Modern.az

Rusiya “84 faizlə” Amerika iqtisadiyyatına belə təsir edir - DETALLAR

Rusiya “84 faizlə” Amerika iqtisadiyyatına belə təsir edir - DETALLAR

4 Avqust 2018, 14:01

Bu ilin mart ayından mayına kimi Rusiya ABŞ-ın borc öhdəlikləri kağızlarının böyük bir hissəsindən imtina edib.

 

Modern.az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bu müddət ərzində Rusiya hökuməti əlində olan bu növ kağızların 84 faizini yəni 81 milyard dollarlıq istiqrazı satıb. Beləliklə Rusiya 2014-cü ildən bəri ilk dəfə olaraq əlində olan ABŞ Xəzinədarlıq istiqrazlarının həcmini 3 faizə qədər endirib.

 

Bəzi ekspertlər bunun sanksiyalara qarşı cavab tədbiri kimi qiymətləndirir. Bunun az da olsa effekt göstərdiyini söyləmək olar. Belə ki xronologiyaya nəzər salsaq görərik ki, bu il üçün ABŞ- Rusiya münasibətlərinin gərginləşməsi aprel ayından daha da vüsət alır. Elə məhz bu ilin aprelində ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə ən yaxın şirkətlərdən “Rusal”a qarşı ağır sanksiyalar tətbiq edib. Bunun istiqrazların satılmasına cavab tədbiri kimi edildiyini söyləmək olar.

 

Burada həmçinin qiymətli kağızların anidən kütləvi surətdə satılmasının da bazarda onların qiymətinə təsir göstərdiyini görürük. Lakin bəzi ekspertlər bu cür tədbirin elə də effektiv olmadığını iddia edirlər.

 

Belə ki, bu addım ABŞ-ı yeni borclar almasına mane ola bilmir. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ-ın əsas maliyyəçisi Çindir. Rusiyanın bu istiqrazları ən çox əldə etdiyi dövr 2017-ci ilə təsadüf edir ki, həmin il 105,7 milyard dollarla bu ölkə dünya arenasında ancaq 15–ci yeri tutub. Çin isə bu arenada 1,2 trilyon dollarlıq göstərici ilə ABŞ-ı ən çox maliyyələşdirən ölkə kimi birinci yeri tutur.

 

“Xüsusi təşvişə ehtiyac görmürəm” - Janney Capital şirkətinin sabit gəlirlər üzrə əsas strateqi Qay Lebas  mövzu barədə danışarkən bildirib.

 

“Stratfor” özəl analitik şirkətinin Avrasiya üzrə baş analitiki Yucin Çausovski də onunla razıdır.

“Əgər Çin belə bir satışa başlasaydı, o zaman mənzərə tamamilə fərqli olardı” – Çausovski bildirib.

 

“Eurasia Group” konsaltinq firmasında çalışan analitik Ceyson Buş  bunu Rusiyanın “Rusal” şirkətinə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavabı kimi qiymətləndirir. Onun sözlərinə görə bu belə olsa belə effekt nəzərə çarpacaq dərəcədə olmayıb. Belə ki, ABŞ bazarlarında bu istiqrazların qiyməti qalxıb.

 

Lakin bunu da qeyd etmək lazımdır ki, bu yaxınlarda Tramp administrasiyası “Rusal” şirkətinə tətbiq edilən sanksiyaların qaldırılmasını düşündüklərini qeyd edib.

 

Xatırladaq ki, “Rusal” dünya alüminium istehsalının 7 faizinə nəzarət edir. ABŞ rəhbərliyinin bu şirkətə qarşı sanksiyası isə ABŞ vətəndaşlarına bu şirkətlə iş görməyə qadağanı nəzərdə tutub.

 

Moskva Vaşinqtonun gələcəkdə bu qiymətli kağızların alınması üçün xərclənən vəsaitlərə həbs qoymaq təhlükəsini nəzərə alır. Belə tədbirlərin də məhz buna görə görüldüyü qeyd edilirr.

Bəzi analitiklər Rusiya Mərkəzi Bankının iqtisadi səbəblər və Kremlin təzyiqləri ilə bu addımı atdığını bildirilər.

Moskvanın isə buna cavabı çox sadə olub. Mərkəzi Bankın da dəfələrlə qeyd etdiyi kimi Rusiya sadəcə qiymətli kağızlar portfelini diversifikasiya etməyə qərar verib.

 

“Son 10 ildə biz qızılın payını 10 dəfə artırmışıq. Buna görə bütün valyuta strukturunu diversifikasiya edirik” – Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bəyan edib.

Bəs ABŞ-a borc öhdəlikləri kağızları ilə təsir göstərmək qarşı tərəf üçün hansı təsirlər edir?

 

ABŞ-ın vacib maliyyəçilərinin ona güclü zərər vura bilməsi məsələsi çoxdan gündəmdədir.

“ABŞ-a iqtisadi hücum üçün xarici valyutada holdinqlərdən silah kimi istifadə ideyası daha çox qarşı tərəfin özünə ciddi ziyana səbəb ola bilər” – Lebas bildirib.

 

Belə ki, Çinin bu həcmdə qiymətli kağızlardan birdən imtina etməsi çox çətin olacaq. Belə olan halda onun öz investisiya portfeli qiymət itirə bilər.

 

Lakin yenə də ABŞ-a qarşı bu sahədəki təhlükələr sovuşmur. Daha böyük təhlükəli üsul var ki, bu ABŞ-a daha ciddi fəsadlar törədə bilər. Beləliklə Çin və ya digər hər hansı bir dövlət ABŞ-ın borc öhdəliklərindən asta-asta imtina etməyə başlaya bilər. Həmin dövlətin ödəmə müddətini gözləyərək xəzinə istiqrazlarının satın alınmasını tədricən azaltması ABŞ-ı ciddi problemlərlə qarşı-qarşıya qoyacaq.

 

“Bu üsul ABŞ-a uzunmüddətli təsir göstərəcək. Lakin bu çox səbirli bir siyasət olmalıdır və çətin ki, özünü vaxtından əvvəl göstərə bilsin” – “Cumberland Advisors” şirkətin İdarə Heyətinin sədri Devid Kotok bildirib.

 

Qeyd edək ki, hər hansı bir ölkənin xəzinədarlıq istiqrazlarının digər dövlətlərə satılması həmin dövlətə borc vermək deməkdir.  Yəni borc verərək öhdəlik kağızlarına yiyələnirlər. Bu həmin kağızları satışa çıxaran ölkəyə əlavə investisiya əldə etməyə imkan verir.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir