“Bu gün Azərbaycan tarixində xüsusi bir yeri olan gündür. Azərbaycan xalqı azad mətbuat, demokratik cəmiyyət yolunda daim mübarizə aparıb. Nəhayət ki, müstəqillik qazandıqdan sonra bu yükəsk mənəvi məziyyətlərə nail olub. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olan zaman daim mətbuata, jurnalistlərə xüsusi diqqət göstərib”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan milli mətbuatının yaranmasının 143-cü il dönümünə müansibət bildirərkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, Azərbaycan da mətbuata, jurnalistlərə göstərdiyi qayğı və diqqətə görə dünyaya nümunə ölkədir.
“Dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu addım müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığını, jurnalist əməyinə yüksək dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin paylanması mərasimi 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin ildə növbəti ikinci binanın tikintisi ilə bağlı Sərəncam imzalandı. Addımların davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının genişliyinə də işıq saldı. Bu baxımdan ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqinin rolunu önə çəkən dövlətimiz mövcud imkanlara söykənərək bütün sahələrdə uğurlu nəticələrə yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina istifadəyə verildi və “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” üçüncü Sərəncamın imzalanması media nümayəndələrinin bayram sevincini daha da artırdı. Hesab edirəm ki, dövlətimizin jurnalistlərə diqqət və qayğısı bundan sonra davam edəcək. Üçüncü binadan veriləcək evlərlə neçə-neçə media işçisi, onların ailələri sevinc yaşayacaqlar. Cənab Prezidentin mətbuatın inkişafı ilə bağlı atdığı addımlar, onun jurnalistikaya qayğısı göz qabağındadır”. Deputat bu günlərdə cənab İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istədiyini bildirib. “Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür. Bununla da ölkədə fəaliyyət göstərən qəzetlərə maliyyə yardımı ayrılmış oldu. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti demokratik cəmiyyət yolunda uğurla irəliləyir. Ölkəmizdə sevindirici hallardan biri də sosial şəbəkələrin, saytların azad və demokratik şəkildə fəaliyyət göstərməsidir. Burada da uğurlarımız çoxdur. Ötən müddət ərzində mətbuatda obyektivlik, sözə məsuliyyət hissi xeyli inkişaf edib”.
Hadi Rəcəbli bir müddət mətbuat orqanlarında işlədiyini diqqətə çatdırıb.
“Demək olar ki, bu günə qədər də mətbuatdan ayrılmamışam. Hər zaman mətbuata açıq biriyəm. Tez-tez jurnalist dostlarımla fikir mübadiləsi edirəm. Layiqli qələm sahibi olan jurnalist dostlarımızın sayının artması məni sevindirir. Bu gün ölkəmizdə belə qələm sahibləri çoxdur. İnformasiya məkanında da operativ informasiya hazırlayan jurnalistlərimizin də sayı çoxdur. Amma bununla yanaşı Azərbaycanda qarışıqlıq yaratmaq istəyən, xalqla milləti qarşı-qarşıya qoymaq istəyən və hakimiyyətin qeyri-obyektiv əleyhinə yazılar, materiallar hazırlayan saytlar, sosial şəbəkələr də mövcuddur. Biz daim belə qurumlara qarşı mübarizə aparmalıyıq. Onların yazdıqlarını təkzib etməliyik. Mətbuat orqanları obyektivliyə daha çox diqqət yetirməlidir ki, belə qeyri-obyektiv yazılar təkzib olunsun. Bu gün çox qəribə bir tendensiya yaranıbdır. Həqiqəti əks etdirməyən yazılar yazıb sayta qoyurlar, ancaq onun təkzib edilməsini isə sayta qoymurlar. Təkziblə bağlı materiallardan yayınırlar. Bu da xoşagəlməz hal deyil. Biz bayram günündə belə məsələlərdən az danışsaq yaxşıdır. Mən çox istərdim ki, mətbuatımız obyektiv, qərəzsiz və dəqiq olsun. Bir daha mətbuat işçilərimizin hər birini təbrik edirəm. Onlara uğurlar arzu edirəm. İnanıram ki, bundan sonra mətbuatımız daha təkmil və inkişaf etmiş olacaq. Biz ziyalılar, Azərbaycan xalqı da mətbuatımızla qürur duyacağıq”.