Modern.az

Elmira Axundova MÜRACİƏT yaydı: “Məndən “intiqam” almağa çalışırlar”  

Elmira Axundova MÜRACİƏT yaydı: “Məndən “intiqam” almağa çalışırlar”   

3 Avqust 2018, 16:14

Milli Məclisin üzvü, Xalq yazıçısı Elmira Axundova Azərbaycan mətbuatına müraciət edib. Modern.az saytına təqdim edilən müraciətdə Elmira Axundova bildirib:


“Son zamanlar mənə və ailəmə qarşı 5 il ərzində aparılan kampaniyanın yeni çirkin dalğası başlayıb. Həqiqətə uyğun olmayan saxta siyahılar, qanunsuz yolla əldə edilib, montaj olunmuş səs yazıları, ailənin şəxsi həyatı ilə bağlı oğurlanmış videogörüntülər mətbuatda sensasiya kimi təqdim olunur. Halbuki, bu kompromatda heç bir yeni informasiya yoxdur. Bütün materiallar zamanında həm hüquq-mühafizə, həm də məhkəmə orqanlarına təqdim olunub və onların üzərində araşdırmalar aparılıb.

Görünür, illər öncə olub-bitmiş bir məsələni yenidən gündəmə gətirmək hansısa maraqlı və məkirli qüvvələrə sərf edir. Əsas hədəf əlbəttə ki, mənim şəxsiyyətim, cəmiyyətdəki mövqeyim və işgüzar nüfuzumdur. Bu ilin 11 aprel tarixində ölkəmizdə baş tutan Prezident seçkilərinin təbliğat- təşviqatı dönəmində radikal müxalifəti, "Meydan TV" kimi internet kanalının, eyni zamanda bu sayaq xəbər portallarının arxasında gizlənən dağıdıcı qüvvələri kəskin tənqid etmişəm. Xarici mərkəzlərin ruporuna çevrilən bu cür qüvvələrə qarşı 20 ildən çoxdur ki, mübarizə aparıram. Yerli və xarici mətbuatda bu mövzuda onlarla məqaləm və çıxışım dərc olunub. Görünür, məhz buna görə məndən "intiqam" almağa çalışırlar. Mənə Xalq yazıçısı yüksək adı veriləndən sonra sosial şəbəkələrdə və eləcə də müxalifət mətbuatında mənə qarşı heç bir mənəvi və əxlaqi ölçülərə sığmayan "qara-piar" kampaniyasına başladılar. Maraq doğuran məqam odur ki, radikal müxalifətlə təmasda olan, onlarla əməkdaşlıq edən Fərman Məmmədov və onun əlaltıları bu kampaniyanı o vaxt yenidən başladılar ki, artıq onları maraqlandıran iş üzrə məhkəmə prosesi yekunlaşmaq üzrə idi.

Əgər sübut-dəlilləri varsa, onları hüquq-mühafizə orqanlarına təqdim etsinlər. Bu işlərə mətbuatı qatmaq, gizlin yolla əldə olunub, montaj edilmiş səs yazılarını, şəxsi həyata dair videoyazıları, təhrif edilmiş və ya reallığı əks etdirməyən mülkiyyət siyahılarını mediaya ötürmələrini məhkəmə orqanlarına kobud təzyiq kimi qiymətləndirirəm.

20 il mətbuatda jurnalist kimi çalışmışam. İndi də mətbuata, media nümayəndələrinə hörmətim böyükdür və daim jurnalistlərlə əlaqədəyəm. Hər zaman lazımi sorğu və suallarını cavablandırıram.Amma məni ağrıdan odur ki, bəzi mətbu orqanlar, işin mahiyyətini anlamadan, məsələnin məğzini dəqiqləşdirmədən, ucuz sensasiya xatirinə Fərman Məmmədovun dezinformasiyalarını tirajlayırlar və bu kampaniyanın iştirakçılarına çevrilirlər.

Biz hüquqi və demokratik cəmiyyətdə yaşayırıqsa, yuxarıda sadalanan faktlara ancaq hüquqi müstəvidə qiymət verilməlidir. Ona görə, hamıdan məhkəmənin qərarını gözləməyi xahiş edirəm.

Ədəbi və siyasi fəaliyyətimə gəlincə, elan edirəm ki, məni dövlətçilik yolundan, dahi Heydər Əliyevin yolundan heç kim və heç nə döndərə bilməz. Vaxtilə Yazıçıların qurultayında Ümummilli liderimiz demişdir:“Elmira Axundova çox dəyərli bir insandır”. Mən də hər zaman çalışmışam ki, bu yüksək qiyməti, etimadı doğruldum. Hesab edirəm ki, mənə olan inamı, etibarı indiyə qədər doğrultmuşam, bundan sonra da doğruldacağam. Buna heç kimin şübhəsi olmasın !.

Hörmətlə, Elmira Axundova”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir