Modern.az

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin ittihamlarına ironiya etdi: “Boş verin”

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin ittihamlarına ironiya etdi: “Boş verin”

23 İyul 2018, 13:02

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək. Hələki KXCP "İzmir" Rayon Şöbəsi (Yasamal) Nisəxanım Vəliyeva və  KXCP Ali Məclisinin keçmiş üzvü Oqtay Gülalıyev sədrliyə namizədliyini irəli sürüb.

Maraqlıdır, partiyanın hazırkı sədri Mirmahmud Mirəlioğlu yenidən  namizədliyini irəli sürəcəkmi?

Bununla bağlı partiya sədri Modern.az saytına açıqlama verib:

“Bu, qurultayın gündəliyində olan bir məsələdir. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri kimi bu işlə məşğuluq. Qurultayın günü və gündəliyi hələ müəyyənləşməyib. Ona görə  nəsə demək çətindir”.

Hazırda partiya sədrliyinə namizədliyini irəli sürən O.Gülalıyev ötən gün sosial şəbəkə hesabında  “M. Mirəlioğlunun Elçibəyə dönük çıxıb onun hakimiyyətini devirən, həmişə onu təhqir edən, aşağılayan insanlara bu qədər sıcaq münasibəti, sevgisi hardan qaynaqlanır? Niyə o sevginin bir hissəsi təşkilatdan uzaqlaşdırdığı, dışladığı Elçibəyçi insanlara, gənclərə qarşı deyil? Sədr olduğu 18 ildə “xaric səs” deyə- deyə nə qədər mübariz, ləyaqətli insanları partiyadan, mübarizədən uzaqlaşdırdı. O boyda qocaman, nəhəng təşkilat ona neynəmişdi ki, onu belə çarəsiz, dişsiz, zəif duruma saldı? İndi də deyir ki, təşkilatda “xaric səslər” var. Hakimiyyət ölkədə baş verən hər hansı narazılıqda “xaric səs” axtarır,  Mirəlioğlu da təşkilatda…” -, deyə qeyd etmişdi.

M.Mirəlioğludan   haqqında səsləndirilən fikirlərə münasibət almağa çalışdıq. Lakin partiya sədri susmağa üstünlük verdi:

“Boş verin. Siz  öz vaxtınızı da, bizim vaxtımızı da belə məsələlərə həsr etməyin. Başqa sualınız varsa, deyin”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi