Modern.az

Nazirliyin "qaynar xətti"nə ağacların kəsilməsindən şikayətlər daxil olub

Nazirliyin "qaynar xətti"nə ağacların kəsilməsindən şikayətlər daxil olub

Ölkə

4 Dekabr 2009, 11:06

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti bu qurumun "qaynar xətti"nə daxil olan şikayətlər barədə məlumat açıqlayıb.
Nəsimi rayonu Neftçilər prospektində (Dəniz Limanı ilə üzbəüz) yaşayan N.Nəbiyeva və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yaşayan S.Səfərova tərəfindən yaşadıqları evin yaxınlığındakı ağacların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə verilən və icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Qaynar xətt” vasitəsi ilə daxil olan şikayətlərə əsasən ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazilərə baxış keçirilib. Baxış zamanı N.Nəbiyevanın evinin yaxınlığındakı təhlükə yaradan ağacın artıq aşması və aidiyyəti təşkilatlar tərəfindən doğranaraq daşınması müəyyən olunub.
S.Səfərovanın evinin yaxınlığındakı bir ədəd Titrək Qovaq cinsli ağacın isə kökündən aşaraq yaxınlığındakı ağacların üzərinə düşdüyü müəyyən edilib. Dövlət Ekspertiza İdarəsi ağacın aidiyyəti qurumlar tərəfindən kəsilərək ərazidən daşınmasına razılıq verib.
Yasamal rayonu, Teymur Əliyarbəyov küçəsində yaşayan E.Hüseynov tərəfindən Dövlət Statistika Komitəsinin yaxınlığında ağacların kəsilib zibil qutularına atılmasına dair ETSN-nin “Qaynar Xətt”inə daxil olmuş məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən araşdırılıb.
Araşdırma zamanı Yasamal rayonu, N.Nərimanov küçəsində binanın qarşısında naməlum şəxslər tərəfindən 6 ədəd ayland və 1 ədəd tut ağaclarının kəsildiyi müəyyən olunub. Ağacları kəsən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən Yasamal rayon Polis İdarəsinə məktub göndərilib.
Nizami rayonu Azər Manafov küçəsində yaşayan İ.Mehdiyeva tərəfindən Balaxanı Məişət Tullantıları Poliqonu ərazisində tullantıların yandırılması ilə əlaqədar daxil olan məlumat ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentləri tərəfindən araşdırılıb.
Araşdırma zamanı Balaxanı Məişət Tullantıları Poliqonu ərazisində məişət tullantılarının yandırılması və poliqonda uzun illər ərzində yığılıb qalmış üzvi tullantıların təbii çürüməsindən yaranan metan qazının atmosferə atılması nəticəsində havanın normadan artıq çirkləndiyi, eyni zamanda poliqonda öz-özünə yanma prosesinin davam etdiyi aşkar olunub. Departament tərəfindən yanma faktı ilə əlaqədar poliqonun operatoruna qarşı dəfələrlə inzibati tədbirlər görülmüş və müvafiq göstəriş verilib. Yanğının qarşısının alınması istiqamətində işlər aparılsa da yanma prosesi dərin tullantı qatlarında davam etdiyindən yanğını söndürmək mümkün olmayıb.
Balaxanı poliqonunda problemlərin aradan qaldırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat almaq məqsədi ilə “Təmiz Şəhər” ASC-yə məktubla müraciət edilib. “Təmiz Şəhər” ASC tərəfindən mövcud vəziyyətin qarşısının alınması istiqamətində poliqondaxili yolların təmir edildiyi, ərazinin hasarlandığı və yaşıllaşdırma işlərinin həyata keçirildiyi bildirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətti"nə 438-13-35, 439-18-63 saylı telefonlar vasitəsilə zəng etmək olar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub