Modern.az

Futbolsuz Azərbaycan və Azərbaycansız futbol

Futbolsuz Azərbaycan və Azərbaycansız futbol

13 İyul 2018, 13:06

Ariz ABDULƏLİYEV

Futbol üzrə dünya çempionatlarını 1960-cı illərdən izləyirəm. Pele, Eysebio, Qarinça, Didi, Lev Yaşin, Banişevski, Metreveli, Platini, Maradona, Quliç, Bekkenbauer, Kolin Bell, Kolli Smit, Klemens, Robson və başqa futbol əfsanələrinin oyunlarını xatırlayıram.

1970-1980-ci illərin dünya futbol çempionatlarını xatırlayıram.

Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra futbol üzrə bütün dünya çempionatlarını seyr etmişəm. Oyunlara hər dəfə baxanda məni bir sual düşündürüb: Azərbaycan dünya futbol çemponatında niyə iştirak etmir?

Bu sual, inanıram ki, Azərbaycanda milyonlarla futbol azarkeşini və peşəkar idman mütəxəssisini də düşündürür. Nəinki düşündürür, həm də narahat edir.

 

***

“Dünya çemionatı-2018” çox maraqlı, heyrətamiz oyunları ilə yadda qaldı. Bu çempionatda Asiya ölkələri, İslam ölkələri də yaxşı oyun göstərdirlər. İran millisi həmişəki kimi, bacardığı qədər yaxşı oynadı, mümkün qədər mübarizə apardı. Sineqal, Nigeriya, BƏR, Misir, Tunis kimi İslam ölkələrinin, Yaponiya, Koreya kimi Asiya ölkələrinin yığmaları bu dəfə pis oynamadılar.


Bəs Azərbaycan?


Azərbaycanın milli futbolu və futbol millisi niyə heç vaxt dünya çempionatına qədər yüksələ bilmir? Nə vaxta qədər Azərbaycanın milli futbolu, futbolçuları  yetərincə peşəkarlığa, texnikaya, fiziki hazırlığa malik olmayacaqlar? Axı bizdə futbola bu qədər pullar qoyulur. O milyonlar başqa idman sahəsinə qoyulsaydı, bəlkə də nailiyyətimiz daha çox olardı. Futbolda isə nailiyyətimiz olmur ki olmur və belə getsə, heç olmayacaq da.  

***

Bəlkə futbol idmanını qura bilməməyimizin, peşəkar futbol oynaya bilməməyimizin kökündə bəzi mənfi xüsusiyyətlərimiz dayanır: lovğalıq, meştəbehlik, dahibazlıq, məsuliyyətsizlik, zəhmətə qatlaşmamaq, komanda oyununu sevməmək,  mənəm-mənəmlik, yalançı şöhrətpərəstlik, aldatmaq, yalanı sevmək, yola vermək, başdansovduluq, oğurluq, korrupsiya, rüşvət, paxıllıq, qısqanclıq, tanışbazlıq, yerlibazlıq, regionçuluq, əlimizə pul gələndə çaşmağımız, bir-birimizi həqarətlə çuşqa adlandırmağımız, yuxarıdan aşağıya və aşağıdan yuxarıya qədər birliyimizin olmaması, bir-birimizin çörəyini əlindən almaq, qudurğanlıq, şəxsi mədəniyyətin olmaması…

 

***

İqtisadi və sosial cəhətdən inkişaf etmiş Azərbaycanda 11 nəfər yaxşı futbol oynaya biləni tapan bir Allah bəndəsi yoxdurmu?   Ay millət, 2018-ci ilin dünya çempionatında hətta cəmi 350 min əhalisi olan cırtdan bir ölkə - İslandiya da futbol oynadı. Ərazisi, əhalisi və iqtisadi inkişafı bizdən o qədər çox olmayanlar da, az olanlar da – Belçika, Xorvatiya, İsveç, Koreya, Sineqal, Nigeriya, Portuqaliya, Misir, Kolumbiya, Tunis, Danimarka 2018-dünya çempionatına milli yığmalarını çıxartdılar. Heç inanmaq olmur ki, İran, Braziliya və Argentina da daxil, həmən ölkələrdə futbola, idmana Azərbaycanda olduğu qədər maliyyə vəsaiti qoyulur, bizdəki qədər dövlət qayğısı göstərilir. Amma bizdə futbol yoxdur ki, yoxdur. İndiyə qədər Azərbaycan yığması azarkeşlərimizə yalnız məğlubiyyət və ya heç-heçə acılığı yaşadıb. Belə futbol oynamaqdansa, oynamamaq yaxşıdı. Ay komanda, ay futbolçu sənə bu millət bu qədər fanatlıq, azarkeşlik edir, özünü haldan-hala salır. Bu qədər dəstəyin, pulun, şəraitin, imkanın qarşılığında sən futbol idmanını təşkil edə və oynaya bilmirsən! Bilmirsən, vəssalam.

 

***

Yeri gəlmişkən, bir məsələni qeyd edim. Çemionata qatılan komandalarda ulduzlar, yarımulduzlar (belə demək olarsa) oynayırdılar. Hamı bilir ki, onlar bahalı futbolçulardır və hər biri milyonerdir. Hər biri milyonları öz peşəkar oyunu, peşəkar məsuliyyəti, özünə tələbkarlığı ilə qazanıb. Hətta aralarında öz xeyriyyə  fondunu yaradanlar və ehtiyaclılara maliyyə yardımı edənlər də var. Amma son 25 ildə Azərbaycanın heç bir futbolçusu samballı Avropa klublarına dəvət almyıb, çünki normal peşəkar səviyyələri yoxdur. Ən pisi budur ki, son 25 ildə Azərbaycan xaricdən babat futbol oynaya bilən, yaxşı qaça bilən, başı ilə top vura bilən, yüksək fiziki və texniki hazırlığı olan futbolçu da almayıb.  

 


***

 

Avropanın, Latın Amerikasının futbol ulduzlarının milyonlarla pulu var. Amma onları bu milyonlar heç də çaşdırmır. Bu qədər pulun, sərvətin qarşılığında idmanın etikasına, professional futbolun tələblərinə məsuliyyətlə əməl edirlər, dieta saxlayırlar, vaxtlı-vaxtında məşq edirlər, qaçırlar, idmanın peşəkarlıq tələblərini öz nəfslərinə, əyləncə istəklərinə, pul hərisliklərinə, eyş-işrətlərinə qurban vermirlər. Çünki professional məsuliyyət hissləri və professional idman mədəniyyətləri var.

Onların pulunun ondan birisi bizim futbolçularda olsaydı, Messinin illik qazancının yarıdan yarısının yarısı bizimkilərdə olsaydı, inanın daha futbol oynamazdılar və mütləq restoran şəbəkəsi yaradardılar və ya mütləq novostroyka tikərdilər. Baxın, futbolçularımız pivə də, viski də, konyak da, araq da içirlər, “bazlıq” da edirlər, kabab da yeyirlər, basdırma da həzm edirlər, tum da çırtlayırlar, ədabazlıq da sərgiləyirlər, hələ üstəlik oyun zamanı şou ulduzları sayaq pozalar da veririlər, yarımçıq artistlər kimi intervü vemək üçün sino da gedirlər. Üstəlik futbolçularımız biznes də qururlar, dünyanı də gəzirlər, villa da tikirlər, bahalı maşınlar da alırlar, dükan-bazar da açırlar, məşuqələr də saxlayırlar, otellerdə keflər də eləyirlər. Bəli, idmana, peşəkarlığa qadağan olunan hər şeyi edirlər və şükr Allaha ki, hər şeyləri də var. Amma bircə şeydən savayı: futbol oynaya bilmirlər, bilmirlər və bilmirlər. Pas ata bilmirlər, 30 dəqiqədən sonra qaça bilirmirlər, kombinasiya qura bilmirlər, zərbə vura bilmirlər, topa çata bilmirlər, öz meydançamızda uda bilmirlər… BİLMİRLƏR!

 

***

Xarici komandaların oyununa baxanda, mükəmməl olaraq hiss edirsən ki, futbol oyununa baxırsan. Amma bizim futbol klublarının və millimizin oyununa baxanda, bunun normal futbol olduğunu çətin qavrayırsan. Bizimkilər futboldan iraq oyunları ilə, nəticələri ilə yalnız qeyri-peşəkarlıq göstərirlər, azarkeşlərə, fanatlara isə yalnız əsəb, qıcıq, təəssüf yaşadırlar.

 

***

Bəlkə Azərbaycanda futbol bir idman növü olaraq, birdəfəlik ləvğ edilsə, daha yaxşı olar. Mən neçə onilliklərdir elə hey eşidirəm ki, yaxşı futbolumuz olacaq, yaxşı millimiz olacaq. Amma ən azı 25 ildir yaxşısı bir yana, heç babat futbolumuz da yoxdu.

Bəlkə futboldan bir idman növü kimi birdəfəlik imtina edək? Amerika, Çin, Cənubi Afrika, Pakistan, Hindistan, Monqolustan, Malaziya, Birma, Gürcüstan, Dağıstan, Yəmən, Malta, İndoneziya, Qırğızıstan, Tacikistan, Qazaxıstan və dünyanın onlarla ölkəsində futbol yoxdur deyə, millət faciə yaşamır ki? Yoxdur, yoxdur də. Sovetlər İttifaqında bir yığma “Neftçi” komandasını yaratmışdıq deyə, XXI əsrdə də mütləq futbol oynamalıyıq və nəticəsi olmayan bir idman növünə görə milyonlarla milli valyutamızı göyə sovurmalıyıq və özümüzü pələsəng etməliyik ki, nə var ildə bir dəfə qol vuracağıq, ya yox? Bu qədər pulun yarısını, məsələn, şahmata, güləşə, boksa, yüngül atletikaya, qılıncoynatmaya, qaçışa, hündürə və uzunluğa  tullanmağa, su idmanına sərf etsəydik, indi daha böyük nailiyyətlərimiz var idi. Kim bilir son 15-20 ildə futbola sərf edilən milyonlar əhalinin rifahına, istehsala, yeni iş yerlərinə, pensiya və maaşların artırlmasına xərclənsəydi, ölkəmiz və xalqımız üçün daha böyük faydası olardı. Çünki bu illər ərzində başımızı dünyada uca eləyən futbolumuz və futbol nailiyyətlərimiz olmayıb. Heç olmayacaq da. Çünki arzu olunmayan, neqativ, subyektiv səbəbləri və mənfi-professional səbəbləri çoxdur. Hələ də az-maz uduşlarımızla, məhəlli uğurlarımızla, heç-heçələrimizlə, keçmişlərdəki 5-6 “qol”umuza başımızı qatıb təsəlli tapırıq. Nə vaxta qədər?

 

***

Bir-birini əvəz edən məşqçilər, xaricdən alınan məşqçi və futbolçular... Klubların xərcləri... Əvəzində bir-birini əvəz edən məğlubiyyətlər, heç-heçələr, zəif oyunlar... Bəs pullar? Məğlubiyyətə, heç-heçələrə bu qədər pul xərcləməyə dəyərdimi? Pulları qaytarın, cənab əmilər. Pulları qaytarın, ay futbol oynaya bilməyənlər.

***

Şübhə etmirəm ki, Azərbaycanda özünü peşəkar futbolçu sayanlar, özünü əvəzolunmaz futbol məşqçisi zənn edənlər, klub rəhbərləri və s.-lər son futbol çempionatın oyunlarına diqqətlə baxdılar. Bu oyunlar vasitəsilə futbol texnikasının, futbol peşəkarlığının, futbolçi hazırlığının, futbol oynamağın, məşqçi olmağın və böyük futbolun nə demək olduğunu nəhayət az da olsa,  başa düşdülər.          

 

***

İdman mütəxəssisləri və idmanı sevənlər deyirlər ki, futbol – siyasətdir, futbol – demokratiyadır, futbol – inkişaf etmiş iqtisadiyyatdır, futbol – sivil cəmiyyətdir, futbol – yüksək həyat tərzidir, futbol – milli birlikdir, futbol – azad cəmiyyətdir, futbol – sağlamlıqdır, futbol –dostluqdur, futbol – humanistlikdir, futbol – sevgidir, futbol – bayramdır, futbol – mədəniyyətdir, futbol -biznesdir. Bəlkə bir qədər ifrata varırlar, bəlkə də yox. Bilinən təkcə budur ki, yuxarıda futbolu təyin edən cümlə üzvlərinin hamısı müasir Azərbaycanda var. Və bilinən təkcə budur ki, dünyada peşəkar, böyük futbol adlanan bir idman var ki, o futbol da Azərbaycanda hələlik yoxdur.  Elə biz də o böyük futbolda yoxuq. Hələlik?

 

***

Peşəkar futbolu qura bilməmək, futbol oyana bilməmək və yaxud yalnız peşəkar futbola imitasiya etməyimizlə öyünmək, pis futbolumuzdan əl çəkməmək bizlərin hansı durumundan, psixologiyasından, vərdişlərindən xəbər verir?   

 

***

Futbolsuz Azərbaycan və Azərbaycansız dünya futbolu.

Qəmin kəm, ay klub, ay futbolçu, ay məşqçi, ay idman pulları, ay azarkeş!

     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir