Modern.az

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir

16 İyul 2018, 10:39

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində növbəti tədbir Göyçay şəhərində təşkil olunub. 

 

“100 illik tariximiz” devizi altında reallaşdırılan layihə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir. Yaradıcılıq festivalının yay mövsümündə təşkili yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gələn turistlərə də Azərbaycanın rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı yaradır. 

 

Tədbirin birinci mərhələsi bayramsayağı bəzədilən şəhər mərkəzində yerli sakinlərin və qonaqların Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən ayrı-ayrılıqda təşkil olunan sərgilərlə tanışlığı ilə başlayıb. Bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri ilə yaxından tanışlıq, verilən məlumatlar böyük diqqətə və marağa səbəb olub. 

 

Yaradıcılıq festivalının ikinci mərhələsində isə hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin konserti olub. Təqdim olunan musiqi nömrələri, rəqslər maraqla qarşılanıb. 

İştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbirlərlə bağlı təəssüratlarını bölüşüblər. Göyçay rayonunun 76 yaşlı sakini Rasim Hüseynov deyib: “Çox maraqlı layihədir. Həm sərgi, həm də konsert olduqca maraqlı və rəngarəngdir. Sərgidə gördüklərim xəyalımı uzaq keçmişimizə apardı. Doğrudan da xalqımız zəhmətkeş, əməksevər və yaradıcı xalqdır. Oxunan xalq mahnıları mənə gənclik illərimi xatırlatdı. Şirvan, Qazax, Tovuz aşıqlarının ifalarını dinlədim. Hər birinin özünəməxsus ifa tərzi, gözəlliyi var. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən bu tədbir çox böyük əhəmiyyət daşıyır. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Burada gördüklərim, eşitdiklərim tariximizin 100 il əvvəlki dövrünü əks etdirir”. 

 

Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova lənkəranlı qızlardan ibarət rəqs qrupunun çıxışını böyük maraqla izlədiyini bildirərək deyib: “Aylolo” rəqsinə heyranlıqla baxdım. Qızların çevik sıçrayışlarla rəqs etməsi Azərbaycanımızın zəngin mədəniyyətinin nümunəsidir. Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən bu layihə bizə bölgələrimizin rəngarəng mədəniyyəti, adət-ənənələri, sənət inciləri barədə ətraflı məlumat almağa, bir-birimizlə daha sıx ünsiyyətə imkan verir”. 

 

On beş regionun mədəniyyət incilərinin təqdim olunduğu yaradıcılıq festivalının onda xoş təəssürat yaratdığını bildirən müəllim Aqil Kəngərli isə bildirib: “Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı qərarı bizə tariximizi, milli mənəvi dəyərlərimizi daha yaxından öyrənməyə imkan verir. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bu baxımdan çox maraqlı və əhəmiyyətlidir. Bu gün 15 regionun mədəni həyatı ilə bir daha yaxından tanış olduq”. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi