Modern.az

Qida Təhlükəsizliyi Agentliyi sahibkarların qeydiyyatı ilə bağlı məlumat yaydı

Qida Təhlükəsizliyi Agentliyi sahibkarların qeydiyyatı ilə bağlı məlumat yaydı

Aktual

26 İyul 2018, 17:13

Nazirlər Kabinetinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi ilə bağlı bəzi saytlarda qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olunacağı haqqında məlumatlar yer alıb.

Qida Təhlükəsizliyi Agentliyindən (QTA) Modern.az-a bildirilib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat və dövlət reyestrinin aparılması əvvəlcədən elan olunduğu kimi, mərhələli şəkildə həyata keçirilməkdədir.
Bu dövr ərzində sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmayıb.


Hazırda qeydiyyat və dövlət reyestrinin aparılması işləri ilə paralel olaraq sahibkarların bu istiqamətdə maarifləndirilməsi və onlara peşəkar səviyyədə metodiki yardımların göstərilməsi işləri həyata keçirilir.


“Əlavə olaraq bildiririk ki, üç mərhələdə həyata keçiriləcək qeydiyyat və dövlət reyestrinin aparılması zamanı, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalat və təsərrüfat müəssisələrinin qeydiyyatı, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri, satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək”.


Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, qeydiyyat və dövlət reyestrinin aparılması prosesinində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstəriləcək və bütün mərhələlərində sahibkarların yeni qaydalarla bağlı maarifləndirilməsi və fəaliyyətlərini təkmilləşdirmələri üçün onlara metodiki tövsiyələr veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!