Modern.az

Azərbaycan İlahiyyat İnstitutunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda seminar keçirilib

Aktual

13 İyul 2018, 19:24

Azərbaycan İlahiyyat İnstitutunda “Çoxmilli və çoxkonfessional Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu” adlı növbəti seminar keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən İnstitutun rektoru Ceyhun Məmmədov əvvəlcə radikal qüvvələrin Gəncədə törətdikləri terror hadisəsində şəhid olmuş polislərimizə rəhmət, ailələrinə səbir diləyib. Rektor bütün səmavi dinlərin, o cümlədən İslam dininin radikallığa, məsum insanları öldürməyə qarşı olduğunu, din pərdəsi altında törədilmiş bu cinayətin əslində dinimizlə və dini dəyərlərimizlə heç bir əlaqəsinin olmadığını, bu hadisələrə cəmiyyətimizin, xüsusən inanclı insanlarımızın qətiyyətli mövqe bildirməli olduğunu vurğulayıb.

Ceyhun Məmmədov, ölkəmizin tarixən müxtəlif dinlərin və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, əsrlər boyu Azərbaycanda yaşayan xalqların qarşılıqlı anlaşma və dostluq şəraitində yaşadığını vurğulayıb. O, ölkəmizdə mövcud olan dini və mədəni tolerantlıq  ənənəsinin qorunmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əlieyevin xüsusi rolu olduğunu bildirib. O, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada təbliğ edilməsində Heydər Əliyev Fondunun, xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu vurğulayıb. 

Daha sonra Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli əsas məruzəçi kimi çıxış edib. O, Azərbaycan xalqının etnogenezi və mədəniyyətinin formalaşmasının olduqca mürəkkəb və qarışıq şəraitdə cərəyan etdiyini, bu baxımdan Azərbaycan əhalisinin monoetnik və monokonfessional olmadığını qeyd edib. Ş.Həsənli xristianlıq, zərdüştilik, yəhudilik, İslam və onların müxtəlif qollarına mənsub Türk, Qafqaz, Hind-Avropa xalqlarının bu coğrafiyada əsrlərlə bir arada sülh içində yaşadığını, azərbaycanlıların həmişə dominant dini inancı və bu inanca dayanan vahid dəyərlər sisteminin olduğunu, hər bir etnik və konfessional qrupun özünü bu millətin ayrılmaz hissəsi saydığını və mədəniyyətimizin zənginləşməsinə öz töhfəsini verdiyini bildirib. 

Daha sonra o, hələ qədim zamanlardan mistisizmə inanan azərbaycanlıların irfan dünyagörüşü sayəsində İslamın rangarəngliyi və çoxşaxəliliyini ixtilaflara deyil, tolerantlıq və harmoniyaya yönəltdiyini, XI-XIV əsrlərdə İslam dünyasındakı fəlsəfəçilərlə ehkamçıların qarşıdurmasının Azərbaycandan nəinki yan keçdiyini, hətta ölkəmizin bir çox fəlsəfi-irfani cərəyanların vətəninə çevirildiyini qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır