçın Kolanısından, Dirivəllər tirəsində olan Qaragöz qöjam da xeyli müddət Vedi Kolanısında yaşamışdı... Salman babam xanım-xatın qojamızı oradan gətirdib evlənmişdi... Bu fakt da göstərir ki, əlaqələr üzülməyibmiş, gediş-gəliş həmişə olubdur...

Yadımdadır, rəhmətlik Fərman Kərimzadənin besteller olan “Qarlı aşırım” (“Axırıncı aşırım”) romanından parçalar dərc edilirdi. Hamımız onun fanatına çevrilmişdik. Yazı-pozuma görə xətrimi çox istərdi.. Müəyyən müsamirələrdə onunla görüşəndə mənə “əmiöğlu” – deyə, müraciət edərdi. Mən də, o vədələr gənc idim, çox mətləblərdən xəbərsizidim... İki-üç dəfədən sonra dedim ki, “Ay qağa” – biz hardan əmioğlu olduq? Sən Vedidən, mən də Qarabağdan, Ağdamdan! Gülə-gülə dedi: “Get ağsaqqallardan (Bayram əmimi, Əkbər əmimi nəzərdə tuturdu) soruş, sənə deyərlər. Soruşdum və tor gözümə aydınlıq gəldi...

Şıxavənd kəndinin adı “Şıx” adına görə dəyişdiriləndə kəndin adı Əlimədədli – bizim ulu babamızın adı ilə rəsmiləşdirildi və indi də yeddi Kolanı kəndlərini birləşdirən Əlimədədli sovetliyinin (indi Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik) adı Əkbər müəllimin babasının – sülaləsinin adını daşıyır...

Yeri gəlmişkən bir haşiyə də çıxım... Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturada oxuyur, həmin İnstitutda da işləyirdim... Keçən əsrin 70-ci illərin ortaları idi... İlk dəfə Naxçıvan Muxtar Respublikasına ezamiyyətə getdim... Qrupun rəhbəri, rəhmətlik, çox qüdrətli şair İslam Səfərli idi... Ürəklə, xüsusi qonaqpərvərliklə bizi gəzdirirdi... Batabatın füsunkar gözəlliyi indi də gözlərim önündə cilvələnir... Ordubadı, Şahbuzu kəzdik... Orda arzumu bildirdim ki, mümkünsə Kolanı kəndinə gedək... O dövrün partiya funksionerləri yazıçıya, şairə, alimə xüsusi hörmətlə yanaşardılar, özləri qarşılayar, özləri də yola salardılar... Nə isə, mənim arzumla Kolanı kəndinə getdik, orada İslam Səfərlinin sinədolusu, xüsusi ovqatla şeir-poeziya müsamirəsi oldu... İslam Səfərli məni Kolanı cammatına böyük həvəslə, bir az da təmtəraqla – Kolanı yazıçı Bayram Bayramovun, görkəmli psixoloq-alim Əkbər Bayramovun nəslinin davamçısı kimi təqdim etdi, dedi kii, Sizə Qarabağın Ağdam rayonunda yaşayan kolanıların gənc, istedadlı bir nümayəndəsini qonaq gətirmişəm... Bu Kolanı kəndində də, Əkbər əmimin tələbələsi olmuş müəllimlərlə rastlaşdım... Əkbər müəllimin Kolanı olmasından qürurlanırdılar... Mən orada neçə-neçə Əlimədədlə, Bayramla, Qurbanla qarşılaşdım... Nəsil səcərəsi addan-ada, tarixdən-tarixə ötürülərək yaşayırmış... Bir-neçə saatlığa getmişdik, Kolanı camaatı bizi zor-güc iki gün qonaq saxladılar, ayrılanda da kolanısayağı barımız-barxanamız ayrıca tutulmuşdu...

Haşiyə - davam:Əkbər müəllimin böyük qardaşları Fərman və Bayram Ağdam Pedaqoji Texnikumunu qurtarıb müəllim işləmiş, Böyük Vətən müharibəsində Fərman, Bayram və Kamran qardaşları iştirak etmiş, Kamran qardaşı Mozdok döyüşlərində itgin düşmüşdü... Müharibədən sonra Fərman Bayramov ali təhsil alaraq Əlimədədli kənd orta məktəbində ömrünün sonuna qədər müəllim, tədris hissə müdiri, orta məktəb direktoru kimi fəaliyyət göstərmiş, sayılan, secilən maarif işçisi olmuş, kəndin ağsaqqalı kimi böyük nüfuz qazanmışdır. Digər qardaşı Bayram Bayramov respublikada və o dövrdəki İttifaq miqyasında tanınmış yazıçı səviyyəsinə yüksəlmiş, Azərbaycan Respublikasının Xalq Yazıçısı, Dövlət Mükafatı laureatı, Ali Sovetin deputatı, ağır illərdə isə Qarabağa Xalq Yardımı Komitəsinin sədri olmuşdur. Soltan Bayramov orta təhsilini gümüş medalla başa vuraraq Azərbaycan Tibb İnstitutunu bitirmiş, Ağdam rayonu Səhiyyə şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmiş, təkcə Ağdamda deyil, ətraf rayonlarda da bacarıqlı səhiyyə işçisi, loğman-həkim kimi tanınmışdır... Mən isə, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov Əkbər müəllimin böyük qardaşının ilk övladıyam, səggiz uşağın böyüyk qardaşıyam...

Səkkiz yaşından atadan, doqquz yaşından anadan yetim qalan, malları-mülkləri əllərindən alınan, daşdan tikilən iki mərtəbəli 16 otaqlı, dəmir çardaqlı evləri, damları, ambarları, mal-qara tövlələri, ilxıları, qara mal naxırları, qoyun sürüləri yağmalanan Əkbərgilin öz əl damlarında (yerdən qazma) qalmalarına belə icazə verilmir. Beş qardaş, bir bacı, ana, gəlinlər qonum-qonşunun, qohum-qardaşın, yadların torpaqdan qazma damlarında qalmağa məcbur olurlar. Bir-iki ilin içində xanım-xatın anası Qaragöz nənəni də itirirlər... Qardaş-bacılar bir-birinə sığınıb məhryumiyyət içində yaşayırlar, gecə-gündüz kolxoz işində tər tökürlər... Yeddillik məktəbdə əla qiymətlərlə oxuyan cılız bədənli şagird Əkbər əmim müxtəlif kolxoz işlərində, hətta el malının naxırçısının köməkçisi də işləyir, başqa sözlə naxırçı da olur ki, evə bir parça ruzi gətirsin, ailəyə pasiban olsun...

Müharibənin ilk illərində və sonra bu böyük ailə Tərtər rayonunun Xoruzlu, Hüsənli, Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi kəndlərindəki məktəblərdə müəllimlik edən Fərman və Bayram qardaşları ilə birgə, dolanışıq xatirinə kənddən-kəndə, eldən-elə düşmüşlər... Lakin bu cür çətinliklər, mərhumiyyətlər onların qollarını bağlaya, arzularından döndərə bilməmişdir...

Davamtəhsilvə elmyollarında: Əkbər Bayramov da, digər ailə üzvləri kimi ləyaqətli bir nəslin övladı kimi yaşamış, ömrünün sonuna qədər ləyaqətli ömür sürmüş, fenomen alim nüfuzu sahibi olmuşdur... O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954-1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958-1960). 1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik və 1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.

Haşiyə: Əkbər əmimin 1959-cu ildə namizədlik müdafiəsı yadımdadır. O dövrlərdə Respublikada namizədlik müdafiəsi əlahiddə bir hadisə sayılırdı, “Kommunist” qəzetində elan verilirdi... O ki, qaldı Əkbər Bayramovun müdafiəsi... Əkbər Bayramov Qarabağdan ilk psixoloq, Qarabağın Kolanı mahalından ilk alim idi ki, rəsmi müdafiə edirdi... Bizim camaatın, eləcə də Ağdamın sayılan-seçilən ziyalıları, ağsaqqalları – iki avtobus adam xüsusi təm-təraqla, pay-boxça ilə, mən də onların arasında, Bakıya yola düşmüşdülər... Mən onda yeddinci sinifdə oxuyurdum və bəlkə də bu hörmət və ehtişamın təsiri ilə alim, yazı-pozu adamı olmaq həvəsinə o vaxtlardan düşmüşəm...

Əkbər müəllimin doktorluq işinin müdafiəsi də yadımdadır. Onda mən aspiranturada oxuyurdum... Bu müdafiə də eyni ehtişamla keçdi... Böyük banket verildi. Əkbər müəllimin tanınmış alim-pedaqoq dostları ilə bahəm məşhur yazıçı qardaşı Bayram Bayramovun da yazıçı-şair dostları həmin məclisdə iştirak edirdilər... Xalq yazıçılarından Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Xalq şairi Məmməd Rahim, şairlərdən Hüseyn Hüseynzadə, Qasım Qasımzadə, tənqidçi-ədəbiyyatşünas Qulu Xəlilov yadımdadır. Yadıma düşən məşhur alimlərdən Ziyəddin Göyüşovu, Cəmil Quliyevi, Mehdi Əliyevi, Əhməd Zəkuzadəni, Mirabbas Qasımovu, Məmmədəli Məhrrəmovu, Əhməd Seyidovu, Şövqü Ağayevi, Əbdül Əlizadəni, Muxtar Həmizəyevi xatırlayıram... Səhv etmirəmsə Fuad İbrahimbəyov da, Mehdi Mehdizadə də hörmətli qonaqlar cərgəsində idilər...

Məmməd Rahim masabəyi idi... Məclis böyük təm-təraqla, şövqlə keçirdi... Bütün bu görkəmli şəxsiyyətlər, alimlər, elm xadimləri, tanınmış yazıçı və şairlər Əkbər müəllimin elmini, zəkasını, fərdiyyətini – şəxsiyyətini yüksək qiymətləndirirdilər...

İndi ki, söhbət 60-cı illərdən düşdü, Əkbər müəllimin həyatı ilə bağlı daha bir haşiyə çıxım...

Daha bir haşiyə: Əkbər əmimin nişan-toy mərasimləri də, ulu şairimiz Məmmədhüseyn Şəhriyar baba demiş, sinema kimi gözümün qabağındadı; 1959-60-cı illər idi. Əkbər əmimin toyu, Ağdamda, Xaçın çayı boyu yerləşən Kolanı ellərində əsil hadisəyə çevrilmişdi... Atam, böyük qardaşları Fərman müəllimin evi o qardaşların ata ocağı hesabında idi... Bütün mərasim də bu ocaqda, bu kənddə olmalı idi!! Əkbər əmim evin sonbeşiyi olsa da, indi onun kiçik qardaşına çevrilmişdim. Orta məktəbin son siniflərində oxuyurdum, bu qardaşların böyük övladları mən idim. Hara gəldi məni buyururdular...

Evlənən çağlarında Əkbər əmim məşhur adam olmuşdu. Elmilər namizədi idi. İnstitutda dərs deyirdi... Elə oradaca, əslən Yuxarı Qarabağdan olan (Qubadlı-Şuşa), amma Yevlaxda yaşayan tələbəsi, bəy nəsilli-bəy əcdadlı, gözəl-göycək Vəsilə xanıma vurulmuşdu... Bir-birilərini bəyənmişdilər... Ağdamdan Yevlağa elçi kotejləri başlamışdı... Bir el məsəli var, deyəllər: “Bayramalısız toy olmaz!”, mənsiz də, səfər, məclis olardı... Kəndimizdən 70-80 k.m məsafədə olan Yevlağı su yolu eləmişdim... Yadımdadı, toypayı deyilən barxananı da, Yevlağa, rəhmətlik Hümmət əmimlə birgə (atamın əmisi oğlu) yük maşınının üstündə mən aparmışdım. Orda, adət üzrə mənə xələt verməliykən yadlarından çıxıb, verməmişdilər... Mən də, küsmüşdüm, asıb-kəsirdim... Əkbər əmim kənddə məni bir tərəfə çəkib, sakitləşməmi istədi, dedi ki, əvəzində sənə kostuyum alacağam... Yazıq kişiylə dünyasını dəyişənə qədər, zarafat edərdim ki, bəs mənim kostuyumum harda qaldı?..

Haşiyənin davamı: Bayaq dediyim kimi, repressiyaya uğramış Salman bəyin oğlu apellyasiyadan sonra, qırışıqları açılmış qardaşların sonbeşiyi,tanınmış alim, pedaqoq Əkbər müəllimin toyu olurdu... Qapıda – həyətdə iki-üç mağar qurulmuşdu... İkisi qadın-kişi yemək-içmək mağarı, ən böyüyü isə toy-mərəkə mağarı... Elin ağsaqqalları, ahılları üçün ayrıca ziyafət mağarı da öz qaydasında... Onların yanında araq-çaxır içilməzdi...

O vaxtlar indiki çadırlar yox idi... Mağarlar qədimi, türk qaydasında ağ-qara kecə örtüklə qurulmuş, kənarları xalı-xalça ilə bəzədilmişdi... Ortada oynamaq, rəqs etmək üçün geniş meydan... Başda toyu idarə edən şah, vəzir-vəkil, fərraş məqamları... Məktəbdən, kəndin klubundan gətirilən stol-stullar, skamyalar... Öndə kişilər üçün, bir az ara məsafəsi qadınlar uşun düzülmüşdü. Qarabağın- Ağdamın say-seçmə müğənniləri, Abdal-Gülablı aşıqları – zurna-nağara dəsti də ayrıca... Toy səhərdən kecə yarısına qədər üç gün, üç gecə çəkdi...

El axışıb gəldi... Kolanı atlılarının, süvarilərinin minikləri üçün yaxınlıqda olan sovxozun həyətində böyük axurlar qurulmuşdu. Axurkeşlər də, qohum-qonşulardan xidmətdə idi... Bizim kənd bəlkə də, o vaxta qədər, bir belə minik maşını görməmişdi... Şəhər həyətlərindəki indiki maşın sıxlığını göz önünə gətirin... Bu toyun bütün əl-ayaq, xidmət işlərində həmişəki kimi bütün el iştirak edirdi. Heyvanları kəsən, soyan, doğrayan, bişirən, paylayan – hamısı elimizin-obamızın adamları idi...

Bakıdan da xeyli qonaqlar var idi.. Gəldilər, bir-iki saat iştirak etdilər, getdilər... Belə deyildi... Üş gün, üç gecə onlar qalmalı idi... Qonaqlar çox idi... Salam Qədirzadə, Nurəddin Babayev, Hüseyn Arif, İslam Səfərli, Qulu Xəlilov, Qasım Qasımzadə --- yadımda qalan bunlar idi. Onlar toyda çox şux iştirak edir, maraqlı söhbətləri, tostları, şeirləri ilə məclisə bəzək vurur, məxsusi ovqat yaradırdılar, camaata qaynayıb-qovuşub rəqs edir, səxavətlə nəmər paylayırdılar...

Bakılı qonaqlar üçün gözə dəyən qonum-qonşu evlərində xüsusi qonaq otaqları hazırlanmışdı. Hərəsinin xidmətində də, bir cavan... Bizim qonaq otağımız toxunulmaz idi – bəy otağ kimi bəzədilmişdi, heş kimin girməyə ixtiyarı yox idi...

Toydan bir çox maraqlı epizod söyləyə bilərəm, lakin ikisi daha maraqlıdır, el obanın xarakterinə, kolanıların etnoqrafik həyat tərzlərinə uyğundur...

O vaxtlar Kolanı toylarında qəribə bir adət var idi... Gecənin bir çağında, adətən toyun şıdırğı vaxtında bığıburma Kolanı igidləri dəstə bağlayıb, halay çəkib, aşığa pul töküb, qara zurnanın, çomaq-nağaranın gumburunda “Kəsmə” deyilən havaya oynayardılar, rəqs edərdilər. Bu havanı bilənlər-bilir, qəribə bir ritmi var və müəyyən registirlərdə, ritm qəfildən kəsilir, elə rəqsin adı da buradandır. Ritm kəsilən məqamda, həmin Kolanı igidləri, qəfildən bellərindən naqan deyilən tapançalarını çəkib, eynən ritmin davamı kimi, göyə üç dəfə atəş açardılar... Mağarın damına salınan qalın keçələr deşik-deşik olardı... Rəhmətlik Salam Qədirzadə bu hadisədən bərk qorxmuşdu, dirənmişdi ki, Bayram, məni yola sal gedirəm... Nəyisə, bir təhər dilə tutmuşdular... Atam da o igidləri hədələmişdi ki, qonaq-qara var, daha belə etməyin... Toyun ikinci gecəsi, uşaqlar özlərini yığışdırmışdı, amma Salam Qədirzadə, əmimdən soruşmuşdu ki, qədeş, bəs nə oldu? Daha o rəqs olmayacaq?! Amma, toyun sonuncu gecəsi, bəy tərifində bu atışma-rəqs səhnəsi mütləq olmalı idi və oldu da! Hələ Salam müəllim də, bu cavanlara qoşuldu da...

Bir də Yevlaxdan gəlin gətirəndə, yolda baş verən bir hadisə də, adət-ənənəyə görə maraqlıdır. O vaxtlar “Volqa” maşınlarının ən dəb çağları idi, özü də tək-tük adamlarda olardı... Yevlax qohumlarımızın birində, o mahalda xüsusi hörmət sahibi olan Xosrov Yusifovda belə bir, yağ içində “Volqa” maşını var idi, gəlin də, bu maşında gətirilirdi...

Təsəvvür edin, Yevlaxdan Ağdama, oradan da 37 k.m məsafədəki Əlimədədli kəndinə gəlin gətirilir... Bəlkə də 50-60 maşın ard-ardıya düzülüb, kortej yaradılıb, çal-çağır – qarmon, qara zurna, nağara dəsti də, yük maşınını üstündə məqamlaşıb... Dappa-durub, tappa-tarap, haray-həşirlə gəlin gətirirlər... Heç bir qadağa-filan burada yerimir... Yollarda da, tez-tez uşaqlar maşının qabağın kəsir, nəmər istəyirlər. Bunu da öz qaydasında qəpik-quruşla, manat-munatla yola verirlər...

Məxləs, kortej Ağdamın Qiyaslı kəndindən sonra gələn Şah bulağını ötüb, Beşik dağının Xaçın çayına yenən burnundakı körpüdən keçib, Kəngərli kəndinin dolayısından dönərək Kolanıya – Əlimədədliyə tərəf yol aldı... Buralarda da, nəmər istəyən uşaqları yola verdilər... Kəndə 2-3 k.m məsafədə dar bir dərə keçidi var, qədimdən bura Haramı keçidi deyərlərmiş. Çox qalın meşəlik, şah-şəvəllik, özü də el yolunun üstündə Dardanel boğazı kimi, bir yer olduğundan keçmişlərdə bu məkanda qaçaq-quldur pusquda durub soyğunçuluq edərmişlər. Buna görə də, el arasında buraya Haramı dərəsi deyərmişlər. İndi isə buraya bir maşın keçə bilən dar bir körpü salmlşdılar və bu körpüyə də Haramı körpüsü deyərdilər...

Bu körpüyə çatanda maşınlar burun-buruna dayandılar... Atışma, güllə səsləri eşidildi... Bir bölük Kolanı cəngavəri qonaqlara özlərini göstərmək üçün yapıncıda, saçaqlı papaqda, əllərində naqan, beşatılan tüfəng körpünü kəsib Fərman müəllimdən nəmər istəyirlər, özü də az-maz, müəllim puluna yiyə durmurlar... Fərman müəllim kimi qəzəbnak kişidən də çəkinmirlər. Nə isə, bu kortejdə o vaxtalar Dövlət Təhlükəsizlik orqanlarında işləyən, yüksək çinli – rütbəli, özü də yaxın qohumumuz olan, boylu-buxunlu, qıvrım, sarışın telli, iri ala gözləri olan çox yaraşıqlı, lay divar Məhəbbət Həsənov əynində də, rəsmi geyimlə maşından düşür, məsələni ciddiyə alaraq əlində silah bu “yol kəsən” dəstənin üstünə yeriyir... Kolanı cəngavərləri bir qılıqla Məhəbbət müəllimə yaxınlaşıb onu tərksilah edirlər... Məsələnin ciddiləşdiyini, kritik məqama gəldiyini görən Fərman müəllim hayqırarq cavanlara təpinir, məsələnin adət və zarafat olduğunu bildirərək, deyir ki, Allah sizə insaf versin, gəlin həyətə, sizə bir toğlu verim, aparın Sarıbulağın üstündə məclis qurun... Həmin dəstə atın üstündə, irəliyə-geriyə çaparaq, havaya atəş aça-aça gəlini düz toy mağarına qədər müşaiyyət edirlər...

Davam: Əkbər müəllim 1965-1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İnstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov, eyni zamanda, tədqiqat işlərinə kömək məqsədilə, əvəzçilik üzrə (1965-1983) orada işləmişdir.

Yeni bir haşiyə: Əkbər Bayramov uzun illər, yenə də əvəzçilik üzrə, Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində peddaqoqika-psixologiya fənnlərindən dərs demiş, mühazirələr oxumuşdur. Həmin İnstitutun daimi müəllimləri, Azırbaycan bölməsinin rəhbərləri olmuş doktor-professor Knyaz Mirzəyev, yazıçı-şair Hidayət Orucov, doktor-professor Hüseyn İsmayılov danışardılar ki, Əkbər müəllimin İrəvana gəlib dərs deməsi, mühazirələr oxuması o dövrdə bizim üçün çox böyük hadisə, çox böyük kömək, güc və qüvvət idi... Ermənilər bu bölməni müxtəlif bəhanələrlə, xüsusən, kadr çatışmamazlığı ilə şantaj edib bağlamaq istəyirdilər. Əkbər müəllimin kənarda dərs deməyə elə bir ehtiyacı yox idi... Əkbər müəllim kimi Zaqafqaziyada nüfuz qazanmış böyük bir alimin məişətin, yolun, səhhətin əziyyətinə qatlaşaraq 18 il mütamadi bu bölmədə pedaqoqika və psixologiyadan dərs deməsi həm onun vətəndaşlıq qeyrətindən, vətənpərvərlik əzmindən, həm də həmvətənləri qarşısında alimlik və kişilik borcundan irəli gəlirdi...

Davam: Əkbər Bayramov 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.

Haşiyə: Mən Əkbər müəllimin işlədiyi V.İ.Lenin adına Pedaqoji İnstitutda (indi Nəsrəddin Tusi adına Dövlət Pedaqoji Universiteti adlanır) tarix-filologiya fakültəsinin filologiya bölməsində təhsil alırdım. Cəfər İbrahimov fakültənin dekanı idi. Feyzulla Qasımzadə, Əzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Məmmədsəlim Tahirzadə (M.Ə.Sabirin oğlu), Mehdixan Vəkilov, Kamal Qəhrəmanov, Əhəd Hüseynov, Zeynal Tağızadə, Paşa Əfəndiyev, Əbdül Əlizadə, Azər Hüseynov, Sədi Əfəndiyev, Xeyrulla Məmmədov, Həsən Mirzəyev kimi müəllimlərimi olubdur...

Əkbər müəllim bizə dərs demirdi. Amma tələbə dostlarımdan eşitmişdim ki, olduqca maraqlı mühazirələr söyləyir və digər fakültələrdə oxuyan tələbələr Əkbər müəllimdən xüsusi icazə alıb onun mühazirələrini dinləyirdilər... Əmim olduğundan və zəhmi məni basdığından bu mühazirələrdə iştirak etməyə cürət etmirdim. Axır ki, buzu sındırdım, fikirləşdim ki, əşşı bir belə tələbənin içində məni hardan görəcək və lap arxa cərgələrdə yer tutb onun mühazirələrini dinləyirdim... Qürurlanırdım... Evdə qaradinməz, bir kəlməni kəlbətinnən dilindən qoparmaq mümkün olmayan, az qala səsinə yadırğadığımız Əkbər əmim aiditoriyada bülbülə dönürdü, xoş simasına içıq gələrdi, mənalı və ironik atmacaları, müdrik kəlamları tələbələri sehirləyirdi... Yaxşı xatırlayıram, gözümün önündə olduqca populyar, çox şirin, düzgün, rəvan, savadlı, elmi-ədəbi nitq mədəniyyətinə malik olan üzü nurlu, seçilən-sayılan, zabitəli müəllim-pedaqoq şəxsiyyəti canlanırdı...

Sonra evdə mənə bircə kəlmə dedi ki, çalış həmişə öndə ol, arxada olmaqdan bir şey çıxmaz! Bildim ki, məni görüb və sonralar onun dərs cədvəlini köçürdüm, imkan olduqca iştirak etdim... Və onun bu müdrik kəlamı həyat devizimə çevrildi...

Mən şəxsən onu özümə daim müəllim, yolgöstərən, ədəb-ərkan öyrədən hesab edirdim. Sözü bütöv, əxlaqi təmiz, gözütox, halal-hümmət adam idi. Söz verməyi xoşlamazdı, əgər “baxarıq” desəydi, deməli, hər şey həll olunacaqdı... Yüksək ziyalıya hər nə lazım idisə onda var idi... Geyimi, səliqəsi, ciddi rəftarı, ədəb-ərkanı əsl nümunə idi... Bütün varlığı, insanlığı, biliyi ilə klassik pedaqoqlara xas müəllim-pedaqoq idi... Həmişə öyrənərdi, oxuyardı, bütün boş vaxtını mtailəyə həsr edərdi, qeydlər götürərdi... Rus, ingilis, fars dillərini bilirdi... Yadımdadı ki, şərqşünaslıqda oxuyan baldlzı Qətibə ilə birgə fars dilini öyrəndi və bütün proqramı mənimsədi... Azərbaycan folklorunu, klassik ədəbiyyatı, dünya ədəbiyytını və mədəniyyətini, deyərdim ki, kamil bilirdi. Gözəl, kamil yaradıcılıq vərdişinə malik idi və bir dəfə də olsun bu vərdişini pozmadı, gününü, saatını fövtə vermədi, boş ziyafətlərdən uzaq durdu, vaxtın qədrini bildi...

Əkbər müəllim böyük yaradıcılıq enerjisinə, bacarıq və biliyə, qabaqcıl, mütərəqqi dünyagörüşə malik, deyərdim ki, ürəkləri oxuyan, gələcəyi görən alim-psixoloq idi... Olduqca zövqlü, fəhmikar, diqqətcil, həssas idi... Dostları, həmyaşları, həmkarları ilə şirin, əndazəli yumoru, incə zarafatı olardı... Özü də bu zarafatlar, yumor və eyhamlar haradasa həqiqətə, dürüstlüyə, ağıl, elm və müdrikliyə xidmət tonunda, ibrətamiz olardı...

Yada salım ki, cavanlara, gənclərə xüsusi hüsn-təvöccöhü vardı. Qardaşı uşaqlarını, haqqı-sayı keçən yaxın qohumları onu gec-gec görəndə, heç olmasa ara-sıra hal-əhval tutmayanda müdrik ağsaqqal umacağı ilə, xeyirdə-şərdə görəndə, xüsusi ironiya ilə deyərdi: “Məni bu oğlanla tanış edin, deyəsən, məni tanımadı?”

Bütün bu mənəvi-əxlaqi, mötəbər və müdrik keyfiyyətlərə malik Əkbər müəllim özünü daima, ömrünün sonuna qədər Azərbaycan psixologiya elminin inkişafına həsr elədi, bu elmin problemləri ilə nəfəs aldı, həyatını bu elmdən kənar, aralı bircə an da təsəvvür etmədi və bununla da ali təbiətli bu alim-pedaqoq möhtərəm-mötəbər bir məqama yüksəldi...

İndiki söhbət tələbəlik illərindən düşdü, bir maraqlı haşiyə də çıxım.

Haşiyə - noxud əhvalatı: Tələbəlik çağlarımın ilk illərində Əkbər əmimgildə yaşamışam. Həyat yoldaşı Vəsilə xanım ləziz yeməklər bişirərdi, daha doğrusu mətbəxkeş müəllimə idi... Əziyyətimizi çox çəkibdir. Yasamalda, Şərifzadə küçəsində dördüncü mərtəbədə 3 otaqlı mənzildə yaşayırdılar. O vaxtalar məşhur olan “Lalə” kafesi adlanan məkanın yaxınlığında. “Sovet kəndi” qəzetinin baş redaktoru, görkəmli jurnalist, pedaqoq Nəriman Zeynalovla blok-balkon qonşusu idilər. Həmin blokun 3-cü mərtəbəsində isə məşhur xanəndəmiz Yaqub Məmmədov yaşayırdı. Mehriban qonşulardılar... Onların balkonunun altını kəsdirərdik ki, nə vaxt oxuyacaqdır... Nadir hallarda evdə oxuyardı... Evdə orta məkdəbdə oxuyan qarayanız yetgin qızları vardı. Qonşular da şübhələnərdi ki, biz tələbələr o qızlara görə balkonun altını, blokun qənşərini marıtdamışıq... Amma belə deyildi...

Əkbər müəllimə, sadəcə “Əmi” deyə müraciət edərdik, ad-zad çəkməzidik... Bakının qorabişirən, isti yay günlərindən biri idi. Yadımda deyil, nədənsə ailə evdə yox idi. Əmimlə ikimiz idik... Həmin gün Əbdül müəllim (əmimin qardaş qədər bildiyi yaxın dostu, həmkarı, məşhur psixoloq, professor Əbdül Əlizadə) də bizdə idi... Nə isə yazı-pozü üzərində işləyirdilər. O vaxtlar kondiseoner nə gəzirdi... Qapı pəncərəni açsalar da çölün xəfəsi can yandırırdı... Bunlara çay ver, su ver – canımı boğaza yığmışdılar... Soyuducu da yetirmirdi... Hərəsinin əlində bir məhrəba sel-suya dönən tərlərini silə-silə qələm yerə qoymadan işləyirdilər...

Nə isə günortaya qalmış, əmim dedi ki, Qurban, hazır yeməyi qızdır, salat-filan doğra, yaxşı bir süfrə hazırlığı gör, həm də, qazana bi az noxud tök qaynat, sonra da, düş aşağıdan bir balon pivə al gətir... Təəccübləndim! Təccübləndim ki, bunların heç birisi içgiyə meyilli deyillər, olsa-olsa məclisdə-filanda kisik bir rumkanı axıracan hərləyərlər-hərləməzlər... Bu pivə içmək, özü də bir balon, haradan çıxdı? Nəyisə, məndə eləmə tənbəllik, evdə olan bəlkə də, bir kilo noxudu tökdüm qazana, suyu əndərdim üstünə, qaza xod verdim... Elə ki, qazan qaynara gəldi, yadıma düşdü ki, pivə ilə yeyilən noxud duzlu olar, bəs qazana duz atmamışam. Götürdüm bir-neçə ovuc duzu əndərdim qazana, yaxşıca qarışdırıb, kəsdirdim böyrünü... Bir qazan su qaynayıb qurudu, noxud bişmədi, daş kimidi... İkinci dəfə qaynar su ilə qazanı yenə doldurdum qoydum qaynamağa... Düşdüm aşağa balon pivə də aldım gətirdim, süfrəni səliqə ilə hazırladım, yenə də noxud hazır olmadı, bişmədi ki, bişmədi, daş kimi olub bərkiyir, üzə dirənirdi...

Nə isə, bunlar süfrə arxasına əyləşdilər, mən də əl-əl üstündə xidmətlərində... Bakallara pivə töküb verirəm, noxud üçüncü dövrə qaynayıb-suyun qurudur, noxud bişmir... Nə isə noxuddan bir az ortaya qoydum, gördülər daş kimidi... Əmim soruşdu: – Ə, bu niyə belədir? Sakitcə çiynimi çəkdim... Əbdül müəllim əslən, dədə-baba Şuşalı olsalarda (Malıbəyli kəndindən) şəhər adamı idi, körpəlikdən Dağlı məhəlləsində böyümüşdü... Pivə-noxud nədi, bilirdi... Soruşdu ki, Qurban, noxudu bişirəndə qazana duz tökmüsən? Ürəklə dedim: - Hə, özü də bir-neçə ovuc, yaxşıca da qarışdımışam... Şaqqanaq çəkib güldü və əlavə etdi ki, deyirəm axı, səhərdən bəri bu noxud niyə daşa dönüb...

Sən demə, noxudu bişirəndən sonra duzlayarmışlar, paxlalı bitgiləri bişirəndə əvvəlcədən duz tökməzmişlər... Sonralar, rəhmətlik Əbdül müəllim, hər vaxt məni görəndə, görüşəndə, gülümsəyərək, zarafatla soruşardı: - Noxudla aran necədir?..

Daha bir haşiyə - hami pedaqoq: Əkbər müəllmin bir ziyalı keyfiyyətini də xatırlamadan ötmək istəmirəm. Əkbər müəllim Kolanı camaatının maariflənməsi işində qədirsiz-qiymətsiz işlər görüb, maarifçilik uğrunda konkret, əməli fəaliyyət göstəribdir. Əkbər müəllim istər V.İ.Lenin adına Dövlət Pedaqoji İnstitutunda, istərsə də Bakı Dövlət Universitetində işləyərkən istedadlı həmyerlilərinə, qohum-qardaş uşaqlarına təmənnasız yardım edib, böyük bir müəllimlər ordusunun yaranmasına xidmət göstəribdir. İndi onun təkcə Respublikanın orta məktəblərində, təhsil ocaqlarında deyil, həmçinin, Kolanı ellərinin hər evində, hər ocağında yetişdirdiyi, maarif işinə xidmət edən yüzlərlə tələbəsi var. Onun boynuna son 60 ildə Azərbaycanda maarif və mədəniyyətinin tərəqqisi işinə xidməti, hətta bu işin özülünü qoyması, camaata hərtərəfli kömək etməsi, yiyə çıxması, arxasında durması, istiqamətləndirməsi, büdrəyəndə qolundan tutması təkzibedilməz faktlardandır...

Əkbər müəllim xalqının, camaatının, simsarlarının elmilənməsinə, inkişafına, yüksəlişinə, cibi diplomlu olmasına, maariflənməsinə, bununla da, yerlərə ziya işığı aparmalarına səbəb olub. Maarifçilik və müəllim yetişdirmək işi bütün işlərin başıdır, münəvvərlikdir, bəxtiyarlıqdır, ən böyük vətənpərvərlikdir... Qədrşünaslar bu gün də, bu əhəmiyyətli işin əhəmiyyətini bilirlər, həmişə xoş məramla Əkbər müəllimin adını çəkir, ehtiramını saxlayır, onun bu siferadakı halal, təmənnasız, nəcib zəhmətini, işini xoşluqla xatırlayırlar...

Daha bir haşiyə - müqəddəs relikviya: Bu məqamda əzəmətli yazıçı əmim Bayram Bayramovun müəllimlərinə ehtiramla həsr etdiyi “Qəlbimizdə yaşayan insanlar” (1985) xatirə-məqaləsindən bir hissəni təqdim edirəm: “...Bütün xalqımız arasında olduğu kimi , bizim ailəmizdə də, müəllimin hörməti əbədidir, deyərdim ki, getdikcə, zaman uzaqlaşdıqca bu baqi-hörmətin məsafəsi yaxınlaşır, daha böyük məna kəsb edir. Böyük qardaşımız Fərman müəllim 45 ildən ziyadə pedaqoji staja malik olsa da, orta məktəbə başçılıq eləsə də, bizə vaxtilə dərs demiş müəllimin hüzurunda ibtidai məktəb şagirdi kimi fağırlaşır, ən yüksək ehtiramı ona göstərir. Elmlər doktoru, professor qardaşım Əkbər, müəllimləri ilə görüşəndə, onların adı gələndə uşaqlaşıb, sadələşib özünü itirən çağı da olur. Həkim qardaşım, böyük bir rayonun baş loğmanı-həkimi Soltan da belə. Bu gün biz həyatda azdan-çoxdan nəyə nail olmuşuqsa, hamıdan əvvəl, müəllimlərimizin təlim-tərbiyyəsinə, qayğısına və zəhmətinə borcluyuq.”

Beləliklə, müəllimlik peşəsi bizim ailənin, nəslin ən müqəddəs relikviyası olubdur... İndinin özündə bizim nəslin oğlanlı-qızlı, gəlinli, cocuqlu 30-dan çox üzvü bu şərəfli peşənin daşıyıcılarıdır və bunların hamısınin üstündə Əkbər müəllimin bir pedaqoq kimi haqqı-sayı, əməyi vardır...

Həmçinin, Əkbər müəllim dostluqda möhkəm, əvəzsiz, dosta sadiq bir adam idi.

Daha bir haşiyə- yaylaq əhvalatı:Bayram Bayramovun, Əkbər Bayramovun ailəsi hər yay mövsümündə kəndə gələr, burada barxana tutub istirahət üçün göy yaylaqlara qalxardılar. Ya Şuşaya, ya Kəlbəcərin Ağcakənd Turşsuyuna, ya da Kəlbəcər yaylaqlarından Gəlin Qayasına, Ceyran bulağı yaylağında binələnirdilər. Şuşada, adətən ev kiraləyib qalardılar, o biri yaylaqlarda isə dədə-baba qaydasında dəyələr – çadır evlər qurulardı... Mən də bir kənd uşağı kimi mütləq onlarla birgə gedərdim... Həm məni çox istədiklərindən özləri ilə aparardılar, həm də şəhərli əmimuşaqlarıma görə mən yaylaqda əl-ayaq işlərində daha çox lazım olurdum. Mən Əkbər əmimgilin tayına düşürdüm. Onların ailələri kiçik idi. Elə sonralar, Bakıda ali təhsil illərində də xeyli müddət onlarda qaldım... Bu yaylaqlara aran Qarabağın - Arazqırağı İmişlidən tumuş, Beyləqan, Ağcabədi, bu yanı Yevlax, Bərdə, Ağdam, Tərtər (Mirbəşir) camaatı köç edərdi, bir-iki ay göy yaylaqların ləzzətini çıxarardılar...

O vaxtlar “Tir” adlanan tüfənglər dəbdə idi. Məktəblərdə hərbi dərslərdə istifadə edildiyindən, imkanı-əlaqəsi olanlar yaylaqlara çıxanda özləri ilə ov tüfəngləri ilə yanaşı “Tir” də aparardılar. Axşam sağlarında dəstə bağlayıb əldən-ayaqdan kənarda nişangah düzəldib yarışardılar... Biz uşaqlar əlimizə keçən konserv qutularından, butulkalardan, çicək saplaqlarından, qarğı çöplərindən böyüklərin dediyi məsafədə nişangah qurardıq, onlar da “Tir”dən atəş açardılar. Əkbər əmim çox sərrast atardı, necə deyərlər, quşu gözündən vurar, heç bir nişangah onun nişanından yayınmazdı... Yarışmanın ən maraqlı yeri 25 metr məsafədə kibrit qutusunu, 15 metr məsafədə kibrit dənəsini vurmaq idi... Bu nişangahları ən çox vuran Əkbər əmim olardı, bir gülləsi də yayınmaz, o biriləri kimi güllə korlamazdı... Yadımdadı, İsti suy yaylasında, məşhur Ceyran bulağında Əkbər əmim uzun ayrılıqdan sonra tələbəlik illərinin dostu, əslən İmişlidən olan Qulam müəllimlə qarşılaşdılar, görüşdülər və Dəyə qonşusu kimi bir ay bir yerdə dincəldilər. Qulam müəllim o vaxtlar İmişli rayonunda hansısa məsul bir vəzifədə, deyəsən, rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyirmiş və onu bu vəzifədən kənarlaşdırmışdılar. O da, bir az sınıq, boynuburuq gəzirdi... Əkbər əmim onu bu sınıqlıqdan xilas elədi, Bakıya – kafedraya dəvət oldu. Və həmin dövrdən sonra Qulam müəllim Əzimov elm yoluna qədəm qoyaraq məşhur psixoloqlar cərgəsində qərarlaşdı... Əkbər müəllimin onlarla şox istedadlı alim-psixoloq-yetirmələri olubdur...

Əkbər Bayramov öz elmi ixtisası üzrə olduqca tanınmış alimlərdən idi. 1960-2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.

Əkbər Bayramovu təkcə ölkəmizdə deyil, keçmiş İttifaq respublikalarının mütəxəssisləri görkəmli psixoloq kimi tanıyır, hörmət edir, hesablaşır və yüksək qiymətləndirirdilər. Buna o, öz qələmi, zəkası, insanlarla qarşı münasibəti, qayğıkeşliyi ilə nail olmuşdur. Adi məişətdə nə qədər qaradinməz olsa da, elmi məclislərdə onunla bir dəfə görüşən adam ayrılmaq istəmir, onu dinləməkdən həzz alırdı. Ayrıldıqda isə bir daha, bir daha görüşmək istəyir, buna can atırdı. Ona görə də Əkbər müəllimi bütün elmi məclislərdə dinləmək istəyirdilər.

Əkbər müəllimin yetirdiyi, həmişə fəxarətlə qeyd etdyi tələbələrindən olan, Millət Vəkili, AMEA-nın psixologiya üzrə yeganə və ilk müxbir üzvü , psixologiya elmilər doktoru, professor Bəxtiyar Əliyev müəlliminin, ustadının şəxsiyyətini, elmi fəaliyyətini "Ömrü örnək olan alim” məqaləsində belə qiymətləndirir: “O, mənalı bir ömür yaşamışdı, cəmiyyətə, xalqına şərəflə xidmət etmişdi, güclü məntiqi təfəkkürə, dərin düşüncə tərzinə malik idi. Aydın elmi əsaslara söykənən fikirləri, yüksək insani keyfiyyətləri ilə həmişə fərqlənmişdi. Hamı onunla işləmək, nə barədə olursa-olsun söhbətləşmək, fikir mübadiləsi aparmaq istəyirdi. Hər şeydən öncə böyük bir ziyalı idi. Nurlu əməlləri, əsl vətəndaş mövqeyi hamıya örnək idi. Məramı xoş, niyyəti saf, fikirləri işıqlı idi. Söhbət Azərbaycanda psixologiya elminin inkişafında müstəsna xidmətləri olmuş, özünün elmi məktəbini yaratmış görkəmli alim, unudulmaz müəllim, xeyirxah insan - əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovdan gedir.”

Həmkarları isə Ə.S.Bayramovun 1955-ci ildən başlayan çoxsahəli elmi yaradıcılıq fəaliyyətinin əsas istiqamətlərini belə müəyyənləşdirmişlər:

1. Təfəkkür probleminin, xüsusən də təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmalar aparmışdır. Həmin tədqiqatlarla respublikada eksperimental psixologiyanın inkişafında yeni mərhələ başlanmışdır. O, kifayət qədər öyrənilməmiş mühüm bir problemin- ağlın keyfiyyətləri probleminin tədqiqinə xüsusi əhəmiyyət verirdi. Təfəkkür probleminin ayrı-ayrı cəhətləri başqa mütəxəssislər tərəfindən də tədqiq edilmişdi, lakin həmin tədqiqatlarda təfəkkür proses kimi öyrənilirdi, onu şəxsiyyətlə bağlayan cəhətlərə isə diqqət yetirilmirdi. Ə.S.Bayramov bu baxımdan təfəkkür psixologiyasında mahiyyətcə yeni eksperimental istiqamət müəyyən etdi. O, təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətlərini öyrənmək üçün adekvat tədqiqat metodikası işləyib hazırlamışdır. Təsadüfi deyildir ki, o dövrdə xüsusən də Moskvanın, Leninqradın görkəmli psixoloqları istedadlı tədqiqatçının müasirlik hissini, ən başlıcası isə orijinal yaradıcılıq səylərini yüksək qiymətləndirirdilər. Professor Ə.Ə.Əlizadə haqlı olaraq qeyd edir ki, Ə.S.Bayramov özünün sonrakı tədqiqatlarında bu «səmərəli toxumu» necə deyərlər, gərgin zəhmətin sehrində boya-başa çatdırdı. Geniş nəzəri ümumiləşdirmələr apardı, «persepiv» inikasdan tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etdi, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və mənşəyini aydınlaşdırdı. Bu sahədəki tədqiqatlarının nəticələri müəllifin 3 monoqrafiyasında və 58 elmi məqalə və məruzə tezislərində öz əksini tapmışdır.

2. Respublikanın ali məktəbləri üçün psixologiya elminin müxtəlif sahələri üzrə dərslik və dərs vəsaitlərinin yazılıb nəşr edilməsi. Onlardan: «Psixologiya» (1989), «Sosial psixologiya» (1986), «Məhkəmə psixologiyası» (1985), «Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri» (1987), «Etnik psixologiya» (2001) və s. Bununla bərabər, müəllif həmin vacib dərsliklərdən «Psixologiya» (2002) və «Sosial psixologiya» (2003) dərsliklərini professor Ə.Ə.Əlizadə ilə birlikdə yeni proqramlar əsasında yenidən işləmiş və nəşr etdirmişdir. Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirir və bununla bərabər həmin dərsliklər Milli zəmində zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək əsasında yazılmışdır.

3. Xalqımızın ədəbi-bədii irsində, «Kitabi-Dədə Qorqud» dastanlarında, xüsusən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafı tədqiq edilmişdir. Həmin tədqiqatlarla əlaqədar olaraq proessor Ə.Ə.Əlizadə yazır ki: «Son illər Ə.S.Bayramovun yaradıcılığında yeni bir istiqamət formalaşır: Milli psixoloji fikir tariximizin araşdırılması. Azərbaycanda psixoloji fikrin tarixi qədimdir. Təəssüf ki, biz də bu tarixi əsaslı surətdə öyrənməmiş, onun köklərini və qaynaqlarını kifayət qədər tədqiq etməmişik. Halbuki bu məsələlərin öyrənilməsi Azərbaycanda təkcə psixoloji fikrin deyil, bəlkə də ilk növbədə ictimai fikrin inkişaf xüsusiyytlərini yeni materiallar əsasında aydınlaşdırmaq son dərəcə vacibdir. Ə.S.Bayramovun Azərbaycan ədəbiyyatı korifeylərinin – Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, M.F.Axundov, A.A. Bakıxanov və M.Ə.Sabirin psixoloji görüşlərinə həsr olunmuş məqalələri bu baxımdan diqqəti cəlb edir. Nizaminin ölməz əsərlərində rənglərin simvolikası, hürufizmin psixoloji kökləri, Məcnunun autizasiyası – bu mürəkkəb elmi məsələlərin hər biri həmin məqalələrdə sərrast nəzəri ümumiləşdirmələr, dünya psixoloji fikrinin müqayisəli təhlili yolu ilə aydınlaşdırılır. Məsələn, müəllif Nəsiminin özünəməxsus psixoloji konsepsiyasını nəinki qədim hindu və zenbuddizm təlimləri ilə müqayisə edir, həm də onları müasir psixoloji cərəyan və nəzəriyyələr- freydizm və ekzistensial psixologiya istiqamətində araşdırır. Onu da qeyd edək ki, bu məqalələr SSRİ Pedaqoji Elmlər Akademiyasının «Voprosı Psixoloqii» jurnalında, eləcə də, SSRİ EA-nın «Psixoloqiçeskiy jurnal»ında dərc olunmuş və psixologiya tarixçiləri onları yüksək qiymətləndirmişdir». Bununla bərabər, həmin tədqiqatların nəticələri müəllifin 3 kitabında və respublikanın elmi jurnal və toplumlarında nəşr edilən onlarca elmi məqalə və məruzə tezislərində öz əksini tapmışdır.

4. Şəxsiyyətin təşəkkülü, onun özünüdərki və özünüqiymətləndirməsinin psixoloji problemləri ilə bağlı tədqiqatlar. Həmin araşdırmaların nəticələri müəllifin 3 monoqrafiyasında, nəinki respublikada, eləcə də başqa ölkələrdə dərc edilən onlarla elmi məqalələrində öz əksini tapmışdır.

5. Etnik xüsusiyyətlər və etnoslararası qarşılıqlı münasibətlərin psixoloji problemləri ilə bağlı tədqiqatlar. Belə araşdırmalar xüsusən də müəllifin: «Psixoloji düşüncələr» (1994), «Etnik psixologiya məsələləri» (1996), «Kitabi-Dədə Qorqud» dastanlarında etnik psixoloji xüsusiyyətlərin inikası» (2000) və s. monoqrafiyalarında , «Etnik psixologiya»(2001) dərsliyində və onlarla elmi məqalələrində öz əksini tapmışdır. Professor Ə.Əlizadə yazır: «Ayıl, xalqım, ayıl!» nidası müəllifin «Psixoloji düşüncələr» və «Etnik psixologiya məsələləri» adlı kitablarının əslində leytmotivini təşkil edir və müəllif bu yanğı ilə tez-tez Sabirə, böyük lakin cəfakeş xalqınının taleyüklü problemlərini hələ XX əsrin əvvələrində mütəfəkkir dünyaduyumu ilə görmüş və bənzərsiz psixoloji kontekstdə əks etdirmiş böyük şairə özünün həmdərdli müasiri kimi müraciət edir və hər bir azərbaycanlının qəlbinə hopmuş hikmətli misraların psixoloji qatlarını məharətlə oxuyur. Müəllif yazır: … belə olmasaydı bəs bir əsr ərzində millətimizin, xalqımızın başına gətirilən və dəfələrlə, demək olar ki, eyni ssenari üzrə təkrar edilən fəlakətdən düzgün nəticə çıxarılardı. Başımıza gətirilən faciələr bu etnosun qan yaddaşında vaxtında və dəqiq surətdə həkk olunardı. Kitabda erməni vəhşiliklərinin psixoloji kökləri araşdırılır, nekrofiliya (E. Fromm) anlayışı axarında ermənilərin etnik xüsusiyyətləri psixoloji ədəbiyyatda ilk dəfə olaraq açıqlanır, erməni faşizminin iç üzünü bütün təfərrüatı ilə səciyyələndirmək imkanı verən zəngin materiallar, başqa sözlə inkar edilməz dəlillər əsasında aydınlaşdırılır».

Bir cəhət də qeyd edilməlidir ki, Ə.S.Bayramov xalqımızın ədəbi-bədii irsində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçıları cəlb etməklə (onun elmi rəhbərliyi ilə həmin problemlə bağlı 10-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir) yeni bir psixoloji məktəb yaratmışdır. Heç şübhəsiz, bu da elmimizin inkişafı ilə yanaşı, xalqımızın özünüdərkinə, Milli şüurunun formalaşmasına yaxından kömək etmiş olar...

Təsadüfi deyildir ki, professor Ə.S.Bayramov bu məsələyə xüsusi diqqət yetirir. O haqlı olaraq göstərir ki, «hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və mənəvi tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keşmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır. Yəni etnos və ya xalq kim olduğunu, özünü nə zaman və necə dərk etdiyini, hansı mənəvi psixoloji keyfiyyətlərə malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını da yaxşı bilməlidir. Bu isə xalqın etnik - psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı öyrənmədən mümkün deyildir».

Bu cəhətdən Ə.S.Bayramovun fəaliyyətində söz və əməlin vəhdəti insanı heyran edir, yəni, o, yalnız kiməsə məsləhət görmür ki, öz xalqının psixoloji keçmişinin araşdırılması ilə məşğul olsun, ilk növbədə məhz özü bu sahədə əməli addım atır. Bu cəhətdən Ə.S.Bayramovun belə bir ideyası diqqəti xüsusi olaraq cəlb edir ki, «xalqa məxsus etnik xüsusiyyətlər xalqın folklor və bədii ədəbiyyat materiallarında maddiləşir». O, öz tədqiqatları ilə bu ideyanı əyani surətdə həyata keçirmişdir.

6. Psixologiya elminin aktual problemləri ilə bağlı geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi-kütləvi əsərlərin yazılması və nəşri də, Əkbər müəllimin yaradıcılıq siferasında əhəmiyyətli yer tuturdu. Bu istiqamətdə aparılan işlər müəllifin 6 elmi-kütləvi kitabında, eləcə də müxtəlif jurnallarda dərc olunan onlarla məqalələrdə öz əksini tapmışdır.

Bununla bərabər, Ə.S.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtləif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmilər namizədi və elmlər doktoru dissertasiyası yazılmış, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Bununla bərabər o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur.

Professor Ə.S.Bayramov 1993-cü ildən 2000-ci ilə kimi M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin nəzdindəki (n.054.03.04) psixologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri, 2000-ci ildən həyatının sonuna kimi Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvü, həmçinin, SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü olmuşdür.

Ə.S.Bayramovun elmi, ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilmiş, o, «Fədakar əməyə görə» yubiley medalı (1970), «Şərəf nişanı» ordeni(1976), «SSRİ maarif əlaçısı» (1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahələrində xidmətlərinə görə «Şöhrət ordeni» (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir.Əkbər müəllim BDU-nun tarixində ikinci və hələlik sonuncu alimdir ki, BDU-nun fəxri professoru adını dşımışdır...

Professor Ə.S.Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 35-ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Bəli, Əkbər Bayramov hər zaman xatırlanan, parlaq simalardan biridir. O, heç bir zaman kimsənin qəlbinə dəyməz, könül qırmazdı. Paxıllıq hissi ona yad idi. O, hər bir kəsə hörmətlə yanaşar, imkanları daxilində ona köməklik göstərərdi. O, sözün əsl mənasında Azərbaycan psixologiya elminin vurğunu idi. Azərbaycanda pedaqoqika-psixologiya elminin inkişafı sahəsində əsl fədai idi. O, öz vətənini, elini, obasını, dövlətini, dövlətçiliyi sevirdi, ona qəlbən bağlı idi. Bütöv, müstəqil, çiçəklənən Azərbaycan onun həyat amalı idi. “Azərbaycançılıq” məfkurəsi onun üçün qəlb çırpıntısı idi. Azərbaycana olan böyük məhəbbətin təzahürü idi ki, o, oğluna “Azər” adını vermişdi. Azərin azərbaycançılıq ruhunda, vətənə sevgi, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasına bütün ömrünü həsr etmişdi... Qızı Pərvin xanım bütün ləyaqəti ilə Azrbaycan qadınlığına nümunədir... Nəvəsi Nigar psixologiya elmi sahəsində onun ləyaqətli davamçısıdır, BDU-nun müəllimidir, dosentdir.

Əkbər müəllimin xislətindəki elm-mədəniyyət , maarif təəssübkeşliyinin əsasında, şübhəsiz, xalq təəssübkeşliyi dayanırdı. Bu detal Əkbər müəllimin xisləti barədə, onun cəsarəti, ötkəmliyi, məğrurluğu, eyni zamanda, xeyirxahlığı, həssaslığı barədə, elə bilirəm ki, az şey demir. Əlbəttə, həmişə belə olmalıdır, milli psixologiyanı tədqiq edən hər bir qələm sahibi, aydın məsələdir ki, millətin təəssübkeşidir, millətin təəssübü isə xalq təəssübünün fövqündə deyil, çünki həmin milli psixologiya dediyimiz elm sahəsi mücərrəd bir varlığın yox, xalqın özünü ifadəsi, xalqın mənəvi sərvətidir. Əkbər müəllimin elmə, ictimai fikrə, xalq maarifinə xalq təəssübkeşliyi səviyyəsində yanaşması, xalqın milli-mənəvi sərvətinin təbliği naminə gənclik ehtirası ilə bu sahədə ımrünün sonuna qədər fəaliyyət göstərməsi, elə bilirəm ki, bu gün də gənclərimiz üçün bir örnəkdir.

Əkbər müəllimin, yuxarıda qeyd etdiyimiz kimi, elm aləmində bir sıra fəxrediləcək fəxarətli rəsmi adları, təltifləri var. Əlbəttə, bu adlar, vəzifələr, təltiflər əlahiddə bir tərzdə hörmətli idi və Əkbər müəllim onları istedadı və zəhməti ilə qazanmışdı və elə buna görə də mənim üçün Əkbər müəllimin şəxsiyyəti ilə «zəhmətkeş» sözü arasında çox üzvi bir bağlılıq var. Əkbər müəllim zəhmətkeş idi, milli psixologiya elmimizin, Azərbaycan psixologiyasının təşəbbüskar, yorulmaq bilməyən fədakar fəhləsi və fədaisi idi… Fədakar alim adı əsl ona yaraşırdı…

Əkbər əmimin həyatdan getməsi təbii və gözlənilən idi… Yaş öz hökmünü verirdi... Və o amansız, acılı-ağrılı xəbəri eşidəndə birdən-birə qoca Aşıq Alının haçansa yaddaşımda ilişib qalmış sadə və tamam əlacsız misraları yadıma düşdü: “Bu fani dünyadan bir köç eylərəm, Aran qəmgin olub, dağ inciməsin...”; “Bir gün eşidərsiz Alı da köçdü, Sındı telli sazım, təzanə qaldı…” Əkbər müəllimdən elimizə-elmimizə, xalqımıza çox-çox mətləblər, çox dəyərli əsərlər, ən ümdəsi, dərs almalı dərsliklər qaldı...

Əkbər müəllimi dəfn etdikdən sonra, qəbiristanlıqdan qayıdanda Əkbər əmimin Bayram əmim rəhmətə gedəndə, elə bu məqamda, yana-yana dediyi sözü xatırladım: - Bayramla birlikdə çox şeyimiz getdi...

İndi bu sətirləri yazanda tanınmış yazıçımız-publisistimiz, Millət Vəkili Aqil Abbasın yazdığı “Əkbər Bayramov da çıxdı getdi Ağdama, qaldıq biz...” yanıqlı vida sözündən bu cümlələri xtırladım: “Əkbər müəllim ağır oturub batman gələn kişilərdəniydi. Və bu gün Azərbaycanda bəlkə minlərlə tələbənin üstündə (o tələbələr ki artıq çox yüksək dövlət vəzifələrində çalışırlar və ya Əkbər müəllimin ənənələrini davam etdirirlər) Əkbər müəllimin haqqı var. Mən həmin tələbələrdən tanıdıqlarımın siyahısını da dərc edə bilərəm.

Əkbər müəllim, öz tələbələrinə haqqını halal elə və mənə də haqqını halal elə!

Universiteti bitirəndən sonra heç vaxt sənə «Əkbər müəllim» demədim, «Əkbər əmi» dedim. Əmi, Ağdama yolun açıq olsun!”

Bir də, böyük şairimiz Qabilin oğlu, yazıçı-publisist Mahir Qabiloğlunun qəmlə dolu yazdığı “Professor Əkbər Bayramova vida sözü”nün sonluğunu xatırlatnaq istərdim: “Hə… Yazımı bitirdim. Əvvəldə yarımçıq bir fikrim qalmışdı. Onu tamamlamaq istəyirəm. İndi bu yazını oxuyub mənə zəng etsəniz və xoş sözlər söyləsəniz “Borcumdur” cavabı verməyim çox bəsit görsənər. Çünki mənim yazdıqlarımın çoxu ödəmək istədiyim mənəvi borclardır. Düzdür. Bir cızma-qarayla bu mümkün deyil. Bəlkə də buna qədirbilənlik kimi qiymət verəcəksiniz. Bəlkə də mən bunları yazıb, borcumu qaytarmış kimi təsəlli tapdığımı zənn edirəm. Çünki “Professor Əkbər Bayramova vida sözü” yazısını yazmaq mənim onqat borcumdur.

Borcumdur ona görə ki, Əkbər Bayaramov mənim qonşum Bayram əminin qardaşıdır.

Borcumdur ona görə ki, Əkbər Bayramov mənim müəllimim olub.

Borcumdur ona görə ki, Əkbər müəllimin atam Qabilə böyük ehtiramı olub.

Borcumdur ona görə ki, Əkbər Bayramov “91-lər”-in siyahısında öndə gedənlərdən olub.

Borcumdur ona görə ki, Əkbər Bayramov xalqımın böyük alim övladlarındandır. O alimlərdəndir ki, onun “mürəkkəbi şəhid qanından ağırdır”.

Borcumdur ona görə ki…

SON

Yasamal qəbiristanlığındayıq. Əkbər müəllimi torpağa tapşırdıq. Molla dua oxudu. Sonda isə orda olanlara üzünü tutub “Halal edin” söylədi. Hamı da dəfələrlə “halal” söylədi. Mən də qeyri iradi söylədim – hamı kimi. Sonra isə dodağımı dişlədim. Gör e… halallığı mən almaqdan… Amma gecikmişdim. Gec də olsa dilləndim: “Əkbər müəllim, 1985-ci ildə verdiyiniz, layiq olmadığım “4” qiymətini halal edin. Allah rəhmət eləsin!”

Mənim düşüncəmə görə əxlaqın və tarazlığın anası sevgidir. "Eşqdir mehrabı uca göylərin” deyən, Nizami Gəncəvi, "Eşitdim, arifə dedi bir nəfər:-Həqiqət yolunda ol mənə rəhbər. Dedi ki, eşq ilə tanış deyilsən. Aşiq ol, sonradan yanıma gəl sən” deyən Əbdürrəhman Cami doğru deyiblər. Kainatı məhv olmağa, cəmiyyəti dağılmağa qoymayan cazibənin və sevginin cəmi eşqdir. Günəşdə parlamaq, Ayda işıq alıb, işıq vermək, ulduzlarda sayrışmaq, çiçəklərdə açmaq, torpaqda bitirmək, göydə çadır olub yeri qorumaq eşqi vardır. Fərhad eşqlə ucaldı, Məcnun eşq ilə əbədi məhəbbət Günəşinə çevrildi...

İnsanı yerə və göyə, sənətə və elmə bağlayan sevgi onu həmişə yaşamağa və yaratmağa, duymağa və düşünməyə çağırır. Eşqdir insanı sevməyə və sevilməyə, duymağa və duyulmağa səsləyən. Əkbər Bayramovu – psixologiya elmləri doktorunu, professoru, mahir pedaqoqu, kamil müəllimi həm də elmin, ədəbin, insanlığın, ziyalılığın aşiqi olduğu üçün sevirdilər. Bunu aləm də bilir ki, doğru aşiq həmişə və hər yerdə sevgiyə layiqdir. Və bu sevgini Əkbər Salman bəy oğlu Bayramov qazanmışdı... Bütün qazandıqlarını da müdrikcəsinə bizlərə - elmə, cəmiyyətə, gələcəyə, bizlərə qoyub ruhlar aləmində qərarlaşdı...

Əkbər müəllim haqq dünyasına köçdü və bizim bu fani dünyamızda öz missiyasını alın açıqlığı ilə yerinə yetirib getdi, insanlıq borcunu, vətəndaş borcunu, maarifçi-alim borcunu, əmi-dayılıq borcunu ödədi, getdi. Bizim isə ona ödəməli borcumuz çox-çoxdur…

Ruhun şad olsun, ey təkcə mənim yox, hamımızın əmisi, hamımızın müəllimi, doğması və əzizi, Əkbər Salman bəy oğlu Bayramov!!

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor;
"Fədakar alim" və "Elm fədaisi" diplomantı,
"Səməd Vurğun mükafatı" laureatı,
1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
27.05.2018.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir