Modern.az

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL

19 İyul 2018, 13:13

Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, Komissiyanın aparat rəhbəri, akademik Arif Quliyev Lent.az-a bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.

 

 

Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: “Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”.

 

Qeyd edək ki, ötən gün xalq artisti Nazpəri Dostəliyevanın “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Çünki Ali Attestasiya Komissiyasının elmi dərəcələrlə bağlı təqdim etdiyi diplomların şəkillərinə baxdıqda məlum olur ki, Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto, sadəcə, möhürsüz arayışdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır