Modern.az

Mətbuat günü ilə bağlı Vikipediya-da 143 məqalə yaradıldı - VİDEO  

Mətbuat günü ilə bağlı Vikipediya-da 143 məqalə yaradıldı - VİDEO   

18 İyul 2018, 11:22

Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 143 məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib. Bunlardan 55-i redaktə, 88-i isə yeni yaradılmış məqalədir.

“Nəzərinizə çatdıraq ki, vacib məqamlardan biri kəmiyyət deyil, keyfiyyətdir, məhz bu istiqamətdə də çalışılıb. Komanda bu sahədə fəaliyyətə başlayarkən ilk diqqət yetirdiyi nüans Vikipediya-da mətbuatla bağlı olan boşluqları üzə çıxarmaq və bu boşluqlar üzərində iş aparmaq olub. İş bölgüsü bir neçə istiqamətdə aparılıb”,-deyə Mərkəzdən Modern.az-a bildirilib.


Əvvəlcə milli mətbuatımızın yaranmasında bünövrə rolunu oynayan “Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbərləri” kimi qəzet səhifələri yaradılıb və əsaslı şəkildə redaktə edilib.


Daha sonra maarifçilik ideyasının daşıyıcısı olan, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərən və milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzetinin səhifəsi, həmçinin “Əkinçi” qəzetinin ənənələrini davam etdirən və görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” kimi qəzet və jurnal səhifələri redaktə edilib.


Azərbaycanda ilk satirik jurnal olan “Molla Nəsrəddin“ jurnalı, eyni zamanda “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul”, “Məzəli”, “Azərbaycan”, “Kirpi”, “Mirat” kimi ana dilində nəşr olunan satirik jurnal səhifələri də redaktə edilib. Bunlarla yanaşı, komandamız tərəfindən 2 kateqoriya və bir şablon yaradılıb.


Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynamış “Füyuzat” jurnalı səhifəsi, habelə Azərbaycan mətbuatı və publisistikası sahəsində, həmçinin millətin tərəqqisində müstəsna xidmətləri olan Azərbaycanın maarifpərvər ziyalıları Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtinski və Cəlil Məmmədquluzadə kimi ədiblərimizə məxsus səhifələr əsaslı şəkildə redaktə edilib.


“Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi bir sıra pedaqoji jurnal səhifələri, eyni zamanda “İşıq” və “Azərbaycan qadını” kimi bir sıra qadın jurnal səhifələri də redaktə edilib.


Sadalanan məqalələrlə yanaşı, Azərbaycanda XIX əsrdə rus dilində çıxan “Bakinskiy listok”, “Kaspi” kimi mətbuat orqanları, “Qeyrət”, “Səda” kimi mətbəələr redaktə olunan məqalələr siyahısına daxildir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub. Məhz bu dövrdə fəaliyyət göstərən “Zənbur”, “Şeypur” kimi satirik jurnallar, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin təsisçisi olduğu “Açıq söz” qəzeti səhifəsi redaktə olunanlar sırasındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?