Modern.az

Azərbaycanda yeni elmi mərkəz yaradılacaq - FOTO

Azərbaycanda yeni elmi mərkəz yaradılacaq - FOTO

Təhsil

13 İyul 2018, 19:33

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzi və “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin əməkdaşları ilə görüş keçirilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, görüşdə İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi Akbar Ghasemi, bu qurumun “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin icraçı direktoru Morteza Zarrabi, yeni məhsulların inkişafı şöbəsinin müdiri Aşkan Mozdgir, beynəlxalq əlaqələr şöbəsinin müdiri Vahid Askarı və məsləhətçi Mehdi Zakrei iştirak ediblər.

Görüşdə İran İslam Respublikasında “Royan” kök hüceyrə bankının imkanları, Azərbaycanda oxşar genbankın yaradılması perspektivləri, hüceyrə terapiyası xidmətləri üzrə əməkdaşlıq imkanları, sonsuzluğun müalicəsi sahəsində birgə tədqiqatlar və onların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov respublikada səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. O, son illərdə ölkəmizdə bu sahədə kompleks tədbirlərin həyata keçirildiyini, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.

Ə.Əmiraslanov ölkəmizdə də kök hüceyrələri sahəsində dünya təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini, artıq bir neçə xəstəxanada, eləcə də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu istiqamətdə tədqiqatlara başlanıldığını deyib. Alim kök hüceyrələrinin öyrənilməsi istiqamətində dünyanın tanınmış tibb mərkəzləri ilə əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

“Azərbaycanda bir çox patologiyaların aradan qaldırılmasında istifadə olunan kök hüceyrələri üzrə geniş tədqiqat işlərinin aparılması məqsədilə AMEA və Səhiyyə Nazirliyinin birgə səyi nəticəsində ölkəmizdə Kök Hüceyrə Mərkəzi yaradılacaq”, – deyə diqqətə çatdıran Ə.Əmiraslanov bu sahədə “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin təcrübəsinin öyrənilməsinin faydalı olacağına əminliyini bildirib. O, azərbaycanlı mütəxəssislərin dünyanın bir sıra aparıcı ölkələrində, eləcə də Türkiyədə mövcud olan bu kimi mərkəzlərdə təcrübə keçdiklərini qeyd edib. Azərbaycanlı mütəxəssislərin İranda kök hüceyrələri ilə bağlı keçirilən konfranslarda mütəmadi olaraq iştirak etmələrinin vacibliyini vurğulayan alim Bakı şəhərində də bu sahədə birgə simpoziumun təşkilinin zəruriliyini vurğulayıb.

Ə.Əmiraslanov birgə tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə əməkdaşlıq müqaviləsinin imzalanmasının məqsədəuyğun olduğunu deyib.

İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin Azərbaycan üzrə nümayəndəsi Akbar Ghasemi təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, regionlar üzrə altı bölmə, iki universitet, altı institut və iyirmi yeddi tədqiqat mərkəzindən ibarət bu müəssisə İranda kök hüceyrələri ilə məşğul olan yeganə mərkəzdir.

Təmsil etdiyi “Royan Kök Hüceyrə Texnologiyası” şirkətinin imkanları, burada aparılan tədqiqatlardan danışan Morteza Zarrabi İrandan başqa, digər qonşu ölkələrdən də bu şirkətə kök hüceyrə nümunələrinin gətirildiyini, müxtəlif aspektli əlaqələrin qurulduğunu bildirib. Kök hüceyrələrinin öyrənilməsi sahəsində geniş imkanlara malik olduqlarını bildirən qonaq Azərbaycana bu istiqamətdə lazımi köməkliyi göstərəcəklərini deyib.

M.Zarrabi Azərbaycanın tibbi müəssisələri ilə insan genomu bankı, bitki genomu bankı, sonsuzluğun müalicəsi və digər sahələrdə də əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb. O, Azərbaycan mütəxəssislərindən ibarət nümayəndə heyətini kök hüceyrələri ilə bağlı aparılan tədqiqatlarla yaxından tanış olmaq məqsədilə İrana dəvət edib.

Tədbirdə kök hüceyrələrinin elmi və praktiki əhəmiyyətindən danışan AMEA-nın müxbir üzvü Nuru Bayramov bildirib ki, “Royan Kök Hüceyrə Texnologiyası” şirkəti ilə birgə əməkdaşlıq Azərbaycan tibb elminin inkişafı üçün geniş imkanlar yaradacaq.

Azərbaycan Tibb Universitetinin xarici tələbələrlə iş üzrə dekanı, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev “Royan Kök Hüceyrə Texnologiyası” şirkəti ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Qurumun təkcə İranın deyil, həm də dünyanın universal mərkəzlərindən biri olduğunu deyən alim burada həm bioloji mexanizmlərin araşdırıldığını, həm də kliniki tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, 1992-ci ildən fəaliyyət göstərən və keyfiyyətli tibbi xidmətlərin göstərildiyi mərkəzin yüksək impakt faktora malik jurnalının da mövcud olduğunu vurğulayıb.

O.İsayev İran İslam Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzi ilə əməkdaşlığın Azərbaycanda kök hüceyrələrinin öyrənilməsi və bu sahədə ciddi nailiyyətlərin əldə olunmasına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Sonda geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıq müqaviləsinin imzalanması və əlaqələrin davamlı inkişafı istiqamətində müvafiq qərarlar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir