Modern.az

Jurnalist təşkilatları Mətbuat Gününə nə hazırlayıblar? - Sədrlər CAVAB VERDİ  

Jurnalist təşkilatları Mətbuat Gününə nə hazırlayıblar? - Sədrlər CAVAB VERDİ   

18 İyul 2018, 15:25

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Prezidentin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. Bu il milli mətbuatın yaranmasının 143 illiyi qeyd edilir.

Bəs bu tarixi gündə jurnalist təşkilatları nə kimi tədbirlər keçirməyi planlaşdırır?


Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı:

"Ənənəvi olaraq hər il tədbirlərimizi həyata  keçirmişik - istər  Parlament Jurtnalistləri Birliyi, istərsə də “Modern.az”  kollektivi arasında.  Hər il 22 iyulu fərqli şəkildə qeyd etmişik. Bundan sonra da təbii ki, müxtəlif tədbirlər reallaşdıracağıq.  Hər halda 22 iyula çağdaş dövrümüz kontekstindən azacıq da olsa, rəng vermək jurnalist təşkilatlarının borcu olmalıdır. Bu baxımdan bizim  yeni yanaşmalarımız olacaq, heç kimi gözləmirik".


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

““Yeni Nəsil” Jurnlaistlər Birliyi olaraq hər hansı tədbirlər görülməyəcək. Çünki  birliyin hesabı demək olar ki, 2014-cü ildən dondurulub və biz tədbirlərimizi həyata keçirə bilmirik. Amma fərdi olaraq  milli jurnalistika günü ərəfəsində  ayın 20-də saat 3-də Milli Elmlər Akademiyasının kitabxanasında bizim kitabın təqdimatı olacaq. Ora  jurnalistlər, ölkənin ictimai xadimləri dəvətlidir”. 

Jurnalist Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərli:

“Mətbuat günü” ilə bağlı əsas tədbirlər  respublika səviyyəsində keçirilir. Bu, həm Mətbuat Şurası (MŞ) , həm də  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən reallaşdırılır. Jurnalist Həmkarları İttifaqı da Mətbuat Şurasına daxildir, o cümlədən qurumun sədr müaviniyəm. Bu baxımdan tədbirlərimizi uzlaşdırır və iştirak edirik. Hesab edirəm ki, orda media ilə bağlı bütün dəyərləndirmələr aparılır, buna görə də əlavə tədbirlər keçirmirik.  Tədbirlər kifayət qədər çoxdur”.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev:

“Fürsətdən istifadə edərək, Modern.az kollektivini və bütün dəyərli media təmsilçilərimizi Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edirik. Bu çətin, məsuliyyətli və şərəfli peşəni fədakarlıqla yerinə yetirdiyinizə və ölkəmizdə mətbuatın inkişafı üçün çalışdığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk. Bütün jurnalistlərə gələcək fəaliyyətində uğurlar, həyatında xoşbəxtlik və can sağlığı arzulayırıq. Bu əlamətdar günün tarixi 1875-ci il 22 iyul tarixində nəşr edilmiş “Əkinçi” qəzetindən başlayır. Böyük tarixi yol keçən milli mətbuatımızla qürrələnir və fəxr edirik.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi üçün də bu tarix çox önəmlidir. Bizim təşkilatın sıralarında çoxlu sayda peşəkar jurnalist var və  bir təşkilat olaraq hədəfimiz məhz media sektorunda faydalı və ictimai əhəmiyyət kəsb edən layihələr icra etməkdir. Bu əlamətdar gün ərəfəsində biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə “Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” adlı layihəsi çərçivəsində ölkənin 3 bölgəsində ( Gəncə, Tovuz və Xaçmaz ) məhz media nümayəndələrinin iştirakı ilə geniş tədbirlər keçirdik. Əsas məqsədimiz Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək olmaqdır. Bu məsələ Zərdabinin dövründə də aktual olub, indi də aktualdır. Layihə çərçivəsində biz media nümayəndələri üçün peşəkar müzakirə və təlim sessiyaları təşkil etdik, eləcə də, peşəkar media mütəxəssislərinin iştirakı ilə ustad dərsləri keçirildi. Həmin regionlarda fəaliyyət göstərən media qurumlarına səfərlər təşkil olundu və region jurnalistlərinin iştirakı ilə ədəbi dilin qaydalarının mediada düzgün istifadə olunması istiqamətində müzakirələr aparıldı. Biz bir daha həmkarlarımızı Milli Mətbuat günü münasibəti ilə təbrik edirik. Qələminiz iti, alnınız açıq olsun və həmişə səngərdəki əsgərlərimiz tək, vətənimizin milli maraqlarının keşiyində dayanasınız, əziz həmkarlar !”.


Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu:

“Təşkilatımız Azərbaycan Mətbuat Şurasında təmsil olunur. Mətbuatımızın yaranma günü yaxınlaşmaqdadır və bununla bağlı hər il olduğu kimi bu il də həm bizim təşkilat, həm də  digər təşkilatların  tədbirləri  həyata keçiriləcək. Artıq bəzi qurumlar öz tədbirlərini reallaşdırır. Əlbəttə,  ötən dövr ərzinə nəzər salsaq, Azərbaycan mətbuatının  çox böyük inkişaf mərhələsi keçdiyini görərik. Sevindirici haldır ki,  bu il də ölkə başçısının media ilə əlaqəli qərarı oldu. Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması barədə sərəncam imzalayıb. Bu da ənənəvi mediamızın inkişafına olan dövlət qayğısının göstəricisidir. Yeri gəlmişkən, bütün həmkarlarımızı , Azərbaycan mediasında çalışan jurnalistləri təbrik edir, onlara uğurlar arzulayıram”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:

“Artıq bir neçə ildir ki, mətbuat gününü Mətbuat Şurasının keçirdiyi tədbirlər  çərçivəsində qeyd edirik. Lakin əvvəllər bu günlə bağlı təşkilatımız bir sıra tədbirlər  həyata keçirirdi.  Hazırda Demokratik Jurnalistlər Liqasının tədbirlər keçirməməsinin bir sıra səbəbləri var. Bu da birbaşa maliyyə məsələləri ilə əlaqəlidir. Bizim tədbirlər keçirmək üçün müxtəlif layihələrimiz olurdu. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu olsa da, konsepsiyasında  KİV-lərin inkişafına dəstək qeyd edilib. Jurnalist təşkilatları isə KİV kimi deyil , qeyri-hökümət təşkilatı  kimi qeydiyyatdan keçir. Buna görə də KİVDF-dən davamlı olaraq layihə ala bilmirik.  Amma Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından ildə bir dəfə  layihə alırıq, o da ilboyu tədbirlərin keçirilməsinə kifayət etmir.  Jurnalist təşkilatlarının tam işləməsi üçün müvafiq şərait yoxdur. Bununla bağlı biz təkliflərimizi vermişik. Düşünürəm ki, KİVDF-nin konsepsiyasında jurnalist təşkilatları da  yer almalıdır ki, onlar da  dövlətin ayırdığı maliyyədən yararlana bilsinlər. Söhbət təkcə bayram günlərində tədbirlərin keçirilməsindən getmir. Ümumiyyətlə, jurnalistika ilə bağlı bir çox ciddi işlər var ki, maliyyə çətinliyinə görə, biz onların  hamısını reallaşdıra bilmirik. Bu təkcə bizə aid deyil, digər jurnalist təşkilatlarına aiddir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...