Modern.az

Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər qeydləri - II YAZI

Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər qeydləri - II YAZI

19 İyul 2018, 10:42

Yadigar Cəfərli

Əvvəli burada

Harasa istirahətə yollanan adam qalacağı yerdə birinci nə axtarar?! 

Ay sağ olun, elə qalacağı yerin özünü. O zaman görək Batumidə harada qalmaq daha məsləhətdir. 
Əgər Batumiyə ilk dəfə gedirsinizsə, bundan əvvəlki illərdə isə Türkiyənin hər şey daxil otellərində olmusunuzsa, çalışın səfərqabağı ən birinci elə bu hər şey daxil havasından çıxasınız. Çünki Batumidə tamam fərqli mühit və şəraitdir.

Burada xəyal etdiyiniz kimi böyük ərazili, iri hovuzlu otellər, səhərdən axşama qədər müftə-müsəlləm yeyib-içib özünü günə vermək söhbəti yoxdu. Daha doğrusu var, amma belə istirahəti o qədər pula Batumidə eləməkdənsə, elə yenə də özünü günəşli Antalya tərəflərə vermək daha yaxşı olar. 

Nəzərə alın ki, bu yazının məqsədi mümkün qədər az xərclə, mümkün qədər xoş istirahət imkanlarını təsvir etməkdir. 

Nəsə söhbəti çox uzatmayım. 

Batumidə kiçik otellər çoxdur. Booking.com-a, ya da trivago.com-a daxil olub münasib variantlara baxa bilərsiniz. Amma orasını da deyim ki, belə variantların gecəlik qiyməti 50 dollardan az olmayacaq. Üstəlik, otağın ab-havası, şəraiti bu pula dəyməyə bilər. Yalınız bəzi otellərdə səhər yeməyi verilir. 

Məndən olsa, oteldə qalmaqdansa, üz tutun şəhərin yeni məhəllələrində, sahilə yaxın yerlərdə təzə tikilmiş binalardakı mənzillərə. 

Deyim niyə? 

Bu binaların çoxu elə otel konseptindədir. Binalarda çox gözəl, təmirli mənzillər var. Qiymətlər mənzilin yerinə, otaq sayına, şəraitinə uyğun dəyişir: sutkası 20-30 dollardan 80-100 dollara qədər. Müşahidə etdim ki, elə uzaq ellərdən Batumiyə gələnlərin çoxu da istirahətini məhz bu cür mənzillərdə keçirir. Çünki hər cür şəraitə malik belə mənzillər həm də qidalanma xərclərinə mümkün qədər qənaət deməkdir. Yəni bir dəfə kafedə yemək yeyəndə, növbəti öynəni də Allah verəndən süfrənin üstünə qoyub öz evindəki kimi yola vermək olar. 

Qalacağınız mənzili airbnb.com saytından əvvəlcədən seçə bilərsiniz. Amma Batumiyə çatana qədər də hələ otaq kirayələməmisinizsə və uzun yolun yorğunluğundan sonra gecəyarı çantalarınız əlinizdə küçənin ortasında qalmamısınızsa, yenə narahat olmayın. Hətta bu durumda da narahatlığa əsas yoxdur. Gecəni cibinizə uyğun bir oteldə səhər edib, ertədən mənzil axtarışına başlamağınıza heç nə mane olmur. Subay gənclər, xüsusilə macəra axtarışı ilə evdən səhər çıxıb bir də gecəyarı yatmağa qayıdan oğlanlar üçünsə sutkası 10-15 dollara hostel imkanları yetərincədir. Başqa ölkələrdən gələn oğlanlı-qızlı həmyaşıdların çoxu da elə bu cür hostellərdə qalır. Bir ata sözümüzdəki kimi, nə bilmək olar, bir də gördün kor bayquşunkunu Allah elə yuvasının ağzında yetirdi. 

Ailələr üçünsə Batumidə kirayəlik evlər doludur. İstənilən yeni binaya yaxınlaşdığınızda balkonlarda kirayə elanları görəcəksiniz. Binaların həyətindəki mer-meyvə satanlar, taksi sürücüləri və b. da yer tapmaqda yardım edə bilərlər. 

Batumidə birinci xətt deyilən ifadə var. Bu, dənizkənarı yoldur. Yolu keçən kimi bulvar və çimərlik başlanır. Təzə binaların çoxu birinci xəttə yaxındır. Mənzili bu binalardan hər hansı birindən götürsəniz, əla olar. Amma azca kənardan daha ucuz qiymətə də mənzillər tapa bilərsiniz. Azca kənar deyərkən, dənizə qədər piyada cəmi 5-6 dəqiqəlik fərqdən söhbət gedir. 

Batumiyə gec çatdığımızdan ilk gecəni şəhərin köhnə hissəsindəki üçmərtəbəli bir oteldə keçirdik. Səhər ev tapmaq üçün Opera teatrının yanı tərəflərə getdim. Orta yaşlı bir kişi Azərbaycan nömrəli maşını görən kimi “Ev var” qışqırmağa başladı. Adı İrakli idi. Mənzili “Aquapark” tərəfdəki yeni tikilidə, şəhərin xeyli əlverişli hissələrindən birində yerləşirdi. Ətrafda bir turistə lazım olan hər şey vardı: mağazalar, kafelər, valyutadəyişmə yerləri, salonlar. Buradan Sarpi tərəfə, yəni Türkiyə ilə sərhədə 17 nömrəli avtobus, şəhərin mərkəzinə isə 1 və 1a nömrəli avtobuslar gedir. Mənzil 14-cü mərtəbədə yerləşirdi. Yeni təmirli, iki geniş eyvanlı, əsl otel nömrəsi kimi çox təmiz və səliqəli idi. İçəridə olanları təsvir edim, müəyyən təsəvvür yaransın: televizor, təzə soyuducu, mebel dəstləri, kondinsioner, bir eyvanda paltar qurutmaq üçün asqı, digərində plastik stol və stullar, müasir hamam, təmiz dəsmallar, çəkələklər, paltaryuyan maşın, studiya tipli mətbəxdə bir ailənin zindəganlığı üçün lazım olan hər bir şey: stəkan-nəlbəkidən tutmuş duzqabı-salfetə qədər. 

Düzü bir qədər tələsib, mənzili İrakli ilə sutkası 40 dollara razılaşdım. Amma səhəri gün binada Çeçenistandan olan bir ağsaqqalla tanış oldum. Burada aldığı mənzili kirayə verirdi. Dedi ki, əvvəlcədən rastlaşsaydıq, təxminən eyni şəraitli mənzili 30 dollardan təklif edə bilərdi. 
Yəni, seçimlər çoxdur. Özünüz üçün ən uyğun variantı tapa bilərsiniz. 

Bir qədər də Batuminin havası haqqında danışım. Düzü, tamam fərqli təəssüratlar gözləyənləri məyus etmək istəməzdim. Amma orasını deməliyəm ki, bura dənizdə üzməyi, gün altda qaralmağı xoşlayanların yeri deyil. Yox əgər narın yağışın romantikasını, leysan səsini, sərinliyi sevirsinizsə, burası əsl sizlikdir. Batumidə yağışsız gün yoxdur. Dəniz də çox vaxt dalğalı olur. Belə dalğa hətta mənim kimi Kür qırağında böyüyüb üzməyi yaxşı bacaranlar üçün də təhlükəlidir. Ona görə yaxşı olar ki, burada istirahətinizi planlamazdan əvvəl bir aylıq hava proqnozuna baxasınız. Özünüzlə çətir götürəsiniz. Yağışdan qorunmaq üçün satılan çığara plaşlardan alasınız. Çünki elə burnunu evdən çölə çıxarmağa bəndsən ki, bir də gördün yağış başlandı, bir azdan kəsdi, sonra yenə başlandı. Bununla belə, günəş çıxanda şəhər çox isti, dənizsə sakit və təmiz olur. Şəhərə soyuq diyarlardan qonaq gəlmiş rus, belarus, ukraynalı turistlər sərin vaxtlarda da dənizdə çimirlər. Günəşli günlərdə isə sahildə iynə atsan, yerə düşməz. “Nu poqadi”nin çimərliyə gedən qəhrəmanı kimi, böyür-başda uzanıb özünü günə verənləri tapdalaya-tapdalaya özünə bir babat yer eləyib, çim-çimə bildikcə. 
Hə yadımdan çıxmamış bir məqamı da yazım ki, çimərliyə gedərkən, ayağınızı daşdan qorumaq üçün xüsusi şəffaf çustlar alsanız, yaxşı olar. Belə çustlardan Batumidə çox satılır. Buralar bizim Abşeron sahilləri kimi qumsallıq deyil. Daşlar adamın ayağını ağrıdır və çimərlik keyfinə bir qədər soğan doğrayır. 


ardı olacaq

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi