Modern.az

Goranboyda vəziyyət həm yaxşıdır, həm də yaxşı deyil

Goranboyda vəziyyət həm yaxşıdır, həm də yaxşı deyil

21 Sentyabr 2011, 10:20

Bu rayondan olan jurnalistlər belə deyirlər…


Modern.az
saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini davam etdirir. Bu dəfə həmsöhbətimiz Goranboy rayonundan olan jurnalistlərdir. Onlar Goranboydakı mövcud vəziyyət, inkişaf və problemlər, təhsil, səhiyyə sistemi və digər sosial məsələlər barədə öz fikirlərini bölüşüblər.

İcra başçısının əhali arasında olması yox, onların problemləri ilə maraqlanması vacibdir…

İlk müsahibimiz “Gün.az”, “1news.az” saytlarının əməkdaşı Kamil Həməzoğlu bildirib ki, Goranboyun sosial-iqtisadi cəhətdən vəziyyəti digər bölgələrdən bir o qədər də fərqlənmir:
“1988-ci ildən bəri Goranboy cəbhə bölgəsinə çevrilib və bura müharibənin ən qızğın getdiyi bir bölgə olub. Mənim üçün fəxrdir ki, müharibə dövründə bizim rayon torpaq itirməyib, əksinə vaxtilə rayonumuzun  dağlıq hissəsi olan, sonradan rusların, ermənilərin siyasəti nəticəsində erməni işğalı altına düşən yerlərimiz təmizlənərək yenidən Goranboya qaytarılıb. Goranboy cəbhənin ön xəttində yerləşir. Bunu nəzərə alsaq, buradakı durum bir qədər başqa yerlərdən fərqlidir, yəni çətindir”.

Həmkarımız goranboylu bir şəxs, ziyalı kimi nəinki Goranboyun, ümumiyyətlə Azərbaycanının regionlarının sosial-iqtisadi durumunun, insanların maddi rifah halının indikindən qat-qat yaxşı, yüksək olmasını arzuladığını qeyd edib: “Lakin digər bölgələrdə olduğu kimi Gornaboyda da iqtisadi-sosial vəziyyətin, insanların maddi rifahının yaxşılaşdırılmasına bir sıra əngəllər var. Bunu məmur özbaşınalıqlarından, məmur bürokratiyasından tutmuş digər xoşa gəlməyən hallara qədər uzatmaq olar. Burada korrupsiya faktları, rüşvət elementləri, insanlarının get-gələ salınması, xüsusən insanlara o qədər də xoş olmayan münasibətin sərgilənməsi, onların sıxışdırılması aiddir. Bu cür hallar Gornaboyda da var”.

“Sovetlər dövründə Goranboy pambıqçılıq, taxılçılıq, heyvandarlıq rayonu kimi tanınıb” deyən jurnalist müstəqillik illərində aqrar sektorun bu rayonda da sıradan çıxdığını vurğulayıb: “Aqrar sektorda müəyyən qədər inkişaf müşayiət olunur, amma əvvəlki kimi deyil. Bu gün insanlar pay torpaqlarında taxıl, yonça əkməklə, həm də həyətyanı təsərrüfat ilə iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar.

Bundan əlavə, rayonda su çatışmazlığı mövcuddur. Rayonun kəndlərinə su vaxtilə “Sərsəng” su anbarından gəlirdi. Su çatşmazlığı insanların əlavə olaraq vəsait xərcləməsinə səbəb olur”.
K.Həmzəoğlu bildirib ki, Goranboyda olan  iş yerləri əksrəyiyyəti özəldir.

“Əksər özəl iş yerləri qohumluq, tanışlıq prinsipləri üzrə qurulub. Kənar adamlara iş verilmir. Olsa da, elə də yaxşı maaş yoxdur. Büdcədən maliyyələşən sahələrdə çalışanlar da var. Bu da bütün insanları əhatə etmir. Onların məvacibi ilə isə normal yaşayışı təmin etmək olmaz”.

Kamil Həmzəoğlu Goranboyun təhsil sistemi barədə belə fikirdədir:

“Goranboy sovet dövründə kasıb rayon təsiri bağışlasa da, həmişə ziyalıları ilə fərqlənib. Rayonda təhsilə hər zaman böyük önəm verilib. Əvvəlki illərdəki təhsil indi olmasa da, başqa rayonlara nisbətən təhsilə maraq yüksəkdir.

Bizim kənddən hər il 35-40 nəfər qabaqcıl ali məktbələrə daxil olur. Bunlar da insanların fərdi fəaliyyəti sayəsində mümkün olur. Güclü müəllimlər olsa da, əmək haqlaının aşağı olması təhsilə rüşvətin, korrupsiyanın həddindəmn artıq ayaq açmasına, insanları ayrıca fərdi təhsillə məşğul etmək meyillərinə səbəb olur. Bir neçə il əvvəl Təhsil şöbəsi ilə bağlı xoş olmayan fakt üzə çıxdı. Rayonun Təhsil şöbəsinin keçmiş müdiri, bir neçə məktəb direktorları həbsdədir. Bu təhsilin vəziyyətinin aşağı düşməsinin göstərcəsidir”.

Həmkarımızın sözlərinə görə, təhsil, səhiyyə bir-birilə bağlı sahələr olduğundan təhsildə olan  problemlər səhiyyədə də özünü göstərir: “Əhaliyə o qədər də yüksək səviyyəli tibbi xidmət göstərilmir, yəni səhiyyədəki vəziyyət qənaətbəxş deyil. İstedadlı həkimlərin çoxu Bakıya, xaricə gediblər və ya Gəncəyə, Mingəçevirə üz tutublar. Buna digər səbəb rayonda lazımi texniki avadanlıqların olmamasıdır. Bir müddət öncə Goranboyun sabiq baş həkiminin faciəli şəkildə dünyasını dəyişməsi, onun ətrafında yaranan qalmaqala bu gün də aydınlıq gətirilməməsi səhiyyənin hansı səviyyədə olmasına bir işarədir. Amma inanıram ki, nəhayət səhiyyədə də arzulanan islahatlar başlanacaq. Çünki rayonda sənətinə, işinə vurğun səhiyyə işçiləri var və onlar imkanları dərəcəsində insanlara kömək göstərməyə çalışrılar”.

Jurnalist rayonun qaz, işıq, yol problemləri barədə bildirib ki, bu sahədə vəziyyət pis deyil:

“Qaz, işıq digər bölgələrdən fərqli olaraq bizdə yaxşıdır. Bəzi bölgələrdə bu problemlər son vaxtlar həll olunursa, bizim rayonda 2000-ci ilin ortalarından öz həllini tapıb. Bəzən fasilələrlə kəsilmələr olur, amma 90-ci illərlə müqayisədə vəziyyət indi yaxşıdır.

Goranboyun yolları 80-90-cı illərə qədər çəkilmiş asfalt yollardır, onların bir çoxu yararsız haldadır. Müəyyən təmir işləri görülür, amma çox təəssüf ki, təmir işləri lağlağı obyektinə çevrilib. Bizimkilər ancaq yamaq yapışdırmaqla məşğuldurlar. Xüsuən kəndarası yollarda ciddi problemlər var”.

Kamil Həmzəoğlu hesab edir ki, rayon icra başçısının əhali arasında olması yox, onların problemləri ilə maraqlanması vacibdir: “Rayonu icra başçısı insanlar arasında olur. Amma mən bunu tam yetərli saymıram. İnsanlar arasında olmaq olar, amma daha əsası odur ki, insanların problemlərinə daha həssas, yaradıcı, qayğıkeş yanaşasan. Son illər rayonda tikinti, abadlıq işləri aparılır. Bunlar da yetərli deyil. İnsanlarla davranışın forma, metodları dəyişməlidir. Arzu edərdim ki, icra başçıları, bələdiyyələr insanlarla qaynayıb-qarışsınlar. İnsanlarla iç-içə olmaq və onların problemlərinin həllinə canı-dildən çalışmaq lazımdır”.

Həmkarımız dördüncü çağırış seçkilərdə Gornaboydan seçilən millət vəkillərinin fəaliyyətini o qədər də yüksək qiymətləndirmir:
“Bizim rayondan iki deputat seçilib. Gülçöhrə Məmmədova - tanınmış alim, digəri biznes aləmindən gəlmiş Mahir Aslanovdur. Gülçöhrə xanım Azərbaycan miqyasında tanınmış insan olsa da, Goranboya bələd deyil. Deputatların yerli adamlardan olmasının müəyyən üstünlükləri var. İstərdim ki, onlar da rayonun problemlərini iclaslarda qalıdırsınlar, dilə gətirsinlər. Ümumiyyətlə, onların fəaliyyətini yetərli hesab etmirəm”.

K.Həmzəoğlu qeyd edib ki, Goranboyun tarixində ən yadda qalan millət vəkili Gültəkin Hacıbəyli olub: “O, millətin vəkilləri içərisində barmaqla sayılacaq insanlardan olub. Hər zaman Goranboyun dərdləri, problemləri ilə maraqlanıb. İstərdim ki, indiki deputatlar da onun fəaliyyətindən yararlansınlar, çünki ondan öyrəniləcək çox şeylər var”.

Deputatlar seçiciləri ilə maraqlanmırlar…

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslanın sözlərinə görə, Goranboyun sosial-iqtisadi vəziyyəti digər rayonların sosial-iqtisadi vəziyyətindən o dərəcədə də fərqlənmir. Jurnalist hesab edir ki, bu da ölkədəki ümumi durumla bağlıdır. Yəni hər bir rayonda mövcud olan problem Goranboydan da yan keçməyib.

Rayon əhalisinin əksəriyyətinin işsiz olduğunu deyən həmkarımız Goranboyda insanların əsas dolanışıq mənbəyi olan kənd təsərrüfatında da problemlərin yaşandığını qeyd edib.

“Goranboy kənd təsərrüfatı rayonu olduğu üçün burada pambıqçılıq, taxılçılıq inkişaf edib. Amma son dövrlər bu sahəyə kəskin dərəcədə maraq azalıb. Onun bir səbəbi suyun olmamağı ilə bağlıdır. Ermənilər yay vaxtı suyun qarşısını kəsdiyindən əhali torpağını suvara bilmir. Bu da həmin torpaqların boş qalması ilə nəticələnir və insanlar əkin-biçin edə bilmirlər”.

A.Aslan suvarma suyundan istifadə olunan artezian quyuları ilə bağlı da problemin olduğunu vurğulayıb:
“Artezian quyularına nəzarət edən Subartezian idarəsi onlara limit qoyur. Məsələn, filan nömrəli arteziandan 200 saat su buraxmağa icazə var. Ondan sonra həmin artezianın enerji xətti kəsilir. Limit məsələsi, digər artezianların işləməməsi kənd təsərrüfatının inkişafına mane olur. Camaatda da maraq yaranmır ki, həmin sahələrdə taxıl və ya pambıq əksinlər. Əksəriyyət 7 il biçilən yonca bitkisi əkir”.

Jurnalist hesab edir ki, məsələnin həlli üçün artezian quyularının sayını artırmaq lazımdır. Bu, eyni zamanda rayonda mövcud olan içməli su probleminin də həlli üçün əlverişlidir: “Bəzən hökümət elə layihələrə fantastik dərəcədə pul xərcləyir ki, onun bir qismini kənd təsərrüfatına yönəltsələr, su problemi öz həllini tapar. Rayonda eyni zamanda içməli su problemi də var. Əhali maşınlarla su alır. Meliorosiya və Su Təsərrüfatı İdarəsinə pul ayrılsa, bu problem həllini tapar. Hesablamalara görə, 2 milyon 5 yüz min manat pul lazımdır ki, artezian quyuları qazılsın və ölkə üzrə su problemi həll olunsun”.

Aqil Aslan rayonda işləyənlərin əksəriyyətinin ancaq büdcədən maliyyələşən müəssisələrdə çalışanlar təşkil etdiyini bildirib. Onun sözlərinə görə, rayon əhalisinin əksəriyyəti işləmək üçün Bakıya, Gəncəyə və ya Rusiyaya gedir: “Ümumiyyətlə, büdcədən maliyyələşən müəssilərdə çalışanların əmək haqları çox aşağıdır, yəni təlabatı ödəmir. Onların da böyük qismini müəllimlər, həkimlər təşkil edir. Pensiyaçıların da aldığı 85 manatla da dolana bilmək mümkün deyil. Ona görə də insanlar qazanc dalınca müxtəlif iri şəhərlərə gedirlər. Onu qeyd edim ki, bizim rayondan Rusiyaya gedənlər qonşu Tovuz, Şəmkirlə müqayisədə çox azdır. Bunu elə rayonların yaşayış səviyyələrindən, görünüşündən də görmək mümkündür”

Müsahibimiz Gornaboyda mavi yanacaqla bağlı problemlərin az olduğunu və rayonda qazlaşdırmanın davam elədiyini vurğulayıb. O axırıncı dəfə Arızalı kəndinə qaz çəkildiyini qeyd edib: “Bildiyim qədər hazırda digər kəndlərə də qaz çəkilişi gedir. Ancaq Goranboyun ucqar kəndlərində qaz olmadığı üçün ciddi problemlər var. Dağ kəndlərində, eyni zamanda bir sıra aran kəndlərinin bəzilərində qaz yoxdur deyə, insanlar meşədən odun qrımağa məcbur olurlar. Meşə idarəsi isə meşədən odun qırmağa icazə vermir, qıranları isə polisə şikayət edirlər.  Odun almaq üçün isə bir maşına 200 manat verirlər. Bunu isə almaq insanlara çətindir. Amma Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirir ki, ölkə ərazisinin 100 faizinı qaz xətləri çəkiləcək və onlar mavi yanacaqla təmin olunacaqlar. Ümid edirəm ki, o 100 faizin içində Goranboyun da ucqar dağ kəndləri-Todan, Rus Barisi, Erkəc, Yuxarı Ağcakənd kəndləri də qazlaşdırılacaq”.

Aqil Aslan hesab edir ki, rayonun cəbhə bölgəsində yerləşən dağ kəndlərinə qaz çəkilənə qədər enerji də müəyyən güzəştlər edilməlidir:

“Hökümət nəzərə almalıdır ki, o bölgənin insanları müharibə vaxtı döyüşüblər, düşmənlə üz-üzə olublar. Heç olmazsa o kəndlərə qaz çəkilənə qədər onlara enerji müəyyən güzəştlərlə verilsin. Məsələn, qaz çəkilənə qədər əhaliyə müəyyən kilovatt saat enerjidən pulsuz istifadə etməyə icazə vermək olar.

Xüsusilə ucqar dağ kəndlərində də işsizlik yüksək səviyyədədir. Hamı da axı burada kənd təsərrüfatı ilə məşğul ola bilmir. Məsələn, Yuxarı və Aşağı Ağcakənddə salınan məcburi köçkün qəsəbələrində əhali balaca həyətyanı sahəsində necə heyvan saxlaya bilsin? Hesab edirəm ki, hökümət orada emal müəssiləri açsa və işsiz əhali işlə təmin olunsa, problem də həll olunar. Məsələn, Yuxarı Gülüstan bölgəsində çıxarılan gipsi çox uzun məsafəni qət edərək Goran qəsəbəsindəki “Gilan” şirkətinə gətirib orda istehsal edirlər. Amma “Gilan” şirkəti həmin gips emal müəssisənin birini Ağcakənd bölgəsində tiksəydi, burdakı işsiz əhali də işlə təmin oluna bilərdi. Eyni zamanda bu ekoloji baxımdan da sərfəlidir. Çünki uzun məsafə qət edən ağır tonnajlı maşınlar kəndarası yolların məhvinə səbəb olur”.

Aqil Aslan rayonda işıqla bağlı problemin olmadığını və Goranboyun fasiləsiz elektrik enerjisi ilə təmin olunduğunu söyləyib. Ancaq həmkarımız rayonda yollarla bağlı problemlərin mövcud olduğunu vurğulayıb. Buna baxmayaraq təmir olunan yollar da var.

“Daxili yollar normaldır. Bəzi kəndlərə də məsələn, Dəliməmməd qəsəbəsindən Xoylu istiqamətində çox gözəl yol çəkilib. O zaman yolun çəkilişinin təşəbbüskarı Gültəkin Hacıbəyli idi. Ümumiyyətlə, Gültəkin Hacıbəylinin vaxtilə deputat olduğu dairənin kəndlərində nə qaz, nə də işıq problemi var. Ancaq elə kəndarası yollar var ki, bərbad vəziyyətdədir və onların təmirə ehtiyacı var. Ən azından çınqılla, daşla yolu düzəltmək olar. Xanqərvənd kəndindən Arızalıya 5 km yol var. Həmin yol elə vəziyyətdədir ki, ora heç eşşəkarabası da gedə bilməz. Təsəvvür edin, rayon mərkəzindən Xanqərvəndə 17 km məsafəni taksi 5 manata gəlir, amma Xanqərvənddən Arızalıya 5 km məsafəni 5 manata aparmırlar. Hesab edirəm ki, rayon rəhbərliyi ciddi şəkildə o yolu bərpa etməlidir. Ümumiyyətlə, ucqar dağ kəndlərinin əksəriyyətinin yolları bu vəziyyətdədir”.

Təhsil sisteminə gəlincə, Aqil Aslan Goranaboy təhsilinin ümumrespublika təhsilindən fərlənmədiyini bildirib. O, qeyd edib ki, mediada təhsillə bağlı eşitdiyimiz müəyyən neqativ hallar Goranboyda da mövcuddur.

“Amma bu il respublika üzrə qızıl medal alan 37 şagirddən 2-si Goranboy rayonundan olub. Həmin şagirdlərdən də biri mənim doğma kəndim Xanqərvənd məktəbinin şagirdidir. Rayonda şagirdlərimizdən eşitdiyimə görə, müəllimlər dərs vaxti seriallardan danışırlar. Bu hər yerdə belədir. Müəllimlər də dərsə maraqlarının az olmasını maaşlarının qaneedici olmaması ilə izah edirlər. Bəzən də deyirlər ki, uşaqların özlərinin də dərsə marağı yoxdur”.

Təhsildə problemlər olan rayonun səhiyyə sistemi isə yaxşıdır. Müsahibimiz rayonda və böyük kəndlərdə fəaliyyət göstərən xəstəxanalarda əhaliyə tibbi xidmətlərin göstərildiyini vurğulayıb.

Aqil Aslan rayonun icra başçısı Nizaməddin Quliyevin insanların problemləri ilə maraqlanıb-maraqlanmadığı barədə fikirlərini bölüşüb.

“Hazırkı icra başçısı Nizamməddin Quliyev yeni təyin olunan vaxt mən Goranboyda hər iki dairədən reportaj hazırlayırdım. O zaman hər kəndə gedəndə insanlardan eşidirdim ki, icra başçısı kəndə gəlib. Ola bilsin ki, həmin vaxt təzə təyin olunmuşdu deyə, gedib-gəlirmiş. Amma hazırda kəndlərə gedib-getmədiyi barədə xəbərim yoxdur. Onu bilirəm ki, müəyyən kəndlərdə məktəb və ya qaz xətlərinin açılışlarında olur. Ümumi kəndin hər hansı problemi ilə bağlı gəlib maraqlandığı barədə heç nə eşitməmişəm”.

Rayon icra başçısı barədə mülayim danışan jurnalist deputatlardan yaman gileylənib. A.Aslan qeyd edib ki, onlar heç zaman seçicilərin problemləri ilə maraqlanmayıblar: “Goranboydan deputat seçilməyib, onlar təyin olunublar. Rayonu Milli Məclisdə hal-hazırda 2 deputat təmsil edir. Onun biri Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatıdır. Biri də 96 saylı Goranboy-Naftalan dairəsinin deputatı Mahir Alslanovdur. Onlar rayona gəlib-getmirlər. Sonuncu dəfə Prezidentin Goranboy səfəri zamanı onlar orda olublar. Bu deputatlar yalnız təbirdən-tədbirə rayona gedirlər. Saxta yolla seçilən deputatlar heç vaxt seçici ilə maraqlanmaz. Bütün rayon əhalisi bu iki deputatdan narazıdır”.

Aqil Aslan deyir ki, Goranboyda mövcud problemlərdən biri də döyüşən əhaliyə veteran vəsiqələrinin verilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, ümumi rayon üzrə belə insanların sayı 600-dür.

“Müharibə başlayandan atəşkəs rejiminə qədər döyüşənlər olub. Onların bəziləri hətta yaralanıblar, əlil olublar, amma indiyə qədər veteran vəsiqələrini, status ala bilmirlər. Müharibədə döyüşməyən, müharibə zamanı çarpayı altında gizlənən adamlar ciblərində veteran vəsiqəsi daşıyırlar və dövlətdən də müəyyən qədər müavinət alırlar. Onların arasında hətta məktəb direktorları, dairə seçki komissiyasının sədri, bələdiyyə sədri, kəndin icra nümayəndəsi var.  Döyüşənlər, canını ortaya qoyanlar isə sürünürlər. Bizim hərbi komisarlığımız bəhanə edir ki, arxivlər yanıb. Əgər arxivlər yanıbsa, bu döyüşməyən adamlar niyə vəsiqə ala bilirlər? Ümumiyyətlə, hər hansı hərbi komissiralığın arxivi yanıbsa, o arxivlərin bir hissəsi Müdafiə Nazirliyində olur. Həm də şahidlərlərin ifadəsi ilə bunu yoluna qoymaq olar”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub