Modern.az

11 şagirdini ölümdən xilas edən müəllim - Möcüzəvi xilasın TARİXÇƏSİ

11 şagirdini ölümdən xilas edən müəllim - Möcüzəvi xilasın TARİXÇƏSİ

12 İyul 2018, 12:20

Taylandda yağmur və sel səbəbilə mağarada qapalı şəraitə düşən futbol komandasının üzvləri olan uşaqlar məşqçinin təlimatları ilə həyatda sağ qala biliblər.

 

Modern.az saytı xəbər verir ki, bu barədə “Thai PBS” kanalına qısa müsahibəsində xilasetmə işlərinin rəhbəri Naronqsak Osatxanakon bildirib.

Onun sözlərinə görə, 11-16 yaşlı uşaqlar xilasedicilərin 10 gün sonra onları aşkarladığı zaman ayıq vəziyyətdə olublar. Onlar bu qədər uzun müddət ərzində sırf məşqçi Ekapxon Çantxavonqun (Ek) təlimatları sayəsində həyatda qala biliblər.

 

“Ek uşaqlara özləri ilə gətirdikləri ərzaqları orqanizmin həyati gücünü saxlamaq üçün gün ərzində az miqdarda yemək təlimatını verib. Bu ərzaqlar uşaqlardan birinin ad gününü qeyd etmək üçün mağaraya girməzdən öncə alınmış çips, konfet və bir sıra digər məhsullardan ibarət olub. O, özü üçün olan ərzaqların böyük bir hissəsini uşaqlara verib. Ek həmçinin, özləri ilə gətirdikləri fənərləri belə ehtiyac olmadan yandırmamağı tapşırıb. Məşqçi onlara mağaranın divarlarından aşağı axan təmiz suyu yalnız ehtiyac olanda içməyi, meditasiya etməyi və yalnız ehtiyac olanda hərəkət etməyi tapşırıb” -  Osatxanakon bildirib.

 

Onun sözlərinə görə, nə məşqçinin, nə də uşaqların yuxarıda aparılan xilasetmə işləri barədə məlumatları olub. Onlar yalnız axtarıldıqlarını və yəqin ki, tapılacaqlarına ümid ediblər.


Xilasedicilər mağarada 10 gün qalmış bu 12 nəfəri tapan zaman içlərində ən zəif vəziyyətdə məşqçi olub. Birinci ən zəiflərin təxliyə edilməsi məsələsi qaldırılanda isə məşqçi ən sonda çıxmaqda təkid edib. Onun bu addımı uşaqlarda ruh yüksəkliyi yaradıb və onunla bərabər daha bir neçə sutka orada qalan uşaqlara böyük mənəvi dəstək olub.

 

Əvvəlcə məşqçinin yaxın dostlarından başqa hər kəs onu uşaqları yağış fəslində mağaraya apardığı üçün qınayıb. Xilasedicilər tərəfindən onların hər birinin sağ aşkarlanmasından sonra isə tənqidçilər belə ona təşəkkür ediblər.

 

Qeyd edək ki, iyunun 23-də mağaranın qarşısında 11 velosiped və məşqçinin motosikletinin aşkarlanmasından sonra xilasetmə işlərinə start verilib. Bu hadisə 12 nəfərin mağarada qalmasından bir gün sonra baş verib. Bundan 10 gün sonra isə xilasedicilər sel səbəbi ilə mağaranın dərinliklərində qalmış uşaqları və məşqçini aşkarlaya biliblər. Bir neçə gün ərzində onlara üzgüçülük təlimləri verilib və qruplar şəklində təxliyə ediliblər.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı