Modern.az

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ  

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ   

20 İyul 2018, 12:21

ABŞ müdafiə naziri Ceyms Mettis Konqresə Türkiyəyə satılacaq F-35 qırıcıları ilə bağlı önəmli məktub göndərib.

Modern.az nüfuzlu “Blomberg” nəşrinə istinadən xəbər verir ki, nazir Konqresə Türkiyəyə F-35 qırıcılarının satışının əngəllənməsinə qarşı olduğunu bildirib.

Mettis Konqresə ünvanladığı məktubda Türkiyəyə təhvil veriləcək F-35 qırıcılarının təslimatının dayandırılmasının ciddi fəsadları haqda danışıb.

O, Türkiyənin bu qırıcıları alan 8 əsas ölkədən biri olduğuna diqqət çəkib. Bu prosesə mane olunmasının isə beynəlxalq ticarət zincirinə təsir edəcəyini vurğulayıb. Bununla da gələcək məsrəflərin artacağına diqqət çəkib.

Məsrəflərin artması səbəbindən bu qırıcıların əsas istehsalçısı olan Lockheed Martin şirkəti ABŞ dövlətinə qırıcılara artan sifarişə görə 6% endirim edib. Şirkət həmçinin bu endirimdən Türkiyənin və digər ölkələrin də yararlana biləcəyini bildirib.

Xatırladaq ki, ABŞ tərəfi bu qırıcılardan 141 ədəd sifariş edib. Bu qırıcıların ən geniş yayılmış F-35A modelinə 2017-ci ilin fevral ayı üçün 6% endirim tətbiq edilib, qiyməti 94,3 milyon dollardan 89 milyon dollara endirilib.

Şirkət 2020-ci il üçün sifarişləri nəzərə alaraq, bu modelin qiymətini 88 milyon dollar məbləğində planlaşdırıb. Şirkət həmçinin, bu qırıcıların istesalında hədəfin 3 min ədəd olduğunu və daha çox sifariş ediləcəyi təqdirdə qiymətinin 80 milyona qədər endirilə biləcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 raket komplekslərini almaq barədə razılığı ABŞ tərəfində ciddi narazılıqlara səbəb olub. Əvvəl ABŞ Konqresi F-35 qırıcılarının Türkiyəyə təhvilinə Müdafiə Nazirliyinin S-400 kompleksi və Türkiyə mövzusu barədə xüsusi hesabatından sonra baxılacağını elan etdi. Daha sonra Türkiyənin təzyiqləri nəticəsində ilk qırıcı iyunun 21-də Türkiyə pilotlarının təlimləri üçün təhvil verilib. Təlimlər Türkiyə tərəfindən 13 pilot və 325 nəfər texniki heyətin iştirakı ilə ABŞ ərazisində keçirilir.

 

Əvəz ZEYNALOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi