Modern.az

Ağdam: Qarabağ muğam mədəniyyətimizin alınmaz-dağılmaz qalası

Ağdam: Qarabağ muğam mədəniyyətimizin alınmaz-dağılmaz qalası

Mədəni̇yyət

24 İyul 2018, 14:29

Ariz ABDULƏLİYEV,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

 
(Elegiya)

 

Ağdamsız ağrılı-acılı illər yaşayan, dədə-baba torpağının, otun, gül-çiçəyin rayihəsini unutmayan, kəndində ölməyin hər saat, hər gün xiffətini çəkən, illərdir qəhrəman oğullarını şəhid verən Qarabağ camaatı dəyərli sənətkarlarını da qaçqınlıq həyatı içində itirdi... 

Qədir Rüstəmovu da itirdik.

Amma yox! Bu illər ərzində muğam sənətini özünə və yaşamına dayanıqlı bir istinad nöqtəsi seçən Ağdamın görkəmli musiqiçiləri – Arif Babayev, Ramiz Quliyev, Mənsum İbrahimov, Sabir Abdullayev, Murad Rzayev, Aygün Bayramova, Nəzakət Teymurova, Rafiq Rüstəmov, Səbuhi İbayev, Cabir Abdullayev, Məhərrəm, Tacir, Fehruz... Qarabağ muğam məktəbi adlı tarixi mədəniyyətimizi yaşatmaqda davam edirlər.  Nə yaxşı ki  həyatımızda və mədəniyyətimizdə onlar var və onların sənətkarlığı təkcə Qarabağ muğamının deyil, ümumən Ağdamlıların mənəvi genekodunun aşınmasına və assimilyasiyasına ideal bir sipərdir. Şuşanın, Füzulinin, Ağcabədinin də müqtədir muğam sənətkarları Ağdamlılarla birgə Qarabağ muğam ənənələrini layiqincə yaşadır, davam edirlər.

Muğam Qarabağla bağlı yaddaşımıza, keçmişimizə, müasirliyimizə, qələbələrimizə, şəhidliyimzə, mənəviyyatımıza əbədiyyət, basılmazlıq, ucalıq verən möcüzədir. Zəngin keçmişi, ənənələri, dəyərli sənətçiləri olan belə lokal muğam ənənəsi də öz vətənində qaçqınlıq, qürbət yaşayarmı? Yox, yaşamaz. O, bütün Azərbaycanındır.


***

Və nəhayət, əzizimiz, sevimlimiz olan ustad Ramiz Quliyev.

Ömrünün 70-ci baharını yenicə yola salan korifey sənətçimiz. Azərbaycan tarını bu yaşında da ən sıcaq yaxındaşı, dərddaşı, əzizi kimi yenilməz bir qürurla sinəsinə sıxıb, böyük məhəbbətlə və heyrətamiz peşəkarlıqla səsləndirən möhtəşəm ustadımız. Ağ saçlı, müdrik, filosof tarzənimiz.  Neçə illərdir ki, “bircə dəfə Ağdamda, Şuşada bu tarı dilləndirmək mənə nəsib olaydı” – deyir, bu qüdrətli tar ifaçımız. Hər dəfə də kövrəlir, gözləri yaşarır. Daxilindəki vətən sevgisinin qürurunu, arzusunun çin olacağına sönməz inamını, ata-baba yurdunun nisgilini tarın pərdələri ilə, barmaqlarının sehirli hərəkətləri ilə, qəlbindəki minillik muğam hikmətləri ilə gücü çatdığı qədər ustadanə ifadə etməyə çalışır hər dəfə “Segah” ifa edəndə... 


***


Ağdamda və ümumən Qarabağda itirdiklərimiz arasında bərpa olunmayacaq bir dəyər varsa, o da Qarabağın musiqi folklorudur – ninniləri, laylaları, avazlı bayatıları, ağıları, yumorlu havaları, halayları, oxşamalarıdır. Bu folkloru oxuya bilən, deyə bilən nənələr, babalar daha qalmayıblar bu fani dünyada, barmaqla sayılacaq qədər azdılar. Erməni işğalçıları tərəfindən dağıdılmış maddi mədəniyyət nümunələrimizi gələcəkdə bərpa edə bilsək də, hər kəndinin öz oxuma ənənəsi, öz intonasiyası çaları, öz şirin deyim tərzi olan Qarabağımızın musiqi folklorunu – bu qədim mənəvi mədəniyyətimizi qaytara bilməyəcəyik, deyəsən. Muğam isə folklor deyil, professional sənətdir. Onun yaşamaq qanunları fərqlidir. Nə yaxşı ki, bu qədim diyar, bu bəhrəli torpaq – Qarabağımız belə gözəl muğam sənətkarları yetişdirib və onların sayəsində Qarabağ muğam mühiti öz tarixi həyatını yaşamaqda davam edir.    

P.S. İşğal altında olan Qarabağ rayonlarında musiqi məktəbləri işləyir. Onlardan biri belə adlanır: Xan Şuşinski adına Ağdam Muğam Məktəbi. Ehey... Bu məktəbləri yaxşı-yaxşı yadda saxlayın. Onlar gələcəyin muğam korifeylərini yetişdirir. Bir zaman gələcək, bu məktəblərin müəllimlərini, istedadlı və gənc tələbələrinin muğam ifasını dinləmək üçün mütləq Ağdamın, Şuşanın, Füzulinin özünə gedəcəyik.     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?