Modern.az

ARB 24 yeni ofisdə yayıma başlayır - Real TV-yə rəqib gəlir 

ARB 24 yeni ofisdə yayıma başlayır - Real TV-yə rəqib gəlir 

15 İyul 2018, 13:49

ARB 24 telekanalı yaxın vaxtlarda Bakıda yayıma başlayacaq.

Bu barədə Modern.az-a “Türkel TV” MMC-nin rəsmisi - ARB 24 telekanalının baş direktoru Nadir Şəfiyev bildirib.


Baş direktor deyib ki, artıq bununla bağlı köçürülmə prosesinə başlanılıb:

 

“Daha keyfiyyətli yayım, daha çevik xəbərlər üçün qarşınızda olacağıq. Biz fəaliyyətə başlayanda bildirilirdi ki, istər regionda, istərsə şəhərdə xəbərə tələbat yoxdur və sizə baxan olmayacaq. İşlədikcə xəbərə tələbatın kifayət qədər olduğuna şahidlik etdik.

Xüsusilə yerləşdiyimiz Tovuz-Qazax, Gəncəbasar zonasında söz və saz ustadları olduğundan, insanlar məhz buna meyllənirlər. Hətta bizə irad tuturdular ki. “niyə o cür kanalı şikəst edib xəbər kanalına çevirdiniz”. Amma indi həmin insanlar özləri öz məlumatlarının bizim efirdə getməsini xahiş edirlər. Demək ki, tələbat var, tələbat varsa, demək baxılırıq. Ötən il dekabrın 26-da ölkənin ilk ümumrespublika xəbər kanalının yaradılması ilə bağlı elan olunan tenderin qalibi olduq. İlkin mərhələdə kifayət qədər rəqibimiz vardı. Paytaxtdan kifayət qədər aralıda yerləşən “Türkel TV” - ARB 24 qalib gəldi”

 

Qeyd edək ki, 2017-ci il dekabrın 28-də Milli Televiziya və Radio Şurasının iclasında digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Xatırladaq ki, ümumrespublika televiziya yayımçılarından hazırda Real TV sırf xəbər kanalıdır. Bu baxımdan ARB 24-ün Real TV-yə rəqib olacağı istisna deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir