Modern.az

Azərbaycanda “donuz qripi” təhlükəsi yenidən artacaq

Azərbaycanda “donuz qripi” təhlükəsi yenidən artacaq

4 Dekabr 2009, 14:26

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a bildirib ki, qış aylarında Azərbaycan ərazisində A(H1N1) virusunun (“donuz qripi”) artma təhlükəsi gözlənilir. “Donuz qripinə yoluxmuş xəstələr sağalıb evlərinə göndərilib. Virusa yoluxmuş yeni xəstə isə yoxdur. Təhlükənin sovuşduğunu deyə bilmərik, çünki dünyanın hər yerində bu xəstəlik artır. Ona görə bizim tibb işçiləri daima gücləndirilmiş iş rejimində işləyir. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, bu virusun 2-3-cü mərhələdə alovlanması dövrü ola bilər. Çünki qarşıdan qış ayları gəlir. Soyuq fəsildə də virusun artması gözlənilir. Bu xəstəliyin azalmasından söhbət gedə bilməz. Xəstəliyin artma dövrü hələ qarşıdadır”.

Şair Qurbanov tezliklə Azərbaycana “donuz qripi”nə qarşı vaksinlərin gətiriləcəyini də vurğulayıb: “Tarix dəqiq məlum deyil, ancaq Azərbaycana vaksinlərin gətirilməsi nəzərdə tutulub”.

Direktor müavini “quş qripi” barədə də danışıb və deyib ki, bu təhlükə də hələ sovuşmayıb: “A(H1N1) virusu (“donuz qripi”) hava-damcı yolu ilə insandan-insana keçə bilir və sürətlə yayılır. “Quş qripi” isə quşlardan və xəstəliyə yoluxmuş müxtəlif heyvanlardan insana keçir. “Quş qripi”nin insandan-insana keçməsi və geniş yayılması mümkün deyil.  “Quş qripi” indi də müxtəlif ölkələrdə qeydə alınır. Bu yaxınılarda dünyanın müxtəlif ölkələrində çoxlu sayda “quş qripi”nə yoluxmuş xəstə qeydə alınıb.Azərbaycanda isə 2006-cı ildən bəri “quş qripi”nə yoluxma faktı qeydə alınmır”.

Xatırladaq ki, indiyədək Azərbaycanda 14 nəfər "donuz qripi"nə yoluxub, onların hamısının müalicəsi müsbət nəticələnib. Günay MUSAYEVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir