Modern.az

Azərbaycanlıların Türkiyədə açdığı telekanalın yayım vaxtı dəqiqləşdi - Komanda yığıldı  

Azərbaycanlıların Türkiyədə açdığı telekanalın yayım vaxtı dəqiqləşdi - Komanda yığıldı   

31 İyul 2018, 09:47

Türkiyədə "Haber Global" adlı xəbər telekanalı  yayım lisenziyası alıb. Kanal sentyabrın 1-dən fəaliyyətə başlayacaq. Azərbaycanlı jurnalist Məmməd Gülməmmədov TV-də CEO və baş direktor vəzifəsini icra edəcək.


Məmməd Gülməmmədov Modern.az saytına açıqlamasında deyib  ki, kanalın Azərbaycan və digər türkdilli ölkələrdə yayımı da nəzərdə tutulub:


“Kanala azərbaycanlı jurnalistlər yox, amma Türkiyədə jurnalistika sahəsində təhsil alan tələbələr dəvət ediləcək. Onların kadr kimi yetişdirilməsində kanalımızın  hər cür imkanından istifadə olunacaq. Bir azərbaycanlı, qələm əhli olaraq jurnalistlərimizin peşəkar səviyyəyə çatmasında rol oynamaq istəyirik.   Artıq 3-4 il sonra burda yetişmiş azərbaycanlı gənclər televiziyaçı olacaq. Telekanalın idarə heyətinin sədri Elnur Abdullayevin də azərbaycanlı gənc televiziyaçıların yetişdirilməsi ilə bağlı tapşırığı var”.


M.Gülməmmədov  bildirib ki, "Haber Global" kanalı  350-400 nəfərlik kollektivlə fəaliyyətə başlayacaq:

“Bilirsiniz, Türkiyədə xəbər bazarı oturuşmuş  sahədir və xəbərçilik anlayışı, kifayət qədər peşəkar  xəbər televiziyaları mövcuddur. İlk məqsədimiz onlarla rəqabət apara bilməkdir. Fərqlənəcəyimiz xırda məqam var.  Belə ki, “Haber Global”da dil seçənəkləri olacaq. Xəbərləri rus, ingilis, yaxın dövrlərdə isə ərəb dilində təqdim edəcəyik. “Haber Global” sırf Türkiyə üçün hesablanmış kanaldır. NTV, CNN Türk, “A Haber”, “Habertürk” kimi kanallarla rəqabət apara biləcək bir xəbər kanalı qurmuşuq.  Komandamız peşəkarlardan ibarətdir, ətrafımıza Türkiyənin çox tanınmış simalarını toplamışıq.  Kanalımız hələ fəaliyyətə başlamasa da, media aləmində kifayət qədər səs-küyə səbəb olub. Kanal 350-400 nəfərlik kollektivlə fəaliyyətə başlayacaq.  Bu, həm İstanbul mərkəzini, həm Ankara büromuzu, həm də digər regionları əhatə edir. Bu rəqəm  Türkiyədəki digər  xəbər kanalları ilə müqayisədə  demək olar ki, çoxdur.  Biz digər regionları da əhatə etməyi düşündük.  Sırf agentliklərdən aldığımız məlumatları yayımlamaq yox, həm də kanalımızın inkişafında rol oynaması üçün regionlardakı müxbirlərimizin fəaliyyətinə də üstünlük verdik”.  


"Haber Global"ın baş direktoru qeyd edib ki, yaxın gələcəkdə telekanalın Bakı ofisi də açıla bilər:


“Telekanalın Bakı ofisinin açılması hələ ki planda yoxdur. Ancaq mütləq Azərbaycan müxbirimiz olacaq. Bunun üçün  artıq bir neçə şəxslə görüşlərimiz olub. Hazırda Azərbaycandakı bir neçə telekanalla əməkdaşlıq üzrə danışıqlar aparırıq. Ölkəmizlə bağlı olan xəbərləri bu şəkildə - öz televiziyalarımızdan alaraq  təqdim edəcəyik. Növbəti mərhələlərdə təbii ki, Bakı ofisi ilə əlaqəli fikirlərimiz var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər