Modern.az

Polis zabitinin kino ajiotajı…

Polis zabitinin kino ajiotajı…

Ədəbi̇yyat

3 Avqust 2018, 14:15

Kinomuzun 120 illiyi ərəfəsində kino ictimaiyyətinə yetərincə tanış olmayan polis mayoru Cəlaləddin Qasımovun iki filminin dalbadal dünya kinofestivallarına çıxışı  və qazandığı mükafatlar çox maraqlı bir fakt kimi göründü. Faktı maraqlı edən uzun illər polis rəisi olmuş bir tarixçinin kinomuzdakı boşluğu doldurmaq üçün fəaliyyət dairəsini 360 dərəcə dəyişdirməsiydi.

Təbii ki, hər şey birdən-birə baş vermir. Uzun illər  hüquq-mühafizə sahəsində işləyə-işləyə həm də bədii yaradıcılıqla məşğul olan, xüsusilə də, kinossenarilər yazan,  öz fəaliyyət sahəsində mayor rütbəsinə qədər yüksələn Cəlaləddin Qasımovun ilk filminin bu il  bir neçə kinofestivala təqdimatı və yüksək mükafatlara layiq görülməsi onun ömrünün müəyyən bir dövrünü əhatə edir. Öz filminin həm prodüseri, həm ssenari müəllifi, həm qruluşçu rejissoru, ifaçısı belə olaraq o həm də filmlərinin kinofestivallara çıxışını da özü təkbaşına təşkil edir. Polis mayoru  Cəlaləddin Qasımovun bu potensialı həm də kinomuzun potensialına şamil edilə bilər.

Belə ki, bir ay bundan öncə onun “Nizami” kino mərkəzində təqdimatı keçirilən “Şollerin arxivi” filmini kinomuzda bir mərhələ adlandırsaq,  yanılmarıq. Bu mərhələ isə polis mayorunun  kinomuzda öz sözü, öz dəsti xəttiylə tanınmaq cəhdindən başlayır. Bu cəhd o qədər ürəkdən gəlib ki adını çəkdiyim filmdə C. Qasımovun həm quruluşçu rejissoru, həm ssenari müəllifi, həm prodüsseri, həm də ifaçısı olduğu  ekran əsəri onun doğma ata-anasını, boya-başa catdığı obası Tovuz ilə yanaşı, hətta nənə babasının qəbrlərini belə görə bilirik...

İlk titrlərdən bəlli olur ki, film real faktlar əsasında çəkilib. Bu reallıq isə C.Qasımovun şəcərəsinin real tarixi olduğu üçün filminin quruluşçu rejissoru kimi əlavə aktyor qüvvəsinə ehtiyac duymadan bir növ özünün ailəvi aktyor ansamblını tamaşaçılarına təqdim etmişdir.
Reallıqdan söhbət açarkən demək lazımdır ki, bu gün dünya kinosunda  real faktlar əsasında film çəkmək ona  tamaşaçı marağını stimullaşdıran bir vasitə kimi geniş vüsət alsa da seyirçini hadisənin reallığına inandırmaq üçün real görüntülər deyil, çox  yüksək sənətkarlığa ehtiyac duyulur.

Reallığı kino sənəti diliylə təqdim etməyə tam nail olmasa da dünayada hər şey kimi fetivalların da  bir siyasət meydanı olduğunu nəzərə alsaq,  “Şollerin arxivi” öz mövzu və ideyasıyla xalqımızı xarici kinofestivallarda layiqincə təmsil edə bilən bir filmdir. Belə ki, Azərbaycan–Alman dostluğunun 200 illiyinə həsr olunan bu filmi xalqımızın insanpərvər, dostluğu qardaşlıq səviyyəsində uca tutan olduğunu faktlara söykənərək təqdim edən bir sənəd kimi də qəbul etmək münasibdir.


Sovetlərin almanlara faşist stereotipiylə yanaşmağı tələb edən siyasətini alt-üst edən belə bir mövzuya, təbii ki, postsovet dövründə müraciət etmək olmazdı. Lakin bu gün belə bir mövzuya müraciət etməklə müəllif  dünyanın tərəqqipərvər qüvvələrinə həm də bir istinad mənbəyi təqdim edə bilib; xalqları bir- birinə düşmən edən amil siyasətçilərin fitnəsinə bağlıdır.
Rus siyasətçilərinin İkinci Dünya Müharibəsi ərəfəsində Azərbaycanda məskunlaşmış almanları Qazaxıstan və Sibirə sürgün etməsi nə qədər insan taleyinin faciəsinə səbəb oldu. Həmin illərdə bu sürgün qorxusu tək almanların deyil, həm də duz-çörək kəsdiyi bu millətin dar  günündə ona qahmar çıxan azərbaycanlıların da başı üstünü almışdı. ”Şollerin arxivi” həmən tarixi dönəmdə bu dostluğun arxivini vərəqlədiyi kimi onun mahiyyətini də açıqlaya bilir. Suyumuzu, çörəyimizi  yeyib, dostluğumuza xəyanət etməklə, torpaqlarımıza sahib çıxmaq istəyən  Ermənistana zərbədir “Şollerin arxivi”nin mahiyyəti. Bu isə filmi  xarici siyaysətimizin kinoyla əlaqəsinin bir nümunəsi saymaq üçün faktdır.


“Şollerin arxivi” nin bu məziyyətləri  onun təqdirəlayiq cəhətləri olsa da, bir ekran əsəri kimi də dəyərləndirilməsinə ehtiyac duyulur. Çünki bayaq qeyd etdiyim kimi ekran əsəri bədii yaradıcılıq məhsulu olaraq real hadisələri bədii təxəyyüldən keçirməkdən əlavə onu kino diliylə danışdırmalıdır.
“Şollerin arxivi”ndə  isə kadrlar hadisə nəql edən kitab dilinə bənzəyir.

Budur, bugünkü Bakı aeroportundayıq. Şollerin (aktyor Ramiz Vəliyev) nəvəsi Mark (aktyor Əjdər Zeynalov) Covanniylə (aktyor Şirzad Pirallahi)  Almaniyadan gəlib ki, babasının arxivini soraqlasın. Gəlib Qasımovun nəvəsini (Cəlaləddin Qasımovun doğma atası) tapır. Bu hadisələri öz gözləri ilə görmüş Qasımov Qəzənfər arxivi ona verir. Daha sonra isə hadisələr şaxələnir. Çox məntiqli ardıcıllıqla qaranlıq mətləblər açılır. Sən demə azərbaycanlı bildiyimiz Raya alman Şollerin nəvəsi, italiyan bildiyimiz Covanni isə tovuzlu Aslandır. Həmən bu milləti millətlərdə əriyən insanların timsalında siyası ambisiyaların qurbanı olan sadə insan taleləriylə üzləşirik.

Müəllifi ittiham edir və buna maraqlı ssenarisinin diliylə nail olur; kinonun diliylə isə imkanı daraldır. Aktyorların oyunundakı temporitmin səviyyəsi müəllifin nəzərdə tutduğu ittihamçın tamaşada hiss-həyəcan oyatmır. Məsələn, ömrü boyu özünü azəbaycanlı bilən Raya biləndə ki, özü Şollerin nəvəsi, Almaniyadan gələn, yad dildə danışan  Mark isə onun doğmaca qardaşıdır  ifacının sifətinin iri planda kadra salınması filmin realliq effektiylə yanaşı, onun bədii təsir gücünü də azaldır. Məncə, bu professional bir aktrisanın ifasıyla canlansaydı tamaşaçı qəlbini parçalayan bir kadr kimi  filmin  bədiyyatını gücləndirərdi. Çünki məhz bu kadr məhv olmuş insan taleləri haqda söhbət açan “Şollerin arxivi”nin  eyni zamanda həm kluminasiya  və həm də razvyazka anıydı. Fimdə isə bu anda ifaçının gözündən axan yaş heç nə demir və göz yaşı onun əlindən sürüşüb yerə düşən kitab qədər mənasız görünür. Bu məqamda qeyd edim ki, film digər mühakimələrə də yol açır. Doğrudur, filmdə  Qasımovlar ailəsinin real üzvü olaraq ananın (Raya obrazı real həyatda vaxtilə Şollerin dostu olan Qasımovlar şəcərəsinin bir üzvü, daha doğrusu, film müəllifinin öz doğma anasıdır) ifası reallığın təcəssümü kimi verilsə də, professional aktyorlara müraciət də vacib hesab edilmişdir. Filmin təsir gücünü  bu məqamda artırmaq üçün  daha  çox aktyorların fakturasına diqqət edilib. Məsələn, aktyor Əjdər Zeynalov soyuqqanlı alman tipi, filmin melodramatik xəttində sevgisinə sədaqətli  qadın  obrazının ifaçısına (aktrisa Zülfiyyə Məmmədova) tərəf müqabil olan Aslan avropalaşmış azərbaycanlı tipi və s. və i. a. və bir də elə təbiətin özü professional şəkildə (operator Fahir Səmədoğlu) göstərilə bilib.

Su yaddaşıyla bağlı epizodda Aslanın hiss-həyəcanı musiqinin (bəstəkar Cifeya) müşayiətilə daha qabarıq  təcəssüm tapır. Filmdə yurdumuzun gözəl, əsrarəngiz təbiət  mənzərələri bəzi məqamlada  personajların qəlbinin ifadəsinə çevrilə bilir. Filmin bir epizodunda uca dağ başında, uzaqdan silueti əks olunan atlı mərdlik atributu kimi  obrazların daxili aləminə işarədir.

Dağ döşündə qızın (Gülbəniz Kərimova) rəqsi isə uğurlu rejissor tapıntısıdır. (Artıq kinomuzda öz geniş fəaliyyət dairəsiylə seçilən Adil Qulamov bu filmdə  ilk işi olaraq özünü rejissor kimi təsdiqləyə bilmişdir) Bu rəqs anında iki sevən qəlbin döyüntüsünü də duymaq olur, milli əxlaqımızın ülviliyini də. Yəni iki sevən gəncin  vüsal epizodunu  mentalitet çərçivəmizdən kənara çıxmadan canlandırmaq mümkün olub bu epizodda.
“Şollerin arxivi” deyə adlanan bu film təqdirəlayiq üstünlükləri ilə film müəllifini onun 2- ci hissəsini də çəkməyə ruhlandırmışdır.
Vizual hekayə olaraq əvvəldən axıra kimi maraqla izlənilən bu filmin ardını görmək həvəsi təbiidir. Melodramatik xətdən belə xali olmayan, tarixi fakta söykənərək çox dərin məzmun kəsb edən filmin 135 ölkənin kino festivallarına göndərilməsi məncə onu dəyərləndirən bir faktdır. Ən əsası isə çoxşaxəli yaradıcılığa sahib olan bir polis işcisinin öz  filmiylə bağlı  yaratdığı bu ajiotaj  kinomuzun 120 yaşına işarədir, məncə. Axı yaşın üstünə yaş gəldikcə məzmunda sanballılıq da artır. “Şollerin arxivi” isə bugünkü kinomuzun mövzu dairəsini sözün əsl mənasında sanballı edə bilib.

               
Sədaqət Kamal
e-mail: [email protected]

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir