Modern.az

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB

20 İyul 2018, 12:22

Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

 

Prezident İlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlayıb.

 

Dövlət başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın “Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, şirkətin ölkəmizdə etibar qazandığını vurğulayıb.

 

Rafael Eskinazi Azərbaycan ilə “Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd edib.

 

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib.

 

Dövlət başçısı həmçinin “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə bir araya gəlib. Görüşdə Azərbaycan və “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

 

Prezident İlham Əliyev “Iveco France” şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə də görüşüb.

 

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

 

Görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Prezident İlham Əliyev həmçinin “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb. Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirib.

 

Prezident İlham Əliyev bunu yüksək qiymətləndirib və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir