Modern.az

Xalq artisti elmi dərəcə ala bilməz?

Xalq artisti elmi dərəcə ala bilməz?

23 İyul 2018, 12:27

Ariz ABDULƏLİYEV


Medianın elə bil işi-gücü qurtarıb, vallah.  Qəzetlər, saytlar indi də Xalq artisti Nazpəri Dostəliyevanın dissertasiya yazmağını  müzakirə edirlər. Hansı saytı açırsan, N.Dostəliyevanın elmi iş yazması barədə heyrət, ironiya, təhqir  və tənqid yazır. Bəlkə də müğənni xanımdan son illər İnternetdə bu qədər yazılmamışdı. Elə bil hörmətli mediamıza mövzu qəhətdir və ya sözünün kəsəri qurtarıb, yaxud araşdırma aparılması vacib olan maraqlı bir mövzunu N.Dostəliyeva üzərində dayandırır.  Bir məqam da var: media bu məsələdə də “böyüklərə” gücü çatmayan kimi görünür...


Əslində, Nazpəri xanımın dissertasiya yazmasında heç bir qəbahət yoxdur. Ölkəmizdə magistr təhsili olan, elmi-tədqiqata maraq göstərən hər bir vətəndaş elmi iş yaza bilər. Bu baxımdan, illərdir ifaçı və müəllim kimi peşəkar təcrübə toplayan ali təhsilli N.Dostəliyevanın dissertasiya yazmasında təəccüb döğuracaq bir şey yoxdur.


Bəlkə təəccüb doğuran məmurların, deputatların, iş adamlarının, jurnalistlərin  elmi ad və dərəcə almağa bu qədər hədsiz, aşırı həvəsidir? Azərbaycanda elə nazirlik, komitə, şirkət, agentlik, icra hakimiyyəti yoxdur ki, girişdə dayananların, bölmə, şöbə, idarə müdirlərinin, sıravi işçilərin, texniki əməkdaşların elmi dərəcəsi olmasın. PA məmurlarının, deputatların, prokurorların, hakimlərin, polislərin, market işlədənlərin, qəzetçilərin, köşəmanların, “televizyonşik”lərin, taksi sürənlərin, pariya işçilərinin də alimlik dərəcəsi var. Doğrudur, məmur və deputatlar arasında bəziləri elmi dərəcə  və adları öz elmi zəhməti, biliyi, tədqiqatı və  bacarığı ilə əldə edib. Amma belələri çox deyil. Ümumiyyətlə, dövlət məmurunun, deputatın, polisin, prokurorun, iş adamının və s. elmi yaradıcılığa marağı müsbət hadisədir. Elə isə cəmiyyətin bu kimi səlahiyyətli, vəzifəli və varlı kəsimlərinin elmi dərəcə almağa bu qədər can atmasında elmin inkişafı üçün nə qədər fayda var? Elmi dərəcə daşıyanların ucdantutma hamısına “alim” demək olarmı?


Media niyə soruşmur ki, ay məmur, dissertasiya müdafiə etmək  üçün mənbələri, yeni ədəbiyyatları oxumalısan, gecə-gündüz kitabxanalarda işləməlisən, məqalələr yazmalısan, konfranslarda məruzə etməlisən və sənin bütün bunlara vaxtın haradandır? Axı sən həftənin beş günü səhər saat 9.00-dan, axşam saat 17.00-18.00-a qədər işdə olursan, qalan iki gününü də ailə-məişət işlərinə, dincəlməyinə, yeyib-işməyinə, xeyir-şər olaylarına sərf eləyirsən. Həftənin yeddi günü “başını qaşımağa” vaxtın yoxdursa, bu vəziyyətində dissertasiyanı necə yazırsan? Sən olsa-olsa qəzeti, elektron medianı və “şef”lərinin əmrlərini, qərarlarını oxuyursan ki, bu mütaliən də dissertasiya yazmaq üçün qəti yaramır. Bu minval ilə jurnalistlərin də elmi iş yazması yaman dəb halını alıb.  Maraqlıdır, həftənin yeddi günü məqalə, informasiya yazan, qəzet buraxan, sayt işlədən jurnalistin elmi-tədqiqata bu qədər vaxtı haradandır? Axı dissertasiya yazmaq, sayt üçün informasiya, məqalə, köşə  yazmaq qədər asan bir iş deyil...     


Respublikamızda onlarla müğənni, pianoçu, skripkaçı, bəstəkar, dirijor, vokalçı, xanəndə, aşıq, musiqi müəllimi var ki, dissetyasiya yazıb elmi dərəcə alıblar. Məsələn, tanınmış müğənnilər  Simarə İmanova (əməkdar art.),  Gülüstan Əliyeva (əməkdar art.),  aşıq Əhliman (əməkdar məd. işçisi) və b. sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi daşıyırlar. Pianoçu Vaqif Gərayzadə fəlsəfə (estetika), aktyor Qorxmaz Əlili sənətşünaslıq üzrə fəlsəfə doktorudur. İnşallah tanınmış müğənnilər – Aygün Bayramova, Gülyanaq Məmmədova, Nəzakət Teymurova,  Fərqanə Qasımova, Ruzə İbişova, Sevinc Sarıyeva da yəqin yaxın gələcəkdə elmi dərəcə daşıya bilərlər. Hələ mən aktyorları, rejissorları, rəssamları, memarları, bəstəkarları, xor dirijorları, pianoçuları, tarzənləri, kamanzənləri, fleytaçıları, vokalçıları, evtikənləri, firma işlədənləri demirəm. Deməli, bu ölkədə aşağıdan yuxarıya qədər istənilən məmurun, hüquq-mühafizə işçisinin, kiçik sahibkarın, istənilən deputatın, idmançının, İH işçisinin, qəzet, televiziya və sayt əməkdaşlarının, pianoçunun, skripkaçının, vokalçının, rəssamın, rejissorun, teleaparıcının, şadlıq sarayı müdirinin, rəssamın dissertasiya yazması media, ictimai rəy tərəfindən qəbul olunur, amma Xalq artisti, müğənni N.Dostəliyevanın elmi iş yazması bu qədər təəccüb və etiraz doğurur? Əlbəttə, elmi işə qadağa qoymaq olmaz. Amma bir çox incəsənət adamlarına, məmurlara, jurnalistlərlə, deputatlara, pullulara, iş adamlarına  adı qarşısında reqaliyaların yazılması, yaxud yuxarı vəzifə alması naminə doktorluq dərəcəsi əldə etmək mütləq lazımdırmı? Bunun elmin inkişafına, yeni nəzəriyyələrin və nəticələrin yaranmasına bir xeyri varmı? Axtarsan, əksəriyyəti dərəcə alandan sonra bir məqalə də yazmayıb.  Belə vəziyyətdə Xalq artisti N. Dostəliyevanın elmi iş yazması niyə təəccüb və etiraz doğurmalıdır?


Bu məsələdə bəzi vacib nüanslar da yox deyil. Məsələn, inkişaf etmiş ölkələrdə  yaxşı mütəxəssisin elmi dərəcə  alması, eləcə də praktik fəaliyyətin, biznesin, istehsalın, təhsilin və incəsənətin elm ilə əlaqələndirməsi tələb olunur.  Dünyanın bu durumunda Xalq artisti, təcrübəli müğənni-xanəndə N.Dostəliyeva da elmi iş yaza, elmi dərəcə ala bilər. Bu təcrübəli  ifaçı elmi dərəcə alıb, məsələn Türkiyədə, İranda, Ərəb ölkələrində universitetlərin birində muğam ifaçılığını tədris edə bilməzmi? Əlbəttə, tamamilə mümkündür və buna mənəvi haqqı da çatır. O, özünü reklam edən çox xanəndə və müğənnidən təmiz oxuyur və sənətinə bağlı olan məsuliyyətli bir sənətçidir.

 

***

Gəlin xarici klubların futboluna baxanda, təkcə peşəkar futbolu yox, peşəkar futbolçuya münasibəti də öyrənək. Axı dünya gör-götür dünyasıdı. Baxın, 40 dəqiqə meydançada qaçan futbolçu əvəz olunanda,onun oyundakı iştirakını ölkəsinin azarkeşləri ayaq üstdə alqışlayırlar və idmançının zəhmətinə bu cür hörmətlə qiymət verib, yola salırlar. Bəli, dünyada belə cəmiyyətlər var. Amma biz 40 il sənətdə yol gələn, peşəkar muğam sənətçisi və müğənni kimi xalqa xidmət edən bir xanımın dissertasiya yazmaq, elmi dərəcə almaq hüququna  qarşı çıxırıq. Deməli, PA-da, MM-də, İH-lərin birində gözətçi işləməyin yetər ki, bu media, bu cəmiyyət sənin elmi dərəcə almağına qarşı çıxmasın? Ölkəmizdə təhsilli müğənninin, xanəndənin, aşığın dissertasiya yazması və elmi dərəcə alması niyə bəzilərini bu qədər qıcıqlandırır? Bu absurd düşüncəli beyinlər, istedadsızlar nə vaxta qədər cəmiyyətdə meydan sulayacaq? 


Medianın elə bil işi-gücü qurtarıb, vallah...      


P.S. Rusiyada sifariş ilə dissertasiyalar, monoqrafiyalar, məqalələr yazan xüsusi qurumlar, şəxslər fəaliyyət göstərir. Onlar qeydiyyatdan keçib, dövlətə vergi verirlər. Ölkəmizdə də onların xidmətdən yararlananlar olmamış deyil. Bəs belə bir açıq xidmətin bizdə necə, zamanı çatıb, yoxsa yox? Bu sahədə mövcud gizli fəaliyyət mənəvi və hüquqi baxımdan nə qədər yolveriləndir?  


P.P.S. Nazpəri Dostəliyevanın dissertasiyası  ad sarıdan olduqca səhvdir. Çünki Azərbaycanın Şərqində - Abşeronda, Bakıda, Maştağada, Fatmayıda, Səngəçalda, Ələtdə, Şirvanda, Hacıqabdulda, Neftçalada tarixən ənənəvi aşıq sənəti olmayıb. Buna görə də, dissertasiya Qərb və Şərq deyil, Qərb və Şirvan aşıqlığının müqayisəsinə həsr olunmalıydı. Bir də axı müqayisəli təhlil çox çətin məsələdir. Yəqin ki, N.Dostəliyeva bu bölgələrdəki xüsusiyyətlərin müqayisəli təhlilini aparmaq üçün ötən illər ərzində kifayət qədər nəzəri bilik toplaya bilib...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...