Modern.az

Mətbuatın işıqlı başlanğıcı

Mətbuatın işıqlı başlanğıcı

22 İyul 2018, 12:15

Azərbaycanın maarifpərvər ziyalı oğlu Həsən bəy Zərdabinin (Məlikov) xalqımızın tərəqqisi uğrunda müstəsna töhfələri danılmazdır. Bu mütərəqqi xidmətləri ilə o, adını Azərbaycanın mətbu tarixinə qızıl hərflərlə yazmağı bacarır. H.Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” mətbu orqanını yaratmaqla Azərbaycanda ilk dəfə olaraq anadilli mətbuatın əsasını qoyur. Bu ümdə vəzifənin icrası hər cür məşəqqətlərə tab gətirməyi tələb edirdi və təbii olaraq, Azərbaycanın o dövrki ictimai-siyasi cəhətdən gərgin olan vəziyyəti buna əsas verirdi.

XIX əsrin II yarısında Azərbaycanda inqilab yaratmaq gücünə sahib mütərəqqi ideyalar carçısı olan mətbu orqanın fəaliyyəti hökumət dairələrinin narazılığına səbəb olmuşdu. Çar Rusiyasının çirkin müstəmləkəçilik siyasətinin yalnız bir hədəfi var idi: “Azərbaycan xalqının gözünü açmasına mane olmaq”. Doğrudur, H.Zərdabi “Əkinçi”ni yaratmaq üçün dəfələrlə hökumətə yazılı ərizə ilə müraciət etsə də buna tez bir zamanda nail ola bilmir.

1865-ci ildə Çar Rusiyasında qəbul olunmuş “Senzura haqqında qəti qanun” mətbu orqan yaratmaq, mətbuatda dərc olunmaq məsələsini demək olar ki, mümkünsüz etmişdi. H.Zərdabi hələ 1868-ci ildə “Əkinçi” qəzetini yaratmaq istəyirdi, lakin dövrün mövcud çətinlikləri, çar senzurası və müstəmləkəçilik siyasəti buna imkan vermir. H.Zərdabinin xanımı Hənifə xanım Məlikova da öz xatirələrində qeyd edir ki, qəzetin nəşrinə icazə alınması üçün 7 il müddətinə vaxt sərf olunub.

1873-cü ildə rəsmi orqanlara ilk müraciətinə baxmayaraq, ancaq 1875-ci ildə H.Zərdabi öz məqsədinə nail olur. O, “Rusiyada əvvəlinci Türk qəzetəsi” adlı məqaləsində “Əkinçi”nin nəşrinə icazə almaq üçün general Staroselskiyə müraciət etdiyini də vurğuluyur: “Bizim qubernator mütəvvəffı general Staroselski – doğrudur, xalis rus idi, amma onun övrəfi gürcü qızı idi. Ona görə Qafqazın biz əhlini artıq dust tuturdu, mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetənin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzuralığı qəbul eləsün. Bu tövr ərizə verib izn aldım...”. Bu təşəbbüsün icrasında ona M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani , İ.Şahtaxtlı, M.Ə.Şirvani və b. yaxından dəstək olur.

Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndəsi, Azərbaycan jurnalistika tarixinin dühası olan Əli bəy Hüseynzadə də H.Zərdabinin mətbuatın inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirmiş, onu “mətbu kəlamın yaradıcısı” adlandırmışdır: “Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi.”

Xalqda dirçəliş, həmrəylik ruhunu oyatmağa çalışan qəzet hakim dairələrin təzyiqi ucbatından 29 sentyabr 1877-ci ildə fəaliyyətini dayandırır. Qəzetin bağlanmasına baxmayaraq mətbuatda inkişaf səngimir, əksinə “Əkinçi”nin aparıcı siyasətindən ilhamlanaraq XIX əsrin sonlarında “Ziya”, ”Ziyayi-Qafqaziyyə”,  “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlar fəaliyyətə keçir.

Qəzet xalq həyatının mənəvi çatışmazlıqlarını bütün incəlikləri ilə aşkar edən ən güclü vasitədir. Böyük mütəfəkkir H.Zərdabinin sözləri ilə desək: “Qəzetin borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq nikü-bədindən xəbərdar olub, onun əlacının dalınca olsun.”

Azərbaycan Respublikası öz müstəqilliyini bərqərar etdikdən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında “Əkinçi” qəzetinin fəaliyyətə başladığı gün - 22 iyul “Milli mətbuat və jurnalistika günü” kimi qeyd olunur.

 

Mirzəyeva Zeynəb

BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi

  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır