Modern.az

BMT: Bir milyarddan çox insan risk altındadır

BMT: Bir milyarddan çox insan risk altındadır

17 İyul 2018, 21:40

“İsti havalarda kondisionerdən istifadə edə bilməyən bir milyarddan çox insan risk altındadır”. Modern.az BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bu fikirlər təşkilatın “Hamı üçün dayanıqlı enerji” tərəfdaşlıq proqramının hesabatında yer alıb.

 

Proqramın rəhbəri, BMT baş katibinin xüsusi nümayəndəsi Reyçel Kayt hesabatın təqdimatı zamanı jurnalistlərə bildirib ki, 470 milyona yaxın insan yoxsul kəndlərdə yaşayır, onlar üçün təhlükəsiz ərzaq məhsulları və dərmanlar əlyetərli deyil. Habelə 630 milyon insan yoxsul şəhər məhəllələrində kondisioneri və güclü istilərdən müdafiəsi olmayan daxmalarda yaşayır.

 

Sənəddə kondisioner olmadığı səbəbindən əhalinin böyük hissəsinin riskə məruz qaldığı doqquz ölkənin - Banqladeş, Braziliya, Pakistan, Nigeriya, İndoneziya, Hindistan, Çin, Mozambik və Sudanın adı sadalanır.

 

Hesabatın müəllifləri hökumətləri, özəl sektor təmsilçilərini, sərmayədarları və vətəndaş cəmiyyətlərini daha çox insanın sərinləşdirici sistemlərdən istifadə etməsinə şərait yaratmağa çağırıblar. Digər tərəfdən, alıcılıq qabiliyyəti məhdud olan orta sinif nümayəndələrinin artması əlavə problem yaradır: 2,3 milyarda yaxın insan ucuz və keyfiyyətsiz kondisionerlərdən istifadə edir. Onlar isə enerji şəbəkəsində gərginliyi artırır və daha çox iqlim dəyişikliyinə səbəb olur. Məlumatlara görə, qlobal istiləşmənin 10 faizi soyuducu sistemlərin işləməsi ilə əlaqədardır.

 

BMT baş katibinin xüsusi nümayəndəsi bu məsələyə ciddi yanaşmanın tərəfdarıdır. O, son illər müşahidə edilən ciddi temperatur dəyişikliklərini və insanların böyük bir hissəsinin qeyri-sabit hava şəraitindən asılı olduğunu xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir