Modern.az

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

17 İyul 2018, 21:26

Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə Əməkdar artist Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrının direktoru təyin edilib. İyulun 17-də yeni direktor teatrın kollektivinə təqdim olunub.

Modern.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və  Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov mərasimdə çıxış edərək Mübariz Həmidovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.

Diqqətə çatdırılıb ki, Əməkdar artist Mübariz Həmidov bu sahədə böyük təcrübəyə malikdir. O, 2006-cı ildən 2018-ci ilədək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru işləyib. Onun rəhbərliyi ilə teatr yaradıcı fəaliyyətində çoxsaylı uğurlar qazanıb, o cümlədən müxtəlif beynəlxalq festivallarda teatr sənətimizi layiqincə təmsil edib. M.Həmidovun Sumqayıt Dövlət Dram Teatrında da nailiyyətlər əldə edəcəyinə, teatrın inkişafı üçün mühüm işlər görəcəyinə əminlik ifadə olunub.

Təqdimatda çıxış edən Mübariz Həmidov bu təyinata görə minnətdarlığını bildirib. O, Sumqayıt teatrının yeni mövsümdə maraqlı, çeşidli repertuarla tamaşaçıların görüşünə gələcəyini, onların rəğbətini qazanmaq üçün yeni layihələrin gerçəkləşəcəyini və hər bir aktyorun potensial yaradıcılıq imkanlarından səmərəli şəkildə istifadə ediləcəyini deyib. “Dövlətçilik, vətənpərvərlik mövzusu, milli-mənəvi dəyərlərin səhnə təcəssümü və əlbəttə ki, tamaşaçıların bədii-estetik zövqünün formalaşması önəmli məsələdir”, - deyən direktor kollektivə uğurlar arzulayıb.

Tədbirdə həmçinin Sumqayıt teatrının bu il qeyd olunacaq 50 illiyi ilə bağlı tədbirlər planının işlənməsi üçün tövsiyə və tapşırıqlar verilib.

Sumqayıt Dövlət Dram Teatrının kollektivi teatrın keçmiş direktoru İslam Həsənova gələcək fəaliyyətində nailiyyətlər, cansağlığı arzulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır